|
|
|
|
ABŞ Konqresinin Nümayəndələr Palatasında "Dağlıq Qarabağın gələcəyi" mövzusunda dinləmələr keçirilib. Dinləmədə Azərbaycanla bağlı qərəzli fikirlərin səsləndirilməsi bir daha Birləşmiş Ştatların riyakar siyasətini, Cənubi Qafqaza hesablanmış mənfur planını göstərir. Təbii ki, bu, ölkəmizlə əlaqədar ilk dinləmə deyil. Qarabağ münaqişəsi mövcud olduğu 30 il ərzində Vaşinqton Azərbaycanla bağlı eyni siyasəti aparıb. İnsan haqlarını, demokratiyanı əlində bayraq edən ABŞ bir milyona yaxın insanımızın pozulmuş hüquqlarını müdafiə etməyib, əksinə, Qarabağdakı separatçıları maliyyələşdirib. ATƏT-in Minsk qrupunun həmsədr dövləti olmasına baxmayaraq, münaqişənin həlli istiqamətində heç bir addım atmayıb. Amma indi reallıqlar fərqlidir, Azərbaycan daha güclüdür, imkanları daha genişdir, diktə edən tərəfdir, regionun lider dövlətidir. ABŞ-da da, Qərbdə də yaxşı bilirlər ki, Azərbaycan dövləti ilə təhdid dilində danışmaq mümkün deyil. Ona təzyiq göstərməklə heç bir nəticə əldə edə bilməyəcəklər. İkincisi, Azərbaycanın "Dağlıq Qarabağ" adlı ərazi vahidi yoxdur. "Qarabağ iqtisadi rayonu" toponimi var. Eyni zamanda Qarabağ münaqişəsi də tamamilə həll edilib. Vaşinqtonun "Dağlıq Qarabağ" adı ilə dinləmələr təşkil etməsi artıq onun çirkin niyyətini göstərir. Qarabağın gələcəyi əlbəttə ki, Azərbaycanın məsələsidir. Azərbaycan beynəlxalq hüquq çərçivəsində öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib, Cənubi Qafqazda sülh olması, Ermənistanla normallaşma prosesində irəliləyişin əldə edilməsi üçün səylə çalışır. Amma ABŞ, Fransa və digər Qərb ölkələri öz geosiyasi maraqları üçün buna imkan vermirlər. Təəssüf ki, adı müstəqil olsa da, özü müstəqil dövlət ola bilməyən Ermənistan bu güclərin əlində alət olmaqda davam edir. Fakt budur ki, ABŞ və Fransa güclü, suveren, müstəqil siyasət aparan Azərbaycan dövlətini qəbul edə bilmirlər.
Dinləmələrin keçirilməsinə ən çox dəstək verən ABŞ-dakı erməni lobbisi olub, tədbirin təşkilatçısı Konqresin Avropa məsələləri üzrə alt komitəsinin sədri Tomas Kin bundan əvvəl Ermənistanın ABŞ-dakı səfiri Lilit Makuntsla görüşü də dinləmələrin təşkilində əsas məqsədin nədən ibarət olduğunu göstərir. Amma ölkəmizə qarşı bu təxribatı hazırlayanlar anlamalıdırlar ki, Azərbaycanın nə ABŞ, nə də onun Konqresi qarşısında heç bir öhdəliyi yoxdur. ABŞ Azərbaycan əhəmiyyətini də unutmamalıdır. Anlamalıdır ki, Azərbaycan olmadan nə Cənubi Qafqazda, nə də Mərkəzi Asiyada siyasəti olmayacaq. Ona görə də belə dinləmələrlə, yaxud Senatın Azərbaycana yardımı dayandıran qanun qəbul etməsiylə ölkəmizə təzyiq göstərərərək öz maraqlarını təmin edə biləcəklərinə dair düşüncələri yanlışdır.
