ABŞ-Azərbaycan əlaqələri artıq müsbət məcraya qayıtdığını söyləmək olar. Bir müddət əvvəl məhz Birləşmiş Ştatlardan Azərbaycanla bağlı verilən bəyanatlar, atılan addımlar iki dövlətin münasibətlərinə ciddi zərər vurdu. Konkret olaraq, bu il noyabrın 15-də ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Braynın Nümayəndələr Palatasının alt komitəsində keçirilən dinləmələrdə Azərbaycanla bağlı səsləndirdiyi qərəzli fikirlər iki ölkənin münasibətlərinin mahiyyətinə və ruhuna zidd olmaqla yanaşı, onun qırmızı xətti keçməsi idi.
Rəsmi Bakının reaksiyası da adekvat oldu. ABŞ-ın Azərbaycana münasibətdə yüksək səviyyəli ikitərəfli görüş və təmasları təxirə salması və “ikitərəfli münasibətlərimiz “əvvəlki kimi” ola bilməz” bəyanatına cavab olaraq XİN açıqlamasında Azərbaycan tərəfinin də öz növbəsində ABŞ-dan olan yüksək səviyyəli səfərləri ləğv etdiyini vurğuladı.
O`Brayının bu qərəzli çıxışı Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda planlaşdırılan görüşünün ləğvinə və rəsmi Bakının ABŞ-ın vasitəçiliyindən faktiki imtinasına səbəb oldu. Azərbaycan dövləti bu məsələdə öz qətiyyətli, prinsipial mövqeyini ortaya qoydu və göstərdi ki, bu tərzdə Bakı ilə münasibətləri davam etdirmək mümkün deyil. Qısa müddət sonra Vaşinqton səhvə yol verdiyini anladı.
Azərbaycan müstəqillik əldə etdikdən bu yana ABŞ-la əməkdaşlıq edir, iki dövlətin münasibətləri strateji tətəfdaşlıq səviyyəsindədir. 2001-ci ildə 11 sentyabr hücumlarından sonra Azərbaycan terroru pisləyən, ABŞ-nin terrorla mübarizə səylərinə ilk dəstək verən ölkələrdən biri olub. Məhz Azərbaycan hava məkanı marşrutlarını və logistika imkanlarını, Şimal Paylayıcı Şəbəkəsini açmaqla ABŞ tərəfinə öz yardım əlini uzadıb.
Əfqanıstanda ABŞ tərəfi ilə çiyin-çiyinə mübarizə aparan ilk dövlətlərdən biri də məhz Azərbaycan olub. Eyni zamanda, Əfqanıstanı tərk edən sonuncu tərəfdaş ölkə olub.
İkincisi, Azərbaycan Cənubi Qafqazın lider dövləti olmaqla yanaşı, yerləşdiyi coğrafi mövqe, logistik imkanları ona bütün istiqamətlərdə əməkdaşlıq üçün əlverişli imkan yaradır. Azərbaycanla münasibətləri pisləşdirmək ABŞ-nin təhlükəsizlik maraqlarına da zidd idi.
Noyabrın 27-də dövlət katibi Antoni Blinken Prezident İlham Əliyevə zəng etdi. O, münasibətlərin normallaşdırılması məqsədilə dekabrda dövlət katibinin köməkçisi Ceyms O'Braynın Azərbaycana səfərinə icazə verilməsini xahiş edib. Prezident İlham Əliyev həmin təkliflə bir şərtlə razılaşdı ki, bu səfərdən sonra Azərbaycanın yüksək səviyyəli rəsmilərinin ABŞ-a səfərlərinə qoyulan əsassız qadağa aradan qaldırılsın. Blinken bunu qəbul etdi.
Dekabrın 6-da Ceyms O’Braynı qəbul edən Prezident İlham Əliyev Azərbaycan ilə ABŞ arasında münasibətlərin zəngin tarixinin olduğunu deyərək, ölkələrimizin Azərbaycanın müstəqilliyi illərində müxtəlif sahələrdə əməkdaşlıq əlaqələri qurduğunu, xüsusilə energetika sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyini bildirdi.
Dövlətimizin başçısı 44 günlük Vətən müharibəsi başa çatandan sonra Ermənistanın öz öhdəliklərini yerinə yetirmədiyini, Azərbaycan ərazilərinə silah-sursat və hərbi qulluqçular göndərdiyini, separatizmi dəstəklədiyini qeyd edərək, Azərbaycanın antiterror tədbirlərini öz suveren ərazilərində keçirdiyini, təcavüzkar separatizmə son qoyduğunu və əməliyyatın keçirilməsi zamanı nümunəvi şəkildə beynəlxalq humanitar hüququn tələblərinə riayət etdiyini, mülki insanlara və infrastruktura hər hansı zərərin dəymədiyini diqqətə çatdırdı. Ölkəmizin regional sülh gündəliyini dəstəklədiyini vurğulayan Prezident İlham Əliyev bildirdi ki, münaqişə başa çatandan və Azərbaycan suverenliyini tam şəkildə bərpa edəndən sonra sülhün bərqərar olunması üçün tarixi imkanlar yaranıb və ABŞ da yeni reallıqlar nəzərə alınaraq bu prosesə öz töhfəsini verə bilər.
