|
|
|
|

Azərbaycanda Ağdərə rayonu yenidən yaradılır. Müvafiq qanun layihəsi noyabrın 27-də Milli Məclisin Regional məsələlər komitəsinin iclasında müzakirə edilib və parlamentin plenar iclasına tövsiyə olunub. Layihəyə əsasən, inzibati ərazi vahidi kimi 1992-ci ildə ləğv olunan və ərazisi Kəlbəcər, Tərtər və Ağdam rayonları arasında bölüşdürülən Ağdərə rayonunun ərazisi əvvəlki qaydada təşkil olunur. Suqovuşan qəsəbəsi də yenidən Ağdərə rayonunun tərkibinə verilir, rayonun mərkəzi isə Ağdərə şəhəri olacaq. Layihədə 1660,83 kv.km ərazidə yaradılacaq Kəlbəcər rayonunun ərazisindən 735,84, Tərtər rayonundan 851,25, Ağdam rayonundan isə 73,74 kvadratkilometr sahənin Ağdərə rayonunun inzibati ərazisinə verilməsi təklif olunur.
Ağdərə rayonunun yenidən yaradılması mühüm əhəmiyyət kəsb etməklə yanaşı həm də tarixi ədalətin bərpasıdır. Çünki həm o zaman mövcud olan vəziyyət, eyni zamanda sonrakı proseslər rayonun ləğvi ilə bağlı qərarın qəbulunun yanlış olduğunu göstərdi. Həmin vaxt ermənilər artıq Azərbaycan ərazilərini işğal etməyə başlamışdılar. Ermənilər Ağdərə rayonunu 1993-cü il iyulun 7-də işğal etdilər. İşğala qədər Ağdərənin 14 kəndində (Sırxavənd, Bəşirlər, Qaraşlar, Qaralar, Baş Güneypəyə, Orta Güney, Xatınbəyli, Manikli, Tellibinə, Narınclar, Çərəktar, İmarət-Qərvənd, Umudlu, Yeni Qaralar) və Gəncxana sovxoz qəsəbəsində 14 mindən çox azərbaycanlı yaşayıb və işğal zamanı rayonun bütün əhalisi öz doğma yurdlarından məcburən köçkün düşərək Azərbaycanın müxtəlif bölgələrində məskunlaşdılar.
Ağdərənin rayon tipli iki qəsəbəsi, 57 kəndi, 67 klubu, 51 kitabxanası, 30 orta məktəbi, 7 xəstəxanası, 1 texniki peşə məktəbi işğal altında idi. Azərbaycan dövlətinin 2023-ci il 19-20 sentyabrda həyata keçirdiyi lokal antiterror tədbiləri ilə ölkəmizin ərazisində separatizmin və qanunsuz silahlı birləşmələrin mövcudluğuna son qoyuldu, Ağdərə terrorçulardan təmizləndi. Bu il oktyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyev Ağdərə şəhərində dövlət bayrağımızı ucaltdı.
Qeyd etmək lazımdır ki, əsasən dağlıq, şərq hissəsi isə düzənliklərdən ibarət olan Ağdərə faydalı qazıntılarla - polimetal yatağı, əhəngdaşı və gipslə zəngindir. Ağdərə tarixən Qarabağın mühüm kənd təsərrüfatı rayonlarından biri olub, iqtisadiyyatında üzümçülük, taxılçılıq, tütünçülük və heyvandarlıq əsas yer tutub. Tərtər çayı dərəsi boyunca Azərbaycanın yuxarı və aşağı Qarabağını birləşdirən karvan və avtomobil yolları var idi. Ağdərənin qədim memarlıq abidələri və qədim körpüləri, müqəddəs ziyarətgahı Ulduztəpə piri var. Memarlıq abidələrindən Vəngli kəndindəki məşhur Gəncəsər alban məbədi, Kolatağ kəndində müqəddəs İako məbədi (635-ci il), Talış kəndi yaxınlığında Urek məbədi (XII əsr), Tərtər çayının yuxarı axarında məbəd (XIII əsr), Hatəm Məlik qalası, bir çox qədim məbədlər və tarixən salınmış körpülər, eləcə də bütün abidələr Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılıb və mənimsənilib. Ermənistan Ağdərəni işğalda saxladığı dövrdə rayonun sərvətləri ta-lan edərək beynəlxalq hüquqa zidd əməllər həyata keçirdi. Tərtər çayı üzərində salınmış Sərsəng su anbarı ilə əlaqədar yaranmış vəziyyətə görə ciddi narahatlıq Avropa Şurası Parlament Assambleyasının 2085 saylı qətnaməsində öz əksini tapdı. Həmin qətnamədə qəsdən süni ekoloji böhranın yaradılması "ekoloji təcavüz" kimi qiymətləndirildi, Sərsəng bəndinin baxımsızlığının xeyli sayda insan itkisi və yeni humanitar böhranla müşayiət olunan fəlakətlə nəticələnə biləcəyi vurğulandı. Bu qətnamədə Ermənistan silahlı qüvvələrinin Sərsəng bölgəsindən dərhal geri çəkilməsi, Ermənistan hakimiyyətinin su ehtiyatlarından münaqişə tərəflərinin yalnız birinin xeyrinə siyasi təsir, yaxud təzyiq vasitəsi kimi istifadə etməsini dayandırması tələb edildi.
Ermənistan işğal müddətində digər ərazilərimizdə olduğu kimi, Ağdərə rayonunun sərvətlərini də talan edib. Hazırda Azərbaycan dövləti azad edilmiş ərazilərdə geniş və sürətli bərpa quruculuq işləri aparır. Eyni zamanda müharibədən sonra mina terroru ilə mübarizəyə başlayan Azərbaycan bu problemin aradan qaldırılması üçün də bütün gücünü səfərbər edib. Çünki infrastrukturun qurulması, bərpa-tikinti işlərinin aparılması, insanların təhlükəsiz qayıdışı üçün ilk növbədə ərazilər minalardan təmizlənməlidir. Məlumata görə, 2026-cı ilə qədər 140 min insan doğma yurduna qayıdacaq.
Heç şübhəsiz ki, Ağdərə rayonunun yenidən yaradılması azad olunmuş digər ərazilərimiz kimi buraya da yeni nəfəs gətirəcək. Həmçinin, Ağdərədən olan və məcburi köçkün həyatı yaşayan soydaşlarımız yenidən doğma yurdlarına qovuşmağın xoşbəxtliyini yaşayacaq.
Dövlət başçısı noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paraddakı çıxışında bununla bağlı deyib: "Oktyabrın 15-də Ağdərədə, Əsgəranda, Xocavənddə, Xocalıda və Xankəndidə mən Azərbaycan Bayrağını qaldırdım. Bundan böyük xoşbəxtlik ola bilməz - həm mənim üçün, həm sizin üçün, həm Azərbaycan xalqı üçün, həm də bütün dünya azərbaycanlıları üçün".



