|
|
|
|

ABŞ-ın xarici siyasəti dünyanın müxtəlif regionlarında qarşıdurmalar, münaqişələr yaratmaq və bundan öz məqsədi, mənafeyi üçün istifadə etməkdir. Birləşmiş Ştatlar üçün daha həmin münaqişələrin, daxili qarşıdurmaların gətirdiyi faciələr, fəlakətlər, günahsız insanların həyatlarını itirməsi maraqlı deyil. Əsas onun öz maraqlarının təminidir ki, buna nail olduqdan sonra isə ölkələri xaos içində buraxaraq rahat şəkildə geri çəkilir.
Özünü dünyanın hegemonu hesab edən Birləşmiş Ştatlar bütün bu qanlı əməllərini demokratiya, insan haqları, xalqların rifahı və s. adlar altında edir. Amma yaxın tarixdə şahidi olduğumuz hadisələri, “rəngli inqilabları” göz önündən keçirəndə gördüyümüz odur ki, ABŞ müdaxilə etdiyi ölkələrə nə demokratiya, nə xoşbəxtlik, nə rifah gətirib.
Vaşinqtonun həmin ölkələrə bəxş etdiyi sadəcə fəlakətlər, hələ də davam edən xaos, insan faciələri olub. ABŞ ilkin mərhələdə müxtəlif ölkələrdə fəaliyyət göstərən fondları, institutları vasitəsilə öz ssenarilərini, planlarını həyata keçirir, daxili qarşıdurmalar, vətəndaş müharibələri vəziyyəti yaradır və sonra artıq prosesə açıq müdaxilə edir. USAID, NED, Marşall Fondu, IREX və digər onlarla institutlar məhz bu ssenarilərin icraçıları olaraq meydana çıxıblar. Məsələn, sonuncu Gürcüstan nümunəsini yada salaq. Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin oktyabr ayında açıqladığı son məlumatdan bəlli oldu ki, USAID Tbilisidə “yerli QHT-lərlə birgə” “xəstələrə humanitar yardım göstərilməsi” mövzusunda təlimlər keçirib. Amma təlim iştirakçılarına “dövlət çevrilişi hazırlamağın metodları” öyrədilib.
ABŞ-ın strategiyasına həm də ölkələri daxildən silkələməklə yanaşı, qonşu dövlətlər arasında münaqişə varsa, həmin münaqişəni alovlandırmaq, müharibəyə təhrik etmək, sülh prosesini pozmaq daxildir. ABŞ post-sovet məkanında bu ssenariyə daha çox üstünlük verir. Uzağa getmədən, Ukraynanı yada salmaq kifayət edir. ABŞ və onun müttəfiqləri Ukraynaya yağlı vədlər verərək onu çıxılmaz vəziyyətə salıblar. Ukrayna iki ilə yaxındır Rusiya ilə cəlb edildiyi müharibədə nə ərazi bütövlüyünü bərpa edə bilib, nə də müharibənin sonu görünür. Həm ABŞ, həm Ukraynaya dəstək vəd edən digər güclər, Avropa İttifaqı artıq geri çəkilməkdədir. Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel bu yaxınlarda bəyan etdi ki, ABŞ Ukraynaya yardımını azalda bilər. Bunun səbəblərindən biri kimi Ukraynanın əks-hücum əməliyyatlarının nəticəsinin qanedici olmadığı deyilsə də, məlum olan budur ki, Ukraynaya vəd edilən silah-sursat verilmədi. İkincisi, əsas məqsəd Ukraynanın ərazi bütövlüyünün bərpası yox, bu müharibə vasitəsilə Rusiyanın zəiflədilməsi, bölgədə ABŞ-ın öz təsir imkanlarını artırmaq idi. Bu mənada ABŞ-ın Ukraynanı da yarı yolda buraxacağı tamamilə gözləniləndir. Hətta buna yaxın günlərdə şahidlik edə bilərik. Ağ Evdən verilən açıqlamalar bu ehtimalları daha da artırır. Necə ki, Əfqanıstanda, Yaxın Şərqdə, o cümlədən, Liviya, İraq, Yəmən, Suriya da eyni ssenariləri gördük. Başqa bir nümunə isə qonşu Gürcüstandır. 2008-ci ildə Gürcüstanı Rusiya ilə müharibəyə təhrik edən ABŞ onu da yarı yolda qoydu. Gürcüstan illərdir vəd edilən NATO və ya Avropa İttifaqına üzv qəbul edilməyib.