Ceyms O’Brayın İlham Əliyevin sözlərini təsdiqləyərək ABŞ ilə Azərbaycan arasında əlaqələrin dərin köklərə malik olduğunu və ölkələrimizin yaxşı tərəfdaş olduqlarını vurğuladı. O da Azərbaycanın enerji resurslarının dünya bazarlarına çıxarılmasında ABŞ-nin rolundan danışdı. Amerikanın bölgədə sülh gündəliyini, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşmasını, sülh müqaviləsi üzrə danışıqları dəstəklədiyini deyən Ceyms O’Brayın danışıqların Vaşinqtonda davam etdirilməsi üçün ABŞ-nin hazır olduğunu diqqətə çatdırdı.
Dövlət Departamentin mətbuat katibi Metyu Millerin açıqlaması da göstərir ki, ABŞ-Azərbaycan münasibətləri əvvəlki səviyyəyə qayıdır. O bəyan edib ki, Azərbaycanla əməkdaşlığa xitam vermək ABŞ-nin maraqlarına zidd olardı: "ABŞ tərəfi heç vaxt Azərbaycanla əməkdaşlığı davam etdirmək fikrində olmadığını deməyib. Biz Azərbaycan və Ermənistanla birbaşa danışıqları davam etdiririk. Davamlı sülh axtarmaq üçün onlarla işləməyə davam edirik və bu, bizim diqqətimizdə qalacaq”.
Görünən odur ki, ABŞ Cənubi Qafqaz regionunda yaranmış yeni reallıqları qəbul edir. Azərbaycanın öz suverenliyini bərpa etməsi ilə yaranan yeni reallıq şəraitində sülh üçün çox yaxşı imkanlar var. Amerika bunu dərk edərək münasibətləri irəliyə doğru aparır. Eyni zamanda, Azərbaycan rəsmilərinin də ABŞ-a səfəri bərpa olunur. Bu, ikitərəfli münasibətlərin müsbət məcrada davam etdirilməsi üçün vacibdir.
Onu da qeyd edək ki, Ceyms O’Brayın "X" sosial media hesabında Bakıdakı danışıqları konstruktiv adlandırıb: “ABŞ-Azərbaycan münasibətlərinin gələcəyini müzakirə etmək üçün Prezident İlham Əliyevlə ilk konstruktiv söhbət apardıq. Regionda davamlı, ləyaqətli sülhün bərqərar olması tarixi imkanlar açacaq".
Milli Məclisin deputatı Aydın Mirzəzadə hesab edir ki, Azərbaycanla ABŞ arasında həmişə yaxşı münasibətlər olub: "Dünyada stabilliyin, əmin-amanlığın təmin edilməsində dövlətlərimiz bir çox birgə təşəbbüslərdə iştirak ediblər". Onun sözlərinə görə, ABŞ və Azərbaycan arasında vaxtaşırı siyasi məsləhətləşmələr keçirilib, rəsmi nümayəndə heyətləri səfərlər həyata keçiriblər: "Ancaq son dövrdə təəssüf ki, ABŞ administrasiyasının müəyyən nümayəndələri Azərbaycanla münasibətlərə xələl gətirəcək bəyanatlar verir, addımlar atırlar. ABŞ Senatının lüzumsuz yerə “erməniləri müdafiə aktı”nı qəbul etməsi, dövlət katibinin köməkçisi O'Braynın Azərbaycanı ittiham edən çıxışı münasibətlərimizə müəyyən soyuqluq gətirdi. Ancaq ABŞ və Azərbaycanın münasibətlərinin yaxşı olması hər iki dövlətin, regionun və dünyanın marağındadır. ABŞ-nin bu regionda, eyni zamanda "Qoşulmama Hərəkatında" Azərbaycansız həyata keçirdiyi təşəbbüslər çox yarımçıq, natamam görünür. Bunun nəticəsidir ki, ABŞ dövlət katibi öz nümayəndəsini münasibətlərin normallaşdırılması üçün göndərdi".
A.Mirzəzadə bildirib ki, Azərbaycan Prezidenti ilə ABŞ rəsmisinin görüşü konstruktiv məcrada keçib: "Azərbaycan özünün suveren hüquqlarını beynəlxalq hüquq normalarına uyğun olaraq həyata keçirir. Heç kəs bizim ərazi bütövlüyümüzü şübhə altına ala bilməz, Azərbaycanı hansısa milli azlığa qarşı qərəzli siyasət aparmasında ittiham edə bilməz. Belə faktlar yoxdur, Azərbaycan heç bir zaman bunu etməyib. Azərbaycan multikultural, tolerant bir ölkədir. Burada müxtəlif millətlərin nümayəndələri yaşayır, müxtəlif dinlərin və məzhəblərin nümayəndəliyi sərbəst şəkildə dini etiqadını həyata keçirir. Azərbaycan açıq cəmiyyətdir və bir çox məsələlərdə dünya ilə birgə hərəkət edir. Hesab edirəm ki, O'Braynın Azərbaycana səfəri münasibətlərimizin əvvəlki məcraya qayıtmasına kömək edəcək. Bu məsələdə Azərbaycanın dövlət başçısının qətiyyətli siyasəti əlbəttə ki, öz rolunu oynadı".