|
|
|
|
Noyabrın 9-da İstanbul şəhərində "Beynəlxalq Türk Müəllifləri" Birliyinin (BEYTÜM) və Pendik özəl bölgə xəstəxanasının təşkilatçılığı ilə Azərbaycanın Zəfər Gününə həsr olunmuş "Şuşa gecəsi" adlı tədbir keçirilib. Tədbirdə Türkiyənin yerli qələm adamları ilə yanaşı, Azərbaycandan gələn yazıçı və şairlər də iştirak ediblər.
Nurdan Sezerin aparıcılığı ilə keçirilən tədbir Atatürk Mədəniyyət Mərkəzində baş tutub.
İlk çıxış edən professor Turqut Göksoy Azərbaycanla Türkiyə arasındakı qardaşlıqdan, sıx dostluq münasibətlərindən bəhs edib. Zəfər Günü münasibəti ilə hər kəsi təbrik edən T.Göksoy Türkiyə əhalisinin azəbaycanlılara qarşı dərin sevgi və hörmətindən söhbət açıb. Professor Xalq yazıçısı Anar başda olmaqla Azərbaycandan gələn qələm adamlarının tədbirdə iştirakını yüksək qiymətləndirib və məmnunluğunu ifadə edib.
Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçı Anar çıxışında 44 günlük haqq savaşımızın parlaq nəticəsindən - Zəfər Günümüzün əhəmiyyətindən bəhs edib. Azərbaycanın Ali Baş Komandanı, cənab Prezident İlham Əliyevin əzmkarlığı və rəşadətli Azərbaycan Ordusunun yenilməz gücü sayəsində qazanılmış qələbədə Türkiyənin danılmaz rolunu vurğulayan Xalq yazıçısı göstərilən isti münasibətə görə hər kəsə minnətdarlığını bildirib.
Xalq yazıçısı Anar İstanbulda dərs dediyi illəri yada salıb, Türkiyə ilə bağlı maraqlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.
"Pendik" qəzetinin redaktoru, şair Metin Yazıcı çıxış edərək Cahit Sıtkı Tarancının "Memleket isterim" şeirini səsləndirib.
AYB-nin mətbuat katibi, "BEYTÜM"ün rəhbəri, şair-yazıçı Xəyal Rza çıxışında tədbirin təşkilatçılığında zəhməti olan Pendik özəl bölgə xəstəxanasına dərin minnətdarlığını bildirib. O qeyd edib ki, belə bir tədbirin təşkili Azərbaycanın Zəfər bayramına böyük ehtiramın göstəricisidir. "Qapı" şeirini səsləndirən X.Rza azərbaycanlı qələm adamlarını izləyicilərə təqdim edib.
Tədbirdə "Qanun" nəşriyyatının redaktoru, şair-yazıçı Əyyub Qiyas, şair Həyat Şami, "Kulis.az" saytının baş redaktoru, şair Ulucay Akif, "525-ci qəzet"in əməkdaşı, şair-yazıçı Nadir Yalçın, şair-publisist Rəvan Cavid də iştirak ediblər. Tədbirdən bir gün öncə Türk Yazarlar Qurultayında iştirak edən qələm adamları "Şuşa gecəsi"ndə vətən, torpaq, Şuşa motivli poetik nümunələrini səsləndiriblər. Şeirlər tədbir izləyiciləri tərəfindən alqışlarla qarşılanıb.
"Şuşa gecəsi" Pendik özəl bölgə xəstəxanasının "Türk qəlb musiqisi" xor ansamblının konserti ilə davam edib. Azərbaycan mahnılarından ibarət konsert proqramı maraqla qarşılanıb. Xor ifalardan başqa, solo çıxışların yer aldığı musiqi proqramı peşəkar tərtibatla yadda qalıb. Qeyd edək ki, ansamblın dirijoru Pınar Dilek Yılmaz olub.
Gecənin musiqili qonağı türk xalq musiqisinin gözəl nümayəndəsi, bəstəkar və müğənni Mehmet Özkayanın ifaları tədbirə rəng qatıb. Sənətçinin mərhum ictimai xadim, şair Qənirə Paşayevanın sözlərinə bəstəlidiyi "Türk marşı" xüsusən tamaşaçıların zövqünü oxşayıb.
ÜMİD