|
|
|
|
Noyabrın 11-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı və “Caspian Event Organisers” şirkətinin təşkilati dəstəyi ilə Bakı Ekspo Mərkəzində 9-cu Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimi keçirilib.
Tədbirdə çıxış edən mədəniyyət naziri Adil Kərimli Ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətinin istənilən dövrlərində mütaliəyə böyük önəm verdiyini bildirib. “Kitab oxumaq mədəniyyətimizin əsas təməlidir. Bu gün Azərbaycan dövləti kitab sənayesinin inkişafına və oxu mədəniyyətinin fəaliyyətinə geniş şəkildə önəm verir. Nəşriyyat və poliqrafiya işinin inkişafında çox yaxından iştirak edir. Azərbaycan dövləti tərəfindən kitab sənayesinin inkişafına xüsusi diqqət yetirilir”, - deyə nazir diqqətə çatdırıb.
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva təsisatın fəaliyyətə başladığı dövrdən hüquq elminin inkişaf etdirilməsi, əhalinin hüquqi maarifləndirilməsi, onların bu sahədə yeni biliklər əldə etməsi məqsədilə insan hüquqları üzrə ilk ixtisaslaşdırılmış kitabxana olan İnsan Hüquqları Kitabxanasının yaradıldığını qeyd edib.
Ombudsman vurğulayıb ki, kitabxana fondunun əsasını yerli və xarici mənbələrdən alınmış 11 mindən artıq ədəbiyyat təşkil edir. Builki sərgidə Ombudsman təsisatının Azərbaycan, rus və ingilis dillərində 240 adda nəşri sərgilənir.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli Beynəlxalq Kitab Sərgisinin çağdaş inkişaf mərhələsinin göstəricisi olduğunu qeyd edib.
Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov bildirib ki, 9-cu Bakı Beynəlxalq Kitab Sərgisi Cənubi Qafqazda ən böyük ədəbi tədbirdir.
Tədbirdə Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid, Azərbaycan Respublikası Milli Məclisinin deputatları Nizami Cəfərov və Fazil Mustafa da çıxış ediblər.
Açılış mərasimindən sonra tədbir iştirakçıları sərgidə nümayiş olunan stendlərlə tanış olublar.
Həmin gün IX Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda elmi konfrans və “Heydər Əliyev - 100. Biblioqrafiya” kitabının təqdimat mərasimi keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Ulu öndər Heydər Əliyevə həsr edilən qısa sənədli film nümayiş olunub.
Konfransda çıxış edən Milli Kitabxananın direktoru Kərim Tahirov Ulu öndərin milli-mənəvi dəyərlərimizin inkişafında, onun qorunmasında misilsiz xidmətlərindən danışıb.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, professor Nizami Cəfərov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran Mahmudova, Milli Məclisin deputatı, professor Anar İsgəndərov, Milli Məclisin deputatı, professor Hikmət Babaoğlu çıxış ediblər.
Həmçinin konfrans çərçivəsində təqdimatı keçirilən “Heydər Əliyev - 100. Biblioqrafiya” kitabının əhəmiyyəti vurğulanıb, tədqiqatçılar üçün ilham mənbəyi olacağı qeyd edilib.
IX Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində noyabrın 12-də Xalq şairi Ramiz Rövşənin “Dünyanın siz olan yeri” kitabının təqdimatı və imza günü keçirilib.
Eyni gün Mədəniyyət Nazirliyinin təşkilatçılığı və “Caspian Event Organisers” şirkətinin təşkilati dəstəyi ilə “Azərbaycan tarixi yeni nəsil tarixçilərin gözü ilə” mövzusunda panel diskussiya təşkil olunub.
Sərgi çərçivəsində "Müasir sənətçi kütlənin "Cool"u, yoxsa qulu?", “Müasir ədəbi proseslər və yeni trendlər” mövzularında panel diskussiyalar,
“İrəvan şəhərinin tarixindən: XIX-XX əsrin əvvəllərində”, “Heydər Əliyev və Azərbaycan Mülki Aviasiyası-100” kitablarının təqdimat mərasimi, Xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib.
Sərgi noyabrın 15-nə kimi davam edəcək.
ŞAHANƏ