Müharibə Ukraynanı dərin bataqlığa salıb. Ölkənin böyük bir hissəsi dağılıb, iqtisadiyyatı çöküb, insanları didərgin düşüb, Avropanın müxtəlif ölkələrində sığınacaq axtarırlar. Ölkənin bərpası üçün illər tələb olunur, eyni zamanda böyük vəsait lazımdır.
Qəzzada baş verənlərin də ssenari müəllifi məhz Birləşmiş Ştatlardır. Ötən aydan başlayan İsrail-HAMAS qarşıdurması bölgədə böyük bir insanlıq dramına, dağıntılara səbəb olub. Amma yuxarıda qeyd etdiyimiz kimi, Vaşinqton üçün mühüm olan onun maraqlarının təminidir. ABŞ-nin Latın Amerikasında, Afrika qitəsində törətdiyi cinayətləri də yaddan çıxarmaq olmaz. ABŞ dünyada yaratdığı qarşıdurmalar, faciələrlə həm də böyük sərvətlər qazanıb, həmin ölkələrin təbii resurslarını istismar edib.
Bu gün Birləşmiş Ştatların sərgilədiyi mövqe bütövlükdə Qərb ölkələrinin siyasətlərinin dəyişmədiyindən xəbər verir. ABŞ eyni ssenarini dəfələrlə Azərbaycana münasibətdə də həyata keçirməyə çalışıb. Müxtəlif fondları, institutları məhz bu məqsədlə Azərbaycanda fəaliyyət göstərib. “Rəngli inqilablar” planı, müxtəlif təxribatlara cəhd ediblər. Amma müstəqil siyasət yürüdən, hansısa gücün deyil, öz dövlətimizin, xalqımızın maraqlarından çıxış edən Azərbaycan dövləti təbii ki, onların vədlərinə inanmayıb və əllərinə fürsət verməyib. Ağıllı, uzaqgörən siyasət nəticəsində Azərbaycan üzərində təsir mexanizmini qura bilməyən ABŞ və Qərb müxtəlif təzyiqlərə əl atıb. Bu gün ABŞ Nümayəndələr Palatasındakı dinləmələr, Senatın 907-ci düzəlişlə bağlı qərarı da məhz bundan irəli gəlir. Bu, eyni zamanda revan¬şist qüvvələrə açıq dəstək olmaqla, Birləşmiş Ştatların riyakar siyasətinin təzahürüdür.
ABŞ başqa bir təzyiq vasitəsi kimi Ermənistanla sülh prosesini əngəlləməyə çalışır. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Ermənistanla sülh müqaviləsinin imzalanması üçün heç bir maneə qalmayıb, sülh müqaviləsi və normallaşma prosesinin aparılması üçün Ermənistan ilə dialoqa hazırdır. Yəni rəsmi İrəvan iradə nümayiş etdirərsə, kənar güclərin təsirindən çıxarsa, sülh müqaviləsini yaxın zamanda imzalamaq mümkündür. Amma böyük dövlətlərinin marionetinə çevrilən, onların bölgədə maraqlarını təmin etməyə çalışan Ermənistan müstəqil olaraq qərarlarını verə bilmir. Belə olan halda, normallaşma prosesində irəliyə getmək də mümkün deyil. Qərb, prosesi pozmaq üçün ABŞ-ın diktəsi ilə Ermənistanı silahlandırmaqla məşğuldur. Bu da yeni müharibə vəziyyəti yaratmaq deməkdir. Eyni zamanda Azərbaycanla bağlı əsassız iddialar səsləndirilir ki, bunların da heç biri öz təsdiqini tapmır. ABŞ işğal dövründə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində heç bir addım atmadı, əvəzində separatizmi dəstəklədi, Qarabağdakı terrorçulara maliyyə yardımları etdi. İndi Azərbaycanı problemə tamamilə son qoyması, dövlətimizin öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi görünür Vaşinqtonun və Qərbin regiondakı planlarını pozub. Onlar həm də Azərbaycanın güclənməsini, regional gücə çevrilməsini, bölgədə yeni reallıqlar yaratdığını həzm edə bilmirlər.
