|
|
|
|

"Azərbaycan-Çin münasibətlərinin yüksək səviyyədə olması milli maraqlarımıza uyğundur".
Bunu Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Deputat qeyd edib ki, Azərbaycan həyata keçirdiyi uğurlu xarici siyasətlə özünü dünyada etibarlı tərəfdaş kimi tanıda bilib: “Balanslı və düşünülmüş siyasət həyata keçirən ölkəmiz, eyni zamanda, dünyanın müxtəlif qütblərini təmsil edən dövlətlərlə də uğurlu əməkdaşlıq qurub. Bu sırada isə dünya nəhənglərindən biri olan Çin Xalq Respublikası da var. Azərbaycanın etibarlı və strateji tərəfdaş kimi önəmi Çin Xalq Respublikasının sədri Si Cinpinin Prezident İlham Əliyevə təbrik məktubunda da öz əksini tapıb. Məktubda da qeyd olunduğu kimi Çin və Azərbaycan ənənəvi dost tərəfdaşlardır. Hazırda Çin-Azərbaycan münasibətləri sabit inkişaf edir, siyasi qarşılıqlı etimad daim möhkəmlənir, müxtəlif sahələrdə əməkdaşlıq müvəffəqiyyətlə irəliləyir”.
Vüqar İskəndərovun sözlərinə görə, ikitərəfli münasibətlərin inkişafında Prezident İlham Əliyevin rolunu da xüsusi vurğulamaq vacibdir: “Elə təbrik məktubunda Si Cinpin də bu məqamın üzərində xüsusi olaraq dayanaraