|
|
|
|

Fransa xeyli müddətdir ki, Azərbaycan əleyhinə çirkin kampaniya aparır, mənfur planlarını reallaşdırmağa çalışır. Xüsusilə, İkinci Qarabağ müharibəsindən, bu ilin sentyabrındakı lokal antiterror tədbirlərindən sonra Paris Bakının əleyhinə bütün müstəvilərdə qarayaxma kampaniyalarını genişləndirdi. Beynəlxalq təşkilatlarda, o cümlədən, BMT Təhlükəsizlik Şurasında, Avropa İttifaqında Azərbaycana qarşı qətnamələrin qəbuluna, hətta sanksiyaların tətbiqinə çalışan Fransa çirkin niyyətlərinə nail ola bilmədi.
Bu günlərdə isə Fransanın Azərbaycana yönəlik daha bir mənfur fəaliyyəti üzə çıxdı. Belə ki, Parisin ölkəmizdə casus şəbəkəsi ifşa olunub. Əlbəttə ki, Makron hökumətinin Azərbaycana düşmən mövqeyini, ermənidən daha çox erməni olmasını göz önünə gətirəndə, bu, o qədər də təəccüblü görünmədi. Qərb mətbuatında yayılan məlumatdan aydın olur ki, Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir sıra ölkələrində müxtəlif əməliyyatlara cəlb edilmiş Fransa xüsusi xidmət orqanlarının geniş agentura şəbəkəsi Azərbaycanda ifşa olunub. Qeyd edilib ki, hər şey Fransa səfirlik daxili rezidenturasının Azərbaycan ərazisində əslində Fransanın “tərəfdaşı” kimi bilinən ölkələrin nümayəndələrinə qarşı çox arxayın kəşfiyyat əməllərinə görə diqqətə düşməsi ilə başlayıb. Geniş əlaqələrindən istifadə edən rezidentura region ölkələrində fəal hərəkət etməklə yeni məqsədlər formalaşdırmaq və təsir dairəsini genişləndirməklə məşğul olub.
Məlumata görə, mənbələrdən əldə edilmiş informasiyaya əsasən, araşdırma bir-biri ilə əlaqəli xüsusatlar şəbəkəsini aşkarlamağa imkan verən çox maraqlı aspektləri üzə çıxarıb, uzun illər Fransa casus şəbəkəsinin ştatdankənar əməkdaşı olmuş Fransa vətəndaşlarından biri könüllü olaraq Azərbaycan hüquq-mühafizə orqanları ilə əməkdaşlığa təşəbbüs göstərib.
Müəyyən müddət ərzində bir qismi indi və ya əvvəllər Azərbaycanda xidmət etmiş, bəziləri müxtəlif ölkələrdə və nüfuzlu beynəlxalq təşkilatlarda örtülü işi davam etdirən onlarla Fransa xəfiyyəsi aşkarlanıb. Bununla yanaşı, Azərbaycan xüsusi xidmət orqanlarına Fransa rezidenturasının Cənubi Qafqaz, Yaxın Şərq, Ukrayna və Moldovadakı fəaliyyətinə dair dəlil və sənədlər təqdim edilib.
Azərbaycan xüsusi xidmət orqanları tərəfindən istintaq olunan cinayət işi üzrə Ukrayna, Gürcüstan və Azərbaycanla əlaqədar kəşfiyyat fəaliyyətini həyata keçirən bir sıra şəxs həbs olunub, bəziləri isə istintaq altındadır.
Bu, uğursuzluğun miqyasının Fransa kəşfiyyatının imicinə tarixi zərbə olacağı şübhəsizdir. Azərbaycan tərəfi məsələ ilə bağlı hələ ki, rəsmi açıqlama verməyib. Bununla yanaşı, yayılan xəbərlərdə o da bildirilir ki, Fransa Prezidenti Emanuel Makron Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) rəisi Bernar Emyeni vəzifəsindən azad edib. Bernar Emyenin mümkün istefası barədə kəşfiyyatın Afrika və Cənubi Qafqaz sahələrindəki uğursuzluğundan sonra danışılmağa başlanılıb. Daxili Təhlükəsizlik Baş İdarəsinə (DGSİ) rəhbərlik etmiş Nikolas Lerner isə Xarici Kəşfiyyat strukturuna yeni rəhbər təyin edilib.
Fransanın casus şəbəkəsinin ifşası bir daha onu göstərir ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş təhlükəsizlik orqanları cəmiyyətimizin təhlükəsizliyinin, daxildən və xaricdən gələn təhdidlərin neytrallaşdırılması istiqamətində ardıcıl iş aparır və böyük uğurlar əldə edir. Son illərdə təhlükəsizlik xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilmiş tədbirlərin səmərəsi bu gün dünyanın aparıcı xüsusi xidmət orqanları sırasına daxil olan Fransa Xüsusi Xidmət Orqanların (XXO) rezidentura şəbəkəsinin yüksək peşəkarlıqla ifşa olunmasında özünü bilavasitə göstərdi. Bu, Fransa xüsusi xidmət orqanının Fransa dövlətinin imicinə böyük zərbədir.
Mövzunu “525”ə şərh edən təhlükəsizlik üzrə ekspert İlham İsmayıl bildirib ki, Fransanın Baş Kəşfiyyat Xidməti xaricdə daha çox diplomatik strukturların nəzdində fəaliyyət göstərir. Azərbaycan ərazisində də Fransa kəşfiyyatının maraqları olduğu istisna deyil: “Birincisi, qeyd etmək lazımdır ki, mətbuatda verilən xəbər qərb mediasına əsaslanır və Azərbaycan tərəfindən rəsmi münasibət bildirilməyib. Həmin informasiyaya əsaslansaq, “ifşa olunan” rezidenturanın fəaliyyət istiqaməti yalnız Azərbaycan deyil, bütövlükdə Cənubi Qafqazdır. Görünür, elə bu səbəbdən də məlumatda agentura şəbəkəsinin deyil, daha geniş olan rezidentura şəbəkəsinin ifşasından danışılır. Çünki rezident adətən agentura şəbəkəsini idarə edən şəxs olur. Əgər bir neçə rezident ifşa edilibsə, görünür, şəbəkə geniş olub. Əlbəttə, Fransa kəşfiyyatının fəaliyyəti üçün Cənubi Qafqazda Azərbaycandan daha çox maneəsiz mühit, məkan Ermənistandır. Necə deyərlər, öz kiçik bacılarının yeridir. Amma bölgənin digər ölkələri də maraqdan kənar deyil”.

Ekspert hesab edir ki, Fransanın Cənubi Qafqazda əsas hədəfi Ermənistanın simasında Rusiyanı əvəz etmək və məqsədinə çatandan sonra da bölgəyə təsir imkanlarını genişləndirib nüfuz qazanmaqdır: “Burda kənar qüvvə olaraq əsas rəqibi kimi perspektivdə Türkiyəni görür. Paris Azərbaycan və Gürcüstanda Türkiyənin mövcud təsir imkanlarına çata bilməsə də, Ermənistanda buna nail olmaq istəyir. Siyasi, hərbi, hətta son vaxtlar iqtisadi proqramlarla çıxış etməklə dəstək göstərir. Son günlər Vedidə su anbarının tikintisi üçün Fransanın 75 milyon avro ayırması bunu sübut edən səbəblərdən biridir. Burda da əsas rəqib Rusiyadır. Fransanın bu cəhdləri demək olar ki, uğursuzluğa düçar olub. Açığı, görünür, bu səbəbdən də dolayı prezident Makron ölkənin kəşfiyyat siteminin rəhbərini vəzifədən azad edib. Bəlkə də bu və ya digər səbəblərdəndir. Çünki konkret olaraq Azərbaycanda agentura şəbəkəsinə kimlərin aid olduğu göstərilmədiyi, məsuliyyətə kimlərin cəlb edilməsi barədə məlumat olmadığından Fransa kəşfiyyatının maraqlarının kimlərin üzərindən, hansı kateqoriya insanların üzərindən hansı şəkildə həyata keçirildiyi barədə konkret fikir bildirmək çətindir. Hesab edirəm ki, perspektivdə bu istiqamətdə rəsmi açıqamalar olarsa, daha konkret fikir bildirmək mümkündür ki, Fransa məhz hansı kateqoriyalı insanlar üzərindən Azərbaycan ərazisində agentutra fəaliyyəti ilə məşğul olub".
Siyasi şərhçi Elçin Mirzəbəyli isə “525”ə deyib ki, Fransa casus şəbəkəsinin birbaşa fəaliyyəti Cənubi Qafqaz, bütövlükdə isə postsovet məkanı üçün ənənəvi deyil. Bir qayda olaraq, Fransa kimi ölkələr bu istiqamətdəki fəaliyyətlərini müxtəlif beynəlxalq təşkilatlar, donor təsisatlar vasitəsilə, yaxud Qərb blokuna daxil olan ölkələrin kəşfiyyat qurumlarının tərkibində, məxfi informasiyaların paylaşılması yolu ilə həyata keçiriblər.

Onun sözlərinə görə, Fransanın səfirliklərinin rezidenturası, yaxud Fransa şirkətlərinin əməkdaşları vasitəsilə həyata keçirilən casusluq fəaliyyəti isə artıq bu ölkənin diplomatik təmsilçilərinə və vətəndaşlarına münasibətdə, təkcə Azərbaycanda deyil, digər ölkələrdə də xüsusi yanaşma tətbiq edilməsini zəruri edir: “Həmçinin, Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti tərəfindən aşkara çıxarılan bu faktlar, Fransanın imkanlarını aşan iddialarının təhlükəliliyini nümayiş etdirir. Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) rəisi Bernar Emyeninin vəzifəsindən azad edilməsi, casus şəbəkəsinin ifşasının rəsmi Paris üçün çox ciddi nəticələrə yol açacağından xəbər verir.
Qeyd edim ki, bir neçə gün öncə Burkina-Fasoda Fransa xarici kəşfiyyat baş idarəsinin 4 əməkdaşı casusluqda şübhəli bilinərək saxlanılmışdı. Onlar Fransanın bu ölkədəki səfirliyinə “texniki işlərin yerinə yetirilməsi” adı altında göndərilmişdilər və araşdırmalar nəticəsində bəlli olub ki, saxlanılan şəxslər, əslində xüsusi xidmət orqanının peşəkar əməkdaşlarıdırlar. Bu faktın özü isə təsdiqləyir ki, Fransa, müxtəlif ölkələrdəki diplomatik missiyalarından və bu missiyalar ilə davamlı, məxfi əlaqələr üçün Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının yaratdığı imkanlardan sui-istifadə edir. Bu isə öz növbəsində Fransanın diplomatik missiyalarının fəaliyyətinə yenidən baxılmasını zəruri edir”.
APA-ya açıqlamasında politoloq Ramiz Alıyev isə deyib ki, Azərbaycanda Fransanın casus şəbəkəsinin fəaliyyət göstərməsi və ifşa edilməsi xəbəri heç kəsdə təəccüb doğurmadı: "Uzun müddətdir ki, ölkəmizə qarşı qarayaxma kampaniyası aparan Parisin buradakı əlaltılarının aşkara çıxarılması hüquq-mühafizə orqanlarımızın peşəkarlığından xəbər verir. Onların zərərsizləşdirilməsi Makron hökumətinin Azərbaycana qarşı çirkin siyasətinə, Fransa kəşfiyyatının imicinə böyük zərbədir”.
R.Alıyev qeyd edib ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş təhlükəsizlik orqanları daxili və xarici təhdidlərin neytrallaşdırılması istiqamətində ardıcıl iş aparır və böyük uğurlar əldə edir: “Dünyanın inkişaf etmiş xüsusi xidmət orqanlarından biri olan Azərbaycanın təhlükəsizlik xidməti son illər çox böyük uğurlara imza atıb. Fransa kəşfiyyatının rezidentura şəbəkəsinin yüksək peşəkarlıqla ifşa olunması da bu silsilədən olan uğurlardan biridir. Azərbaycanın xüsusi xidmət orqanlarının Fransanın casus şəbəkəsini ifşa edəndən sonra prezident Emanuel Makronun Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin rəisi Bernar Emyeni vəzifəsindən azad etməsi təsadüfi deyil. Azərbaycanın hüquq-mühafizə orqanları təkcə Fransanın casus şəbəkəsini ifşa etmədi, Ermənistan və onun arxasında duraraq ölkəmizə qarşı çirkin kampaniya aparan bütün qüvvələrə, mərkəzlərə zərbə vurdu. Təəssüflər olsun ki, Azərbaycanın radikal müxalifət qüvvələrinin həyata keçirdiyi mühacir alveri sayəsində Qərbi Avropada, xüsusilə də, Fransada “sığınacaq” tapmış bəzi ünsürlər antiazərbaycan kampaniyasında rol alıb, xarici kəşfiyyat orqanlarının çirkin oyunlarına alət olurlar. Bəzilərində Azərbaycan hakimiyyətinə, dövlətinə, xalqına qarşı nifrət o qədər güclüdür ki, istənilən antimilli ssenariyə qoşulmağa “hə” deyirlər. Xarici ölkələrin kəşfiyyat orqanları Azərbaycana qarşı fəaliyyətlərində əsasən iki “cəbhə” ilə əməkdaşlıq edirlər. Müxalifətin radikal qanadı və separatizmə meyilli insanlar. Bunları şirnikləşdirərək casus şəbəkəsinə cəlb etmək xarici xüsusi xidmət orqanları üçün daha asandır”.
Pərvanə Sultanova



