Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin təşkilatçılığı ilə "Nobel mükafatına aparan yolun dərsləri: mif, reallıqlar, uğurlar və çağırışlar" mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli "Nobellər və Nobel mükafatı: dünya təcrübəsi, Azərbaycan reallıqları və qarşıda duran vəzifələr" mövzusunda giriş nitqi ilə çıxış edib. Akademik İsa Həbibbəyli qeyd edib ki, Nobel mükafatı artıq bir əsrdən artıq müddətdir dünyanın ən nüfuzlu mükafatı ünvanını qoruyub saxlayır. Elmi konfransın keçirilməsində əsas məqsəd Nobel mükafatı ilə bağlı dünya təcrübəsini, Nobel mükafatına aparan yolun çətinliklərini, maneələrini, psixoloji eyforiyasını aydınlaşdırmaq, uğurlarını, çağırışlarını gənc alimlərə, yeni nəsillərə çatdırmaq, alimlərimizi, yazıçılarımızı Nobel mükafatının təqdim etdiyi elmi istiqamətlərə doğru yönləndirməkdən ibarətdir.
AMEA rəhbəri qeyd edib ki, 1940-cı ildə tibb elmləri doktoru Fatma Rəhimova Vəlixanın namizədliyi Nobel Komitəsində qeydə alınsa da, İkinci Dünya müharibəsinin başlamasına görə mükafatlandırma həmin illərdə dayandırılıb. Daha sonra yüksək oktanlı benzinin kəşfinə görə, akademik Yusif Məmədəliyevin namizədliyi irəli sürülsə də, Sovetlər İttifaqının rəhbərliyindəki Anastas Mikoyan və marşal Baqramyan kimi məkrli ermənilərin əsassız iddialarından sonra bolşevik rəsmiləri bu təqdimata mane olub. Həmçinin akademik Mustafa Topçubaşovun da qəlpələri rentgen etmədən tapan və səhra xəstəxanalarında əməliyyatlarda yüksək effektivlik alınmasına imkan verən nailiyyətlərinə görə Nobel mükafatına namizədliyinin qeydə alındığı barədə məlumatlar var. Müasir dövrdə isə 2012-ci ildə Xalq yazıçısı Kamal Abdullanın "Yarımçıq əlyazma" əsəri Nobel mükafatına təqdim olunaraq qeydiyyatdan keçib. Bir sıra başqa təşəbbüslər də olmuşdur. Ümumilikdə Nobel mükafatının təqdim olunmağa başladığı 1901-ci ildən indiyə kimi 10 nəfərə yaxın namizədimiz bu mükafata iddia edib.
Son illərdə Nobel üzrə ədəbiyyat və sülh mükafatları nəzərə alınmazsa, fizika, kimya, fiziologiya və tibb üzrə mükafatların daha çox kollektiv əməyin, eləcə də elmlərin qarşılıqlı əlaqəsi nəticəsində qazanıldığını vurğulayan AMEA prezidenti Azərbaycan elmində təcrübədən yararlanmağın önəminə toxunub.
Nobel mükafatının təqdim edildiyi mövzular və problemlərin bu gün dünya elminin müasir prioritetləri olduğunu deyən akademik İsa Həbibbəyli Akademiyanın, alimlərimizin həmin istiqamətləri yaxından izləmələrini, imkan daxilində elmimizin həmin istiqamətlərə doğru inkişaf etdirilməsini əhəmiyyətli sayıb.
Sonra Nobellər ailəsinə və Nobel mükafatına həsr edilmiş film nümayiş olunub.
Filmin nümayişindən sonra çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Xalq yazıçısı Çingiz Abdullayev Nobel mükafatı alanların 90 faizinin əsərlərinin ingilis dilində olduğunu və ya tərcümə edildiyini söyləyib. Qeyd edib ki, Azərbaycandan olan namizədlərin də dünyada tanınması, Nobelə namizədliklərinin təqdim edilməsi üçün kitablarının yüksək səviyyədə tərcümə olunmuş ingilis dilində olması vacib şərtdir.
Azərbaycanın haqq mübarizəsindən və suverenliyini tam bərpa etməsini xüsusi vurğulayan Çingiz Abdullayev Vətən müharibəsində və bir günlük hərbi əməliyyatda Müzəffər Ali Baş Komandanın liderliyi ilə qəhrəman ordumuzun heç bir mülki şəxsə, uşaqlara, qadınlara və qocalara zərər vermədən işğalçılığa son qoyduğunu və ədalətli müharibə apardığını söyləyib və bu humanist mövqedən irəli gələrək Prezident İlham Əliyevin namizədliyinin Nobel Sülh mükafatına təqdim olunmasını təklif edib.
Daha sonra AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, professor Kərim Şükürov "Nobel qardaşlarının Azərbaycanda fəaliyyəti və neft gəlirləri", Elm və Təhsil Nazirliyinin Neft və Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov "Nobel mükafatı: qaydalar və fərqli yanaşmalar", AR Nazirlər Kabinetinin şöbə müdiri, professor Elşən Hacızadə "Nobel mükafatı: kuryoz-odioz hadisələr və müasir yanaşmalar" və Milli Məclisin deputatı Etibar Əliyev "Nobel mükafatı: gerçəkliklər və fərqli baxışlar" mövzusunda məruzə ediblər.
Sonra Milli Məclisin deputatı Səməd Seyidov və Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) Milli Akademik Şəbəkə və İnformasiya Mərkəzinin (ULAKBİM) rəhbəri Mehmet Mirat Satoğlu çıxış edərək beynəlxalq elmi konfransın əhəmiyyətindən danışaraq mülahizələrini səsləndiriblər.
Tədbirdə həmçinin MAQATE-nin azərbaycanlı təmsilçisi Bəxtiyar Siracovun və Nobel Sülh mükafatı laureatı Muhammad Yunusun onlayn videomüraciətləri dinlənilib, Nobel mükafatı laureatı Əziz Səncərin AMEA-ya ünvanladığı məktub oxunub.
Sonda AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli yekun sözü ilə çıxış edərək "Nobel mükafatına aparan yolun dərsləri: mif, reallıqlar, uğurlar və çağırışlar" mövzusunda keçirilən beynəlxalq elmi konfransın əhəmiyyətini vurğulayıb, Nobel mükafatına gedən yolun təcrübəsinin və dərslərinin öyrənilməsini və yaradıcı yanaşmaları vacib sayıb, elmi konfrans materiallarının "Elm" nəşriyyatında nəşr ediləcəyini diqqətə çatdırıb.