ABŞ USAİD vasitəsilə də ölkəmiz əleyhinə aktiv fəaliyyət göstərir. Bu quruma rəhbərlik edən Samanta Pauerinin qatı ermənipərəst olduğu məlumdur və o, artıq xeyli müddətdir ki, Azərbaycana qarşı qərəzli mövqe sərgiləyir. Təbii ki, bunu özbaşına etmir. USAİD ABŞ-ın əsas qurumlarından biridir. Təqribən 27 milyard dollar məbləğində büdcəyə malik olmaqla, dünyanın ən böyük “yardım” təşkilatıdır. Təkcə 2023-2025-ci illər üzrə “müxtəlif ölkələrdə vətəndaş cəmiyyəti quruculuğuna dəstək vermək üçün” 9 milyard dollarlıq büdcə nəzərdə tutulub. “Vətəndaş cəmiyyətlərinin inkişafına töhfə vermək” adı altında fəaliyyət göstərən USAID əslində siyasi proseslərə müdaxilə edir, təxribatlar hazırlayır, cəmiyyətlərdə qarşıdurma yaratmağa çalışır. Əlbəttə ki, belə bir təşkilatın Azərbaycanda fəaliyyətinə son verilməlidir.
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu günlərdə Samanta Pauerin ölkəmiz əleyhinə yazısına cavab olaraq bildirib ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 il davam edən işğalı zamanı daha bir milyon azərbaycanlının bədnam və qanlı etnik təmizləməyə məruz qaldığı bir vaxtda ABŞ işğalçı Ermənistan dövlətinin yanında dayanıb. İndi də həmin siyasət eyni formada davam edir: “Akademik və ya peşəkar qərəzsizliyə iddia etmək düzgün olmazdı, belə ki, universitetdə “İnsan haqları” təlimləri professoru kimi, Samanta Pauer “Cəhənnəmdən bir problem: Amerika və soyqırımı çağı” adlı təbliğat kitabında Ermənistanın günahsız mülki azərbaycanlılara qarşı törətdiyi soyqırımı və vəhşilik aktları qarşısında tamamilə susqun qalıb. Birləşmiş Ştatların Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasındakı daimi nümayəndəsi kimi, o, heç vaxt azərbaycanlı qaçqın və məcburi köçkünlərin məsələsini qaldırmağa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsini tələb etməyə, hətta Ermənistanın işğalını pisləməyə cəsarət etməyib”.
Hikmət Hacıyev Pauerin Ruben Vardanyanla sıx əlaqələrinin olduğunu və onları “azərbaycanofobiya” kimi “dəyərlər və maraqların” birləşdirdiyini xatırladıb: “Avrora” mükafatı çətiri altında Samanta Pauer bu fondun təsisçisi, Ukraynada separatizmi maliyyələşdirən məşhur oliqarx və çirkli pulların yuyulması ilə məşğul olan Ruben Vardanyanla bir araya gəlib. Maraqlıdır ki, 2019-cu ildə Avropa Parlamentinin üzvləri “Troyka Dialoq”un təsisçisi Ruben Vardanyana qarşı çirkli pulların yuyulması sxemlərinə görə sanksiyalar tələb ediblər. Ruben Vardanyan da 2022-ci ilin oktyabrından Qarabağda möhkəmləndikdən sonra ABŞ-nin dəstəklədiyi Ermənistanın siyasi rəhbərliyinə qarşı dövlət çevrilişi planlaşdırırdı.
Azərbaycanofobiya, türkfobiya, siyasi korrupsiya, “pulbazlıq” və qondarma “Avrora” mükafatı altında siyasi spekulyasiyalar, yəqin ki, Ruben
Vardanyan və Samanta Pauer arasında paylaşılan dəyərlər və maraqlar idi.
Maskalar cırılıb! Artıq Azərbaycanda USAID-in əməliyyatlarına yer yoxdur!”
Həqiqətən də artıq fəaliyyəti Azərbaycan əleyhinə iş aparmaq olan, Ermənistana açıq dəstək verən bir qurumun - USAID-in fəaliyyətinə tez zamanda son qoyulmalıdır.



