|
|
|
|

Dekabrın 6-da "Libraff" kitab mağazaları şəbəkəsinin "Park Akademiya" filialında dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin xatirəsinə həsr olunan "Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq" kitabının imza günü keçirilib. Tədbirdə yazıçılar, ictimai şəxslər, oxucular iştirak ediblər. Kitabın müəllifləri - Xalq yazıçısı, akademik Kamal Abdulla və AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyev nəşrin yazılma səbəblərindən, "Kitabi-Dədə Qorqud"da əcdadlarımızın təfəkkürünə xas dərin qatlardan, mistika, sehr, fəlsəfi düşüncənin zənginliyindən danışıblar.
Qeyd olunub ki, Lütfi Zadənin məntiq nəzəriyyəsindən də bəhrələnməklə ərsəyə gətirilən kitabda qeyri-səlis məntiq nəzəriyyəsində söylənilən dörd sütun - ümumi məntiq, qeyri-səlis çoxluqlar, epistemik (epistemoloji) və münasibətlər sütunu haqqında yazılıb: "Türklərin qədim dastanı olan "Kitabi-Dədə Qorqud" dastanı qeyri-səlis məntiq prinsiplərinə öz dil məkanında bol-bol yer verir. Bu qədim dastanın dərinində gizlənən düşüncə tərzi qeyri-səlis məntiqin dörd sütununa aid olan spesifik məntiqi sxemlərin formalaşmasına gətirir. Məlum olur ki, dastanımızda qeyri-səlis məntiqə dair kifayət qədər geniş dil materialı var. Bu da öz növbəsində ondan xəbər verir ki, qədim əcdadımız dünyaya baxışında daha geniş və dərin yanaşmanı üstün tutur. Seçim imkanı olan yanaşma onun tərcihi olur".
Çıxış edənlər bildiriblər ki, kitab həm qorqudşünaslar, həm də informasiya nəzəriyyəçiləri üçün faydalı və maraqlı olacaq. Çünki qeyri-səlis məntiq prinsipləri xalq yaradıcılığına, dastana ilk dəfə tətbiq edilir.
Tədbirin sonunda müəlliflər oxucular üçün kitab imzalayıblar.