Qeyd edək ki, Azərbaycana yardımla bağlı səlahiyyətlərdən imtinanı nəzərdə tutan S.3000 qanun layihəsi ABŞ prezidentinə Azərbaycan ilə bağlı 907-ci düzəlişi dayandırmağa icazə vermir. Azadlığa Dəstək Aktına edilən 907-ci düzəliş ABŞ hökumətinin Azərbaycanın rəsmi strukturlarına yardım göstərməsini qadağan edir. 907-ci düzəliş 2002-ci ildən bəri ABŞ prezidentləri tərəfindən hər il dayandırılır. Qərar qüvvəyə minməzdən əvvəl Nümayəndələr Palatası təsdiq etməli və prezident imzalamalıdır. Görünən odur ki, ABŞ Cənubi Qafqazda öz maraqlarını təmin etmək, möhkəmlənmək üçün çirkin planlarını işə salıb. Amma vassal Ermənistandan fərqli olaraq, Azərbaycanın kiminsə əlində alət olub, onun planlarının tərkib hissəsinə çevrilməyəcəyi qəti və birmənalıdır. Bu gün ABŞ özü daxili problemlərlə çalxalanır. Konqres ABŞ-ın günbəgün artan dövlət borcundan başlayaraq irqi ayrı-seçkilik, polis zorakılığı, kriminal hadisələrin baş alıb getməsi və digər çoxsaylı daxili problemlərlə məşğul olsaydı, daha düzgün olardı. Hazırda dünyanın müxtəlif bölgələrində baş verən siyasi kataklizmlər, müharibələr, dövlət çevrilişləri, vətəndaş müharibələrində ABŞ-ın iştirakı və rolu danılmazdır. Liviyanın, Suriyanın, İraqın, Əfqanıstanın düşdüyü vəziyyət məhz ABŞ-ın "əl işidir". 20 il Əfqanıstanı işğal altında saxlayan Birləşmiş Ştatlar bu ölkədə bir dənə də olsun obyekt tikmədi, yol salmadı, amma bu illər ərzində bütün ölkəni narkotik plantasiyasına çevirdi. Son məlumatlara görə, ABŞ Əfqanıstanı tərk etdikdən sonra ölkədə narkotik plantasiyalarının həcmi 20 dəfədən çox azalıb. Bu gün Qəzzada baş verənlərin ssenari müəllifi də Vaşinqtondur. Rusiya-Ukrayna qarşıdurmasını alovlandıran və bu alovu sönməyə qoymayan məhz Amerikadır. Ukraynanın düşdüyü vəziyyət acınacaqlıdır, ölkə bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzədir. Avropanı Rusiyanın enerji resurslarından məhrum edən ABŞ bu böyük bazarı özününküləşdirib. ABŞ-ın Latın Amerikasında, Afrika qitəsində törətdiyi cinayətləri də unutmaq olmaz. Məhz buna görə Latın Amerikası ölkələrində Amerikaya qarşı kəskin mənfi münasibət var. Postsovet məkanı, Cənubi Qafqazda baş vermiş və hələ də davam edən siyasi kataklizmlərin ən böyük səbəbkarı da məhz ABŞ-dır. ABŞ bir dəfə də olsun Ermənistanı qınamadı, BMT TŞ-nin məlum 4 qətnaməsinin icrası istiqamətində addım atmadı. Amma 1992-ci ildə Azərbaycana qarşı "907-ci düzəliş"i qəbul etdi. Azərbaycan xalqı bu riyakarlığı unutmayıb və unutmayacaq. Yeri gəlmişkən, Konqresdə çıxış edənlər bildirdilər ki, ABŞ Azərbaycana yardım etməyəcək. Amma fakt odur ki, Azərbaycanın heç bir ölkənin yardımına ehtiyacı yoxdur. Bu gün Azərbaycan özü digər ölkələrə yardım göstərir, beynəlxalq müstəvidə donor dövlət olaraq çıxış edir. ABŞ-ın vaxtilə Qarabağdakı separatçılara minatəmizləmə adı altında ildə 10 milyon dollar vəsait ayırması, separatçıların ABŞ-da yardım kampaniyaları keçirib pul yığmalarına şərait yaradılması, rejimin bu ölkədə nümayəndəliyinin fəaliyyətinə göz yumulması da bu ölkənin riyakarlığını, qərəzini göstərir. Azərbaycana diktə etmək istəyənlərə yeri göstəriləcək, necə ki, göstərilir. Rəsmi Bakı cavab addımı olaraq ABŞ-nin yüksək səviyyəli rəsmilərinin ölkəyə səfərlərini yersiz adlandırıb. Eyni zamanda noyabrın 20-də Vaşinqtonda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşündən imtina edilib.
Milli Məclisin deputatı Azər Badamov "525"ə deyib ki, ABŞ müxtəlif adlarla suveren ölkələrə daxil olur və özü ilə fəlakətlər gətirir.
ABŞ dünya tarixində heç bir ölkəyə sabitlik və inkişaf aparmayıb: "Biz bunu Vyetnam, Əfqanıstan, Liviya, İraq, Suriya, Afrika ölkələrində baş vermiş müharibələrdə görmüşük. Həmçinin, demokratiyaya dəstək adı altında ABŞ-nin yaratdığı narıncı inqilablar və ərəb baharının nəticələrinin də şahidi olmuşuq. Bu gün Ukraynanın, Qəzzanın dağılmasının ssenarisi ABŞ-də cızılıb və birbaşa dəstəyi sayəsində qırğınlar davam edir. Ukrayna kimi böyük iqtisadiyyata malik bir ölkəni məhvə aparır. İki qardaş xalq arasında ömürlük düşmənçilik toxumu səpib".
