|
|
|
|
Tanınmış ədəbiyyatşünas alim və diplomat Vilayət Quliyev 2010-2021-ci illərdə Azərbaycanın Macarıstanda fövqəladə və səlahiyyətli səfiri olub. Bu illər ərzində ölkələrimiz arasındakı qarşılıqlı münasibətlər dinamikliyi və intensivliyi ilə seçilib. Azərbaycanla Macarıstan arasında strateji əməkdaşlıq sazişinin imzalanması, "Stipendium Hunqarikum" proqramı çərçivəsində hər il 200 nəfər azərbaycanlı gəncin macar dövlətinin hesabına dost ölkənin universitetlərində təhsil alması, Bakı ilə Budapeşt arasında birbaşa hava əlaqəsinin yaradılması, ticarət dövriyyəsinin artması, mədəni əməkdaşlığın genişlənməsi, Budapeştdə ömürlük həbs cəzası çəkən R.Səfərovun vətənə ekstradisiyası və digər uğurlar həm də Azərbaycan səfirliyinin məqsədəuyğun fəaliyyətinin nəticəsi kimi meydana çıxmışdı. Səfirlik xətti ilə genişmiqyaslı mədəni-tanıtım işləri görülmüşdü. Füzuli, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev kimi klassiklərimizin, Anar, Afaq Məsud, Günel Anarqızı kimi müasir şair və yazıçılarımızın əsərləri macar dilinə tərcümə olunmuşdu. Bu siyahıya "Kitabi-Dədə Qorqud", "Koroğlu" kimi Azərbaycan dastanlarını, 3 cildlik Azərbaycan nağıllarını, Xalq yazıçısı Elmira Axundovanın Ümummilli lider Heydər Əliyevə həsr olunmuş "Şəxsiyyət və zaman" üçcildliyini və digər nəşrləri də daxil etmək mümkündür. Nəhayət, səfir Vilayət Quliyevin müəllifi olduğu "Rusiya şərqşünaslığında Azərbaycan məktəbi" monoqrafiyası Budapeştin məşhur "H`armattan" nəşriyyatında ingilis dilində çap edildi, dünya miqyasında elm tariximizin tədqiqinə və tanıdılmasına qiymətli töhfə oldu.
Macarıstan mövzusu Vilayət Quliyevin son iki ildə işıq üzü görən iki kitabında aparıcı yer tutur. Bunlardan biri Dövlət Tərcümə Mərkəzinin çap etdiyi "Macar etüdləri", digəri isə "Çapar" nəşriyyatında buraxılmış "Bəkir Çobanzadə. Budapeşt illəri" kitablarıdır. Etüdlər macar türkologiyasının tarixinə və aparıcı simalarına həsr edilib. Kitabda hun-türk və macar əlaqələrindən, macar turançılığının tarixi, ideya istiqaməti və görkəmli simalarından, XX əsrin əvvəlində Budapeştdə nəşr olunan "Turan" məcmuəsinin mövzu və problematikasından, habelə, Armin Vamberi, İqnats Kunoş, Georq Hazai kimi məşhur türkoloqların elmi axtarışlarından bəhs edilir. Diqqətəlayiq əsərlərindən birini türk mövzusunda qələmə almış görkəmli macar nasiri Miksat Kalmanın yaradıcılığı ədəbi əlaqələr kontekstində nəzərdən keçirilir.
Krım türklərinin və Azərbaycanın müştərək oğlu, professor Bəkir Çobanzadənin həyatının Budapeşt dövrü alimin bioqrafiyasının az öyrənilmiş və çoxlu suallar doğuran dövrüdür. Macar kitabxana və arxivlərində apardığı araşdırmalar səfir Vilayət Quliyevə bu məsələ ilə əlaqədar sanballı ədəbiyyatşünaslıq əsəri yaratmağa imkan vermişdir. Zəngin, axıcı dillə, cəlbedici üslubda yazılmış kitabda ilk gənclik dövründə daha çox Bəkir Sidqi adı ilə tanınan Bəkir Çobanzadənin Eötvöş kollecində və Budapeşt universitetindəki təhsil illəri, dövrün macar ədəbi-mədəni və ictimai həyatında iştirakı ilə bağlı çoxu Çobanzadə irsinin tədqiqatçılarına naməlum, yaxud əlçatmaz olan fakt və sənədlər əsasında məlumat verilir. Eyni sözləri tələbə Bəkir Sidqinin dövrün macar və türk mətbuatında iştirakı, taleyi indiyə qədər qaranlıq qalan doktorluq dissertasiyası haqqındakı araşdırmalarla, habelə zəngin mündəricəsi ilə seçilən epistolyar irsi ilə bağlı da demək mümkündür. Müəllif tədqiqatının bir neçə bölümündə gənc Bəkir Sidqinin elmi-publisistik irsinə ətraflı işıq salır. Onun Budapeştdəki tələbəlik illərində yaratdığı orijinal poetik əsərləri, maraqlı hekayələr, elmi-publisist çıxışlar, macar dilindən etdiyi tərcümələr də kitabda geniş şəkildə işıqlandırılmışdır.
Yeri gəlmişkən, həm "Macar etüdləri", həm də "Bəkir Çobanzadə. Budapeşt illəri" kitabları indi macar və türk dillərində nəşrə hazırlanır və yaxın gələcəkdə Budapeşt və İstanbulda çap olunacaq.
Maraqlıdır ki, Vilayət Quliyev səfir kimi Varşavada çalışdığı dövrdə "Polşadakı Azərbaycan siyasi mühacirətinin irsindən. 1930-cu illər", "Polşa tatarları Azərbaycanda", "Polyaklar Azərbaycan Demokratik Respublikasında", "General Masey Sulkeviç" kimi maraqlı kitablar çap etdirmişdi. Azərbaycan, polyak və rus dillərində çap olunan bu kitablar və çoxsaylı məqalələri Azərbaycan səfirini haqlı olaraq iki xalq arasındakı əlaqələrin tanınmış tədqiqatçıları sırasına çıxarmışdı.
İndi Vilayət Quliyev ölkəmizi Bosniya və Herseqovinada təmsil edir. Ümidvarıq ki, yaxın gələcəkdə türk-islam mədəniyyəti ilə sıx bağlı olan bu ölkənin Azərbaycanla çoxəsrlik tarixi əlaqələri də alim-səfirin tədqiqatlarında yer alacaq.
Şahanə MÜŞFİQ