Görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun 95 illiyi münasibətilə Bakı Ekspo Mərkəzində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun nəşr etdiyi "Ana Tarla" kitabının təqdimatı olub.
Kitabın Azərbaycan dilində çap olunması qırğız xalqının görkəmli yazıçısı, ictimai-siyasi xadimi Çingiz Aytmatovun zəngin irsinin tanıdılması, eləcə də təşkilatın qurucu üzv ölkələri Azərbaycan ilə Qırğızıstanın ədəbi-mədəni əlaqələrinin daha da gücləndirilməsi məqsədini daşıyır. Əsəri Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair, publisist, tərcüməçi Teymur Elçin tərcümə etmişdi. Nəşrdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı və dəstəyi ilə Çingiz Aytmatovun "Ana tarla" povesti əsasında səhnələşdirilən dram, eləcə də cari ilin aprel ayında Bakı Bələdiyyə Teatrı tərəfindən nümayiş olunan tamaşadan fotolar yer alır.
Tədbirdə çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun qurucu prezidenti Günay Əfəndiyeva Bakıda 9-cu Beynəlxalq Kitab Sərgisinin Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmasının böyük simvolik məna daşımasından söz açıb. O, Heydər Əliyevin mədəniyyətə, incəsənətə xüsusi məhəbbətindən bəhs edərək, Ulu öndərin Azərbaycanın və bütövlükdə Türk Dünyasının sənət adamları, şair və yazıçıları ilə səmimi münasibətlərinə diqqət çəkib. Günay Əfəndiyeva Ulu öndərin bu il 95 illik yubileyi qeyd olunan, Qırğızıstanın və Türk ədəbiyyatının böyük siması Çingiz Aytmatov ilə dostluq əlaqələrini vurğulayıb.
Günay Əfəndiyeva Fond tərəfindən Çingiz Aytmatovun "Ana Tarla" kitabının nəşrinin əhəmiyyətindən, əsərin mövzusunun müasir dünyada, eləcə də Azərbaycanda aktuallığından bəhs edərək, bildirib: "Əsəri oxuyarkən Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü bərpası naminə canlarını fəda etmiş qəhrəman oğulların və onları bizlərə bəxş edən anaların obrazları gözlərimizin önündə canlanır. Bu kitab Vətən uğrunda şəhidlik zirvəsinə ucalmış igid oğulları böyüdüb boya başa çatdıran mərd analara ithafdır".
Tədbirdə Qırğız Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonaliyev çıxış edərək, kitabın Azərbaycan dilində nəşrini Azərbaycan və Qırğızıstan arasında tarixi dostluq münasibətlərinin, ədəbi əlaqələrin inkişafına töhfə kimi qiymətləndirib.
Milli Məclisinin deputatı, Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Musa Quliyev, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun icraçı direktoru Mehman Həsənlidə çıxış edərək, Ç.Aytmatovun həyat və yaradıcılığından, kitabın əhəmiyyətindən söz açıblar.
Tədbirin bədii hissəsində Aytmatovun əsərlərindən parçalar, eləcə də Azərbaycan şairlərinin yazıçıya həsr olunmuş şeirləri səsləndirilib.
Daha sonra Fondun Bakı Bələdiyyə Teatrı ilə əməkdaşlığı çərçivəsində "Ana Tarla" əsəri əsasında hazırlanmış tamaşadan səhnələr göstərilib.