|
|
|
|
Azərbaycan Bəstəkarlar İttifaqında görkəmli bəstəkar, Azərbaycan və SSRİ Xalq artisti, akademik Arif Məlikovun 90 illiyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib.
Tədbirdə giriş sözü ilə Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Zemfira Qafarova çıxış edərək Arif Məlikovun Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı müstəsna əhəmiyyətindən danışıb. Qeyd edib ki, görkəmli bəstəkarımız Qara Qarayev məktəbinin layiqli davamçısı olan A.Məlikovun yaradıcılığında xalqımızın tarixi, milli ənənələri, klassik poeziya nümunələri musiqinin müxtəlif janrlarında dolğun ifadə vasitələri ilə tərənnüm olunub. A.Məlikovun zəngin yaradıcılıq irsinə 8 simfoniya, simfonik poemalar, orkestr süitaları, vokal-simfonik, kamera-instrumental əsərləri, kino və dram tamaşalarına yazılmış musiqi və sair nümunələr daxildir. Bu əsərlər içərisində bəstəkarın dünyanın müxtəlif səhnələrində tamaşaya qoyulan “Məhəbbət əfsanəsi” baleti tutur.
Arif Məlikovun yaradıcılığında onun pedaqoji və ictimai fəaliyyəti də xüsusi qeyd olunmalıdır. Çünki o uzun illər Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) kafedra müdiri olaraq musiqi mədəniyyətimizin inkişafına xidmət edib.
Konfransda Arif Məlikovun tələbələri olan bəstəkarların, musiqişünasların maraqlı məruzələri dinlənilib. Professor İmruz Əfəndiyeva, Əməkdar müəllim Lalə Cəfərova, dosentlər Pikə Axundova, Aytən İbrahimova, Arzu Məmmədova A.Məlikov şəxsiyyəti və yaradcılığı barədə məruzələrlə çıxış ediblər.
Tədbirin bədii hissəsində bəstəkarın kamera əsərləri səslənib.
Sonda Arif Məlikovun qardaşı qızı - Əməkdar artist, BMA-nın baş müəllimi Nigar Məlikova tədbirin təşkilinə görə Bəstəkarlar İttifaqına dərin minnətdarlığını bildirib.