|
|
|
|

Azərbaycan son illərdə bütün sahələrdə böyük uğurlar əldə edib. Bu gün birmənalı olaraq Azərbaycan regionun lider dövlətidir, eyni zamanda, beynəlxalq müstəvidə mühüm rola və yerə malikdir. Həyata keçirilən uğurlu, ölçülüb-biçilmiş xarici siyasət nəticəsində dövlətimizə qarşı aparılan bütün qərəzli, qarayaxma kampaniyaları, ssenarilər iflasa uğrayıb. Biz, xüsusilə dövlətimiz öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra bu ssenarilərə start verildiyinə şahidlik etdik. Bir daha məlum oldu ki, özünü dünyanın söz sahibi hesab edən bəzi güclər İkinci Qarabağ müharibəsindən sonrakı status-kvonun saxlanılmasında maraqlı imişlər. Ancaq təbii ki, bu, onların istəyi idi. Azərbaycanın dövlət maraqları isə suverenliyimizin tam bərpasını tələb edirdi və bu da həyata keçirildi. Rəsmi Bakı Fransanın və onun təhriki ilə Azərbaycana qarşı çıxan, hətta sanksiyalardan danışan bütün güclərə öz qətiyyətini, iradəsini bir daha sübut etdi. Göstərdi ki, kimsə onunla diktant dilində danışa, nəyəsə göstəriş verə bilməz, münasibətlər bərabər əsasda qurulmalıdır. Əlbəttə ki, dövlətimizin güclənməsində iqtisadi-sosial sahədə aparılan islahatlar, əldə edilən nəticələr də mühüm rol oynadı. Bu gün bu istiqamətdə işlər sürətlə davam etdirilir. Xüsusilə, işğaldan azad edilmiş ərazilərimizə yeni həyat, yeni nəfəs qayıdır. Dövlət başçısı mütəmadi olaraq azad edilmiş ərazilərə səfərlər edir və görülən işlərlə yerindəcə tanış olub, əlavə tapşırıqlarını verir. Azərbaycan dövləti qurur-yaradır, sülh üçün çalışır, həm də bölgənin təhlükəsizliyinə, rifahına öz töhfəsini verir.
Milli Məclisin deputatı Musa Quliyev mövzu ilə bağlı deyib ki, 21-ci əsrdə Azərbaycan dövlətinin möhkəm bünövrə üzərində qurulması, qüdrətlənməsi, sosial-iqtisadi inkişafı, hərbi qüdrətinin artması, torpaqlarının işğaldan azad olunaraq, ərazi bötüvlüyü və suverenliyinin bərpa olunması, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun yüksəlməsi cənab Prezident İlham Əliyevin yorulmaz fəaliyyəti ilə bağlıdır: "Bütün bunlar ölkə başçısı İlham Əliyevin adı ilə Azərbaycanın şanlı tarixinə yazılacaq. 2003-cü ildə "Mən hər bir azərbaycanlının Prezidenti olacam" deyən ölkə başçısı bu vədini tam doğrultmuş oldu və təkcə 10 milyonluq Azərbaycan seçicisinin deyil, 60 milyona yaxın dünya azərbaycanlılarının lideri oldu. Eyni zamanda Prezident İlham Əliyev öz fəaliyyəti ilə Türk dünyasının birləşməsi, güclənməsi, yenidən təşkilatlanması və TDT-nin yaranmasına öz tarixi xidmətlərini və töhfəsini verdi".
Deputat bildirib ki, İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın iqtisadiyyatı 20 il ərzində 4 dəfə artdı, dövlət büdcəsi 30 dəfə çoxaldı və ölkəmizdə bir çox sosial-iqtisadi uğurlu layihələr həyata keçirildi: "Görülən işlərin nəticəsində Azərbaycanda yoxsulluq 9 dəfə, işsizlik 10 dəfə aşağı düşdü. 2023-cü ildə 2003-cü ilə nisbətən minimum pensiyanın minimum məbləği 36 dəfə, orta aylıq əməkhaqqı 14 dəfə, orta aylıq pensiya 12 dəfə artdı. Ölkəmizdə aparılan sosial-iqtisadi islahatların uğurlu nəticəsi olaraq, 2009-cu ildə ölkə başçısı Azərbaycanda iqtisadi cəhətdən keçid dövrünün başa çatdığını elan etdi, 2014-cü ildə Azərbaycanın sosial dövlət olduğu dünyaya bəyan edildi.
Sosial dövlətin əsas xarakteristikası ondan ibarətdir ki, sosial ədalət və rifah prinsipi ölkənin sosial siyasətində hər zaman öndə götürülür. Cənab Prezident də hər zaman haqlı olaraq söyləyir ki, bizim siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun sosial rifah halı dayanır. Bu illər ərzində həm Birinci Qarabağ, həm də Vətən müharibəsinin şəhidlərinin ailələrinə, qazi və veteranlara dövlət qayğısı oduqca yüksək səviyyədə göstərilib. İndiyə qədər şəhid ailələri və qazilərə 14 mindən çox mənzil verilib və cənab Prezidentin tapşırığına əsasən 2025-ci ilə qədər bu kateqoriyadan mənzil almayan bir nəfər də qalmayacaq. Ehtiyacı, tibbi göstərişləri olan qazilərimizə 8 minə yaxın minik avtomobili dövlət tərəfindən hədiyyə olunub. Hörmətli Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə dünyada ən müasir rəqəmsal texnologiya əsasında hazırlanan əl və ayaq protezləri ölkəmizə gətirilmiş və qazilərimiz təmannasız olaraq təmin edilib".
M.Quliyev onu da əlavə edib ki, Prezidentin rəhbərliyi altında təhsil, mədəniyyət, səhiyyə sahəsində də dərin islahatlar aparılıb və böyük nəticələr əldə edilib: "Bu illər ərzində yeni universitetlər, özəl məktəblər yaradılıb, 4 minə yaxın məktəb əsaslı təmir olunub və ya yeni məktəblər tikilib. Dövlət Proqramı qəbul edilib və bunun əsasında 4 minə yaxın Azərbaycanın istedadlı gəncləri xarici ölkələrdə, aparıcı universitetlərdə təhsil imkanları əldə ediblər.
Səhiyyə sahəsində böyük uğurlar əldə olunub, 700-ə yaxın yeni səhiyyə müəssisələri tikilib və ya əsaslı təmir edilib. Bütün regionlarda müasir klinikalar və diaqnostika mərkəzləri yaradılıb. Dörd ilə yaxın bir müddətdə ölkədə icbari tibbi sığorta fəaliyyətə başlayıb və bu sahə getdikcə əhatəsini daha da genişləndirir. Bütövlükdə Azərbaycanın sosial-iqtisadi inkişafı bundan sonra da uğurla davam edəcək. Xüsusilə neft sektorundan gələn gəlirlərin qeyri-neft sektorunun inkişafına sərf edilməsi, Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi gələcəkdə də böyük inkişaf üçün perspektivlər vəd edir. İndiyə qədər Azərbaycan iqtisadiyyatına 300 milyard dollardan çox vəsait qoyulub ki, bunun 200 milyard dollara yaxını qeyri-neft sektoruna qoyulan investisiyalardır".
Deputat vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad olunması, ərazi bütövlüyümüzün təmin olunması, suverenliyimizin bərpa edilməsi Prezident İlham Əliyevin xalqımız və vətənimiz qarşısında tarixi xidmətidir: "Xalq və dövlət qarşısındakı bu xidmət min illər keçsə də, Azərbaycan tarixinin şərəfli səhifəsi kimi yaddaşlarda qalacaq və ölkəmizin, xalqımızın firavan günləri Prezident İlham Əliyevin rəhbərliyi ilə davam edəcək".