Deputat deyib ki, ABŞ-nin imzası olan yerdə həmişə fəlakətlərin olduğunu görürük: "ABŞ müharibələr törədir, sonra da öz silahını, bahalı enerji resurslarını satır, o cümlədən, ərəb ölkələrində yaratdığı faciələrdən istifadə edərək enerji resurslarını talan edərək, milyardlarla dollar qazanc əldə edir. Ona görə də son 60 illik dünya tarixində öz gücü ilə torpaqlarını işğaldan azad edən güclü Azərbaycanı istəməz".
A.Badamov hesab edir ki, Azərbaycanın ABŞ-nin yardımına ehtiyacı yoxdur: "Biz öz iqtisadiyyatımızı qura bilmişik və heç kimdən asılılığımız yoxdur. Ona görə də sözümüzü də mərdanə hamıya deyirik və heç kimin diktəsini qəbul etmirik. ABŞ müstəqilliyimizin ilk illərindən Azərbaycana qarşı ədalətsiz olub. Belə ki, 1992-cı ildə Ermənistan torpaqlarımızı işğal etməsinə baxmayaraq, Azərbaycanı sanki işğalçı kimi qələmə verərək, ABŞ-nin Azərbaycana yardımını dayandıran azadlığa dəstək aktında 907-ci düzəliş qəbul olunmuşdu. Bu düzəliş 10 il qüvvədə qaldı və Azərbaycan MDB məkanında ABŞ-dən yardım almayan yeganə dövlət idi. Bu, ABŞ rəhbərliyinin erməni lobbisinin əlində alət olmasının göstəricisi idi. Çünki Azərbaycana qarşı beynəlxalq hüquqa zidd və ədalətsiz bir addım atılmışdı. İndi ABŞ konqresdə erməni lobbiçilərin sifarişi ilə Azərbaycana qarşı qərəzli müzakirələr aparır və ədalətsiz addımları yenidən atmaq istəyir. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayn bəyan edib ki, ABŞ açıq şəkildə Bakıya bildirib ki, Ermənistanla sülh yolunda irəliləyiş olmayana qədər Azərbaycanla münasibətlər normal olmayacaq və hərbi yardımları dayandıracaq. Braynın açıqlaması ona görə ədalətsizdir ki, müzakirə olunan Azərbaycan əraziləridir. Azərbaycan öz ərazi bütövlüyünü təmin edib və Ermənistanla beynəlxalq hüquqa əsaslanan sülh müqaviləsinin imzanmasının tərəfdarıdır. Ermənistan isə Qərb platformasından sui-istifadə etməklə danışıqlarda üstünlük qazanmağa və özlərinin çirkin niyyətlərini təsdiq etdirməyə çalışır. Amma həm Qərb, həm də Ermənistan unutmasın ki, bugünkü Azərbaycan 90-cı illərin Azərbaycanı deyil. Bu gün Azərbaycan dövləti özünün ədalətli mövqeyini müdafiə etmək iqtidarındadır və Ermənistanla sülh müqaviləsinin imzalanmasını beynəlxalq hüquqa söykənməklə həyata keçirilməsini tələb edir. Sülh müqaviləsini təzyiq yolu ilə imzalatmaq mümkün deyil. Sülh qarşılıqlı razılaşma əsasında qəbul olunmalıdır".
Deputat əlavə edib ki, dövlətimiz ABŞ-nin ölkəmizdəki təsisatlarının fəaliyyətinə də yenidən baxmalıdır: "Çünki bu gün onların açıq şəkildə ünvanımıza təzyiq dolu açıqlamalar səsləndirdiyi kimi, ölkəmizdə siyasi sabitliyi pozmaq üçün addımların atılacağı da gözləniləndir. Ona görə də ABŞ-lə bağlı olan beynəlxalq təşkilatların, jurnalistlərin, agentura şəbəkəsinin ölkəmizdə fəaliyyətinə qadağa qoyulmalıdır".
Yuxarıda sadalananlardan bir daha anlaşılır ki, ABŞ Qafqazdakı hadisələrə, həm də, İran və Rusiya baxış bucağı çərçivəsində yanaşır. Lakin okeanın o tayındakı strateqlər bilməlidirlər ki, bu və digər məsələlərdə onların Ermənistana vurğu etmələrinin perspektivi yoxdur. Ermənilər isə, boşuna həvəslənməsinlər. Rusiyaya arxa çevirmək onlara baha başa gələcək. Öz növbəsində, uzaq Qərbdəki seçkilərdən sonra Qafqaza baxış bucağı da dəyişəcək. 1 milyonluq erməniyə görə heç kim Azərbaycan və Türkiyə ilə küləyi uzunmuddət əsdirməyəcək. ABŞ - Azərbaycan münasibətlərində hazırkı qara buludlar birazdan dağılacaqlar".