|
|
|
|

Azərbaycanla Ermənistan arasında vasitəçi olmadan danışıqların aparılmasını rəsmi Bakı dəfələrlə gündəmə gətirib. Son əldə edilmiş razılaşma da bir daha onu göstərdi ki, Bakı haqlıdır. Yəni iki dövlət indi elə mərhələdədir ki, vasitəçiyə necə deyərlər, ehtiyac qalmayıb. Söhbət 44 günlük müharibə, eyni zamanda bu ilin sentyabrında Azərbaycanın həyata keçirdiyi bir günlük lokal antiterror tədbirlərindən gedir. Bununla Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Həmçinin, sülh gündəliyinin irəli aparılması, sülh sazişinin imzalanması üçün hər hansı maneənin qalmadığını göstərdi. İndi hər şey İrəvanın sonrakı davranışlarından asılı olacaq. Artıq qeyd etdiyimiz kimi, vasitəçisiz danışıqların presidenti də var. Söhbət Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ilə Ermənistanın Baş nazirinin Aparatının 7 dekabr tarixli birgə bəyanatından gedir. Həmin birgə bəyanat yaxşı nümunə olmaqla yanaşı, həm də ilk və uğurlu addım idi. Xatırladaq ki, bəyanatda tərəflər regionda çoxdan gözlənilən sülhün əldə olunması üçün tarixi fürsətin yarandığı fikrini bölüşərək, iki ölkə münasibətləri normallaşdırmaq, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh sazişinə nail olmaq niyyətini bir daha təsdiq ediblər. Razılaşma nəticəsində saxlanılan hərbçilər qarşılıqlı azad edildi, Ermənistan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycanın namizədliyini dəstəklədi. Azərbaycan da Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəklədi.
Bu, iki ölkə arasında etimad quruculuğu istiqamətində mühüm addım idi, gözlənilən odur ki, tərəflər daha da irəli gedə biləcəklər. Qeyd edilən razılaşma bütün beynəlxalq təşkilatlar, eyni zamanda aparıcı dövlətlər tərəfindən alqışlandı. Bundan sonra hansı inkişaflar gözlənilir? Məlum olan odur ki, Ermənistan Fransa kimi bəzi xarici güclərin təsiri altındadır. Əgər müstəqil iradəyə sahib olsaydı, daha irəli getmək olardı, hətta ilin sonuna kimi sülh sazişinin imzalanması da mümkün idi. İstənilən halda, Azərbaycan sülh istəyir, regionda təhlükəsizliyin, sabitliyin, dinc qonşuluğun, birgəyaşayışın tərəfdarıdır. Belə olmasaydı, qalib dövlət müharibədən dərhal sonra Ermənistana sülh təklif etməzdi. Təkcə təklif etmədi, həm də bunun üçün səylə çalışır. Azərbaycan Cənubi Qafqazın lider dövlətidir, regionda söz sahibidir. Həmçinin, geostrateji mövqeyi onu daha da əhəmiyyətli edir. Beynəlxalq və regional layihələrin reallaşmasında Bakının mühüm rolu var. Ermənistan hakimiyyəti də bunu yaxşı görür və anlayır, yetər ki, reallıqları qəbul edib, əməli addımlar atsın. Digər tərəfdən, həm də son aylarda gördüklərimiz o oldu ki, Azərbaycana qarşı bütün qarayaxmalar, bütün oyunlar, ssenarilər iflasa uğradı. Fransanın BMT Təhlükəsizlik Şurasında Bakı əleyhinə qətnamələrin qəbuluna çalışması, Avropa İttifaqında, digər müstəvilərdə apardığı kampaniyalar gözlədikləri nəticəni vermədi. ABŞ sərt ritorikasından geriyə addım atdı. Bakı haqlı idi, güclü idi, bütün addımları beynəlxalq hüquq çərçivəsində idi və ona görə də belə kampaniyalar öz məqsədinə çatmadı.
Milli Məclisin deputatı politoloq Rasim Musabəyov hesab edir ki, hazırda Azərbaycanın geosiyasi əhəmiyyəti artıb. Rusiyanın Ukraynaya təcavüzündən və avropalı istehlakçıların Rusiya neft və qazından imtina etməsindən sonra Azərbaycanın karbohidrogen ehtiyatlarına maraq daha da yüksəlib. Avropa İttifaqının istəyi ilə Bakı 2027-ci ilə qədər Azərbaycan qazının Avropa istehlakçılarına ixracını iki dəfə artıracağını bəyan edib. Bundan əlavə, Azərbaycan "Xəzər-Avropa Yaşıl Enerji Dəhlizi" irimiqyaslı layihəsinin təşəbbüskarı və əsas iştirakçısıdır. Deputat deyib ki, Azərbaycanın logistik əhəmiyyətinə gəlincə, həm Avropa dövlətləri, həm də ABŞ arasında əlaqələrimizə maraq yüksək səviyyədə qalır: "Fransa prezidenti Makron və Almaniya kansleri Şolz bir-birinin ardınca Qazaxıstan və Özbəkistana səfər ediblər. Payızda ABŞ prezidenti Bayden Nyu-Yorkda Mərkəzi Asiya ölkələrinin başçıları ilə xüsusi görüş keçirdi. Coğrafi xəritəyə bir nəzər salmaq kifayətdir ki, Mərkəzi Asiya hər tərəfdən "kollektiv Qərb"in (Rusiya, Çin, Əfqanıstan və İran) əleyhdarları və ya rəqibləri ilə əhatə olunub və yeganə açıq kommunikasiya dəhlizi Azərbaycan və Xəzər dənizindən keçir. Yaxın Şərqdəki fəsadlar və ABŞ və müttəfiqləri ilə İran arasında artan gərginlik ölkə ilə uzun quru və dəniz sərhədi olan Azərbaycana da diqqəti artırır. Bakı Ələtdə liman infrastrukturunu genişləndirir və dəmir yolunun ötürücülüyünü artırmaq üçün Gürcüstana kreditlər ayırıb. Moskva və Tehran İranın Bəndərabad limanından Sankt-Peterburqa qədər Şimal-Cənub nəqliyyat dəhlizinin işə salınmasına imkan verəcək Rəşt-Astara dəmir yolu xəttinin tikintisinə icazə verib. Sədrliyi dövründə Azərbaycan 120 dövləti birləşdirən Qoşulmama Hərəkatını canlandırdı, dövlətimizin bu fəaliyyəti yekdilliklə sədrlik müddətimizin daha bir il uzadılmasına səbəb oldu. Fransanın BMT Təhlükəsizlik Şurasında ölkəmizə qarşı yönəlmiş qətnamə və bəyanatlar qəbul etdirmək cəhdlərini iflasa uğratdı. Yekdil dəstək ilə Bakı gələn il COP-29 iqlim sammitinə ev sahibliyi edəcək. ABŞ Dövlət Departamentinin Azərbaycanla qarşılıqlı əlaqələrin səviyyəsinin azaldılması ilə bağlı tələsik bəyanatı dərhal rədd edildi. Dövlət katibi Blinkenin Prezident İlham Əliyevə zəngi, ardınca ABŞ dövlət katibinin köməkçisi Ceyms O'Braynın Bakıya səfəri oldu. Birləşmiş Ştatlar sülh müqaviləsi üzrə danışıqları başa çatdırmaq məqsədilə gələn ilin yanvarında Vaşinqton platformasında Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında dialoqun davam etdirilməsini israrla təklif edir".
R.Musabəyov əlavə edib ki, erməni siyasətçilərin, analitiklərin Azərbaycanın təcrid olunması, geostrateji əhəmiyyətinin azalacağı ilə bağlı illüziyaları reallıqla üz-üzə gəldikdə dağıdıldı. Ona görə də Ermənistan-Azərbaycan münasibətlərini normallaşdırmaq üçün sülh sazişin hazırlanması prosesini süni surətdə ləngitməyə dəyməz.



