|
|
|
|

Son illər rəsmi Bakının Mərkəzi Asiya dövlətləri ilə münasibətləri yeni mərhələyə qədəm qoyub. Xüsusilə, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi ilə regionda yaranmış olan yeni reallıqlar, Mərkəzi Asiya ölkələrində hökm sürən siyasi sabitlik, mövcud iqtisadi, nəqliyyat-logistika, investisiya potensialı əməkdaşlıq imkanlarını daha da artırır. Əlbəttə ki, burda tarixi bağlar da mühüm rol oynayır. Azərbaycan, o cümlədən, Mərkəzi Asiya dövlətləri son 30 ildə qarşılaşdıqları bütün sınaqlara, çətinliklərə baxmayaraq, müstəqil və sabit ölkələr kimi özlərini təsdiq edə bildilər.
Prezident İlham Əliyev ölkəmizin bu regiondakı dövlətlərlə əlaqələri barədə deyib: "Azərbaycanı və Mərkəzi Asiya ölkələrini xalqlarımızın çoxəsrlik qardaşlıq münasibətləri bağlayır. Ortaq mədəni köklər dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir. Otuz ildən artıqdır ki, biz müstəqil dövlətlər kimi həm ikitərəfli, həm çoxtərəfli formatda fəal şəkildə qarşılıqlı fəaliyyət aparırıq, bir-birimizin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik, iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdiririk. Mərkəzi Asiya və Azərbaycan artan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur".
Hazırda Azərbaycan və Mərkəzi Asiya ölkələri Türk Dövlətləri Təşkilatı, SPECA kimi formatlarda birgə işləyirlər. Bu formatlar əməkdaşlığı daha da möhkəmləndirir və onları vahid geosiyasi, iqtisadi, mədəni məkana çevirir. Bu mənada paytaxt Bakının ev sahibliyi etdiyi BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı - SPECA həftəsi və SPECA-nın 25-ci ildönümünə həsr olunan Zirvə görüşü mühüm əhəmiyyət kəsb edir. Sammitdə Proqramın üzvü olan ölkələrin prezidentləri və digər yüksək səviyyəli rəsmiləri iştirak edirlər.
Qeyd edək ki, 1998-ci ildə BMT tərəfindən yaradılmış SPECA Mərkəzi Asiya ölkələrində iqtisadiyyatın davamlı inkişafını və qarşılıqlı əlaqələrin gücləndirilməsini təşviq edən iqtisadi platformadır. Proqrama Azərbaycan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Əfqanıstan daxildir. Azərbaycan bura 2002-ci ildə qoşulub və hazırda birliyin fəal üzvlərindəndir. Proqramın məqsədi üzv dövlətlər arasında əməkdaşlığın inkişafı və dünya iqtisadiyyatına inteqrasiyanın dəstəklənməsidir.
SPECA-nın yaradılmasının 25 illiyi münasibətilə Azərbaycanın xüsusi təşəbbüsü ilə Bakı Ekspo Mərkəzində sərgi də açılıb. Sərgidə ancaq SPECA ölkələrinin stendləri yer alır. Həmin stendlərdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandan dövlət müəssisələrinin və özəl şirkətlərin məhsullarının nümunələri nümayiş olunur. Qeyd edək ki, sərginin məqsədi iştirakçı ölkələrin iqtisadi potensialını nümayiş etdirmək, birlikdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını müzakirə etmək və üzv dövlətlər arasında regional iqtisadi əməkdaşlığı gücləndirməkdir.
