|
|
|
|

Bu günlərdə görkəmli Azərbaycan alimi, şəxsiyyətinə, biliyinə və təfəkkürünə dərin hörmət bəslədiyim akademik Nizami Cəfərovun "Ərəblər, Farslar... Və Türklər" adlı kitabını oxumaq fürsətim oldu. Kitab mənim ixtisas sahəmə aid olmasa da, həvəslə oxudum.
Kitabda hər bir Azərbaycan ziyalısını hər zaman düşündürən bir çox fundamental məsələlərlə bağlı geniş izahlarla rastlaşdım. Diqqətimi özəlliklə çəkən məsələlərə bölgəmizin əsas xalqları olan ərəblərin, farsların və türklərin ortaq və fərqli cəhətləri, məhşur tarixçi Lev Qumilyovun etnogenez barədəki passionarlıq nəzəriyyəsinin pozitiv və mübahisəli tərəfləri, türk etnosunun inkişaf mərhələləri, Azərbaycan etnosunun formalaşma mərhələləri, Azərbaycanın və Qafqazın qədim tarixinə köhnə və yeni baxış konsepsiyaları, Azərbaycanın Avesta problemi, Azərbaycan dilinin formalaşma mərhələləri və yeni Azərbaycan dilinin formalaşmasında el aşıqlarının müstəsna rolu, Firdovsinin "Şahnamə" əsərində türklərə münasibət, böyük türk filosofu Fərabinin İslam dininə fəlsəfi yanaşması, dinin və fəlsəfənin ortaq tərəfləri, Nizaminin türk dünyası və Atabəylər haqqında tarixi faktlara və məntiqə əsaslanan orijinal fikirləri aid edə bilərəm.
Kitabdan əldə etdiyim biliklər bir çox cəhətdən mənə faydalı oldu. Birincisi, çoxlu miqdarda bilmədiyim yeni məlumatları əldə edə bildim. İkincisi, bildiklərimi, lakin pərakəndə şəkildə olan məlumatlarımı sistemləşdirmə imkanı qazandım. Nəhayət, mübahisəli olan bəzi məsələləri dəqiqləşdirməyə və istinad etməyə imkanım yarandı. Ümumilikdə bu kitabı Azərbaycanın tarixi, Azərbaycan türk etnosunun və dilinin təşəkkülü, həmçinin Türk Dünyası barədə dünyagörüşünün formalaşması üçün önəmli yolgöstərici kimi qəbul etdim. Ona görə də özünü Azərbaycan ziyalısı hesab edən hər bir kəsin bu kitabı oxumasını tövsiyə edirəm.
Nuru Bayramov,
Professor, AMEA-nın müxbir üzvü
17.11.2023