Dövlət başçılarının qarşılıqlı səfərləri ölkələr arasında dostluq əlaqələrini, iqtisadi əməkdaşlığı daha da gücləndirir. Azərbaycan Prezidenti son iki ildə Mərkəzi Asiya dövlətlərinə 10-dan çox səfər edib. Eyni zamanda bu regiona daxil olan dövlətlərin liderləri də dəfələrlə Azərbaycanda səfərdə olublar. Azərbaycanla region dövlətləri arasında əməkdaşlığın istiqamətlərindən birini də qarşılıqlı ticarət və sərmayə qoyuluşları təşkil edir. Bu istiqamətdə göstəricilərdə davamlı artım nəzərə çarpır. Belə ki, ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 3 dəfədən çox, bu ilin 7 ayı ərzində isə daha 50 faiz artıb. Azərbaycan Mərkəzi Asiya ölkələrinin Avropa ilə iqtisadi əlaqələrinin inkişafında mühüm rol oynayır. Azərbaycan bu region ölkələrinin Avropaya çıxış qapısı deməkdir. Ölkəmizin Şərqlə Qərbin, Şimalla Cənubun qovuşuğunda yerləşməsi ona əlverişli tranzit imkanları yaradır. Burada Orta Dəhlizin rolu xüsusi vurğulanmalıdır. Orta Dəhliz Çin-Qazaxıstan sərhədindən başlayaraq Mərkəzi Asiya ölkələri və Xəzər dənizindən, daha sonra isə Azərbaycan, Gürcüstan, Türkiyə ərazilərindən keçərək Avropaya qədər geniş bir ərazini əhatə edir. Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşrut sayılan Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi Çindən Türkiyəyə, oradan da Avropa ölkələrinə və əks istiqamətdə yükdaşımalarda böyük üstünlüklər vəd edir. Avropa ilə Asiya arasında körpü rolu oynayan Azərbaycanın coğrafi mövqeyi bütün sahələrdə, o cümlədən, beynəlxalq yükdaşımalarda əməkdaşlığın inkişaf etdirilməsinə imkan yaradır. Şərq-Qərb marşrutu ilə yükdaşımalara artan tələbatı təmin etmək məqsədilə Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolunu müasirləşdirir. Bu dəmir yolu ilə daşınan yüklərin həcmi gələn il 1 milyon tondan 5 milyon tona qədər artırılacaq. Eyni zamanda, Bakı Dəniz Ticarət Limanının imkanları 15 milyon tondan 25 milyon tonadək artırılır.
Xəzərdə 50-dən çox gəmidən ibarət ən iri ticarət donanmasına malik olan Azərbaycan Mərkəzi Asiya ölkələrindən yük göndərənlərin artan tələbatını nəzərə alaraq, gəmiqayırma zavodunun imkanlarının genişləndirilməsi istiqamətində fəal çalışır. Zavodda istehsal olunacaq tanker və quru yükdaşıyan gəmilərin sayı hazırda ildə 6 gəmidən 10-15 gəmiyə qədər artacaq.
Həmçinin, Azərbaycanla Mərkəzi Asiya dövlətləri birgə sərmayə fondları yaradıblar, növbəti 3 il üzrə 1 milyard dollardan artıq qarşılıqlı sərmayələrin həcmi razılaşdırılıb. Mərkəzi Asiyadan olan şirkətlər Azərbaycanda yaradılmış Ələt Azad İqtisadi Zonasına maraq göstərirlər.
Azərbaycanın SPECA Proqramının əhatə etdiyi ölkələrlə ikitərəfli əsasda da əlaqələrində artım özünü göstərir. Bu ilin yanvar-iyul aylarında Azərbaycanın Qazaxıstanla ticarət dövriyyəsi illik müqayisədə 32 faiz, Türkmənistanla 3,6 dəfə, Qırğızıstanla isə 4,8 dəfə artıb. Əfqanıstana gəlincə, Azərbaycan bu ölkəyə hər zaman öz dəstəyini göstərib, təhlükəsizliyinin təminində iştirak edib, 2002-2021-ci illərdə sülhyaratma missiyasında iştirak edib, məlum hadisələr zamanı Azərbaycan hərbçiləri Əfqanıstanı sonuncu tərk edən koalisiya qüvvələrinin hərbçiləri arasında olublar.
Ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatında, həmçinin Türk Dövlətləri Təşkilatında, İslam Əməkdaşlıq Təşkilatında, İqtisadi Əməkdaşlıq Təşkilatında və digər qurumlarda aktiv fəaliyyəti onun qlobal miqyasda cərəyan edən proseslərə təsir imkanlarını genişləndirib. Azərbaycan Türk dünyasının birləşməsi, həmrəyliyi istiqamətində də öz əvəzsiz töhfələrini verməkdədir. Son üç ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə bu təşkilatın iki fövqəladə Zirvə görüşü keçirilib. Görünən odur ki, Azərbaycan Türk dünyası, həmçinin Mərkəzi Asiya ölkələri ilə inteqrasiyanın artması, əməkdaşlığln dərinləşməsi üçün səylə çalışır. Dövlət başçısı bu məqama toxunaraq deyib: "...Zənnimcə, Mərkəzi Asiya və Azərbaycan gələcəkdə, ilk növbədə, sözsüz ki, nəqliyyat, təhlükəsizlik məsələləri baxımından daha çox inteqrasiyalaşmış ola bilər. Çünki Mərkəzi Asiya ölkələri üçün nəqliyyat, təhlükəsizlik məsələləri və ixrac bazarlarına çıxış bu gün bir müddət əvvəl olduğundan daha çox əhəmiyyət kəsb edir.
...Biz Mərkəzi Asiya ilə Azərbaycan arasında regional əməkdaşlığa töhfə vermək üçün əlimizdən gələni edirik.
...Biz Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələri ilə, Türkiyə ilə birlikdə Türk Dövlətləri Təşkilatındayıq, Tacikistanla çox fəal siyasi və iqtisadi dialoqumuz var. Bu, bir növ bu günün reallığıdır. Əlbəttə, bunu daha da fəallaşdırmaq vacibdir. Son iki ildə mənim Mərkəzi Asiyadan olan tərəfdaşlarla qarşılıqlı əlaqələrim və qarşılıqlı səfərlər misli görünməmiş dərəcədə yüksəlib".
Milli Məclisin deputatı Cavanşir Feyziyev mövzu ilə bağlı deyib ki, 1998-ci ildə BMT tərəfindən yaradılmış və fəaliyyətə başlamış SPECA proqramı - Mərkəzi Asiya ölkələrində iqtisadiyyatın davamlı inkişafını və qarşılıqlı əlaqələrin gücləndirilməsini təşviq edən iqtisadi platformadır. Proqram çərçivəsində BMT Azərbaycan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Əfqanıstan arasında iqtisadi əlaqələrin canlandırılmasına dəstək verilməsi məqsədilə qarşılıqlı təcrübə mübadiləsinin təşkilini həyata keçirir, mümkün əməkdaşlıq modellərini araşdırır və təşviq edir. Bu proqramda SPECA üzv ölkələrini əhatə edən region daxilində qarşılıqlı iqtisadi bağlantıların yaradılması üçün nəqliyyat-logistika və sərmayə yatırımları imkanlarının araşdırılması ilə bağlı müvafiq layihələrin işlənib hazırlanması və müzakirəyə çıxarılması, eyni zamanda, ölkələr arasında mədəni-humanitar əlaqələrin canlandırılması və regional inteqrasiya meyllərinin həvəsləndirilməsi nəzərdə tutulur. O bildirib ki, SPECA Proqramı 1998-2030-cu illəri əhatə edir. İqtisadi inteqrativ layihələrə yol açılması və bu proseslərin dəstəklənməsi baxımından Proqramın faydalılığı heç bir şübhə doğurmur: "Əlbəttə, bu dəstək yalnız texniki-metodik xarakter daşıyır, inteqrasiya proseslərini hərəkətə gətirə biləcək layihələrin maliyyələşdirilməsi və reallaşdırılması isə üzv dövlətlərin özləri tərəfindən həyata keçirilir. Buna baxmayaraq, inteqrasiya proseslərinin iqtisadi əsaslarının tədqiqi, iqtisadi dəyərləndirilməsi və perspektivlərin aşkarlanması baxımından SPECA olduqca faydalı bir layihədir".
SPECA-nın daha bir özəlliyinə toxunan deputat diqqətə çatdırıb ki, bu Proqram əsasən Türk geosiyasi regionunu əhatə edir və nəticə etibarilə həm də Azərbaycanın Türk Dövlətləri Təşkilatı çərçivəsində başlatdığı inteqrasiya təşəbbüslərinə dəstək rolunu oynayır: "Son dövrlər Türk dövlətlərinin başçılarının artan qarşılıqlı səfərləri ölkələrimiz arasında iqtisadi əməkdaşlığın ikitərəfli və çoxtərəfli formatda inkişafını gücləndirir. Hər bir Türk dövlətinin milli maraqları, eləcə də bu regionun beynəlxalq arenada artmaqda olan nüfuzu ölkələrimizin sıx əməkdaşlığını zəruri və labüd edir. Bu baxımdan SPECA çərçivəsində əməkdaşlıq da regional miqyasda işbirliyinin inkişafı üçün münbit zəmin yaradır. Türkiyə və Azərbaycanla birlikdə vahid Türk geosiyasi regionunu təşkil edən Mərkəzi Asiya ölkələri Avrasiyanın coğrafi mərkəzində vahid Türk siyasi platformasının ərsəyə gətirilməsində mühüm rol oynayan aktorlardır. Mərkəzi Avrasiyanın Türk regionu özünün iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik vahid tarixi-mədəni və coğrafi regiondur. Son illərdə regionun Türk dövlətləri arasında intensivləşən siyasi-iqtisadi əlaqələr Türk dünyası çərçivəsində siyasi-iqtisadi, hərbi-texniki, mədəni-humanitar inteqrasiya proseslərini sürətləndirməkdədir. Bu proseslər bizi əsrlər boyu arzuladığımız, beynəlxalq siyasət müstəvisində vahid platforma təşkil edən böyük Türk birliyinə addım-addım yaxınlaşdırır. Bu birliyin məramı isə Türk geosiyasi regionunu Avrasiyanın siyasi-hərbi güc mərkəzlərindən birinə çevrilməsini təmin etməkdir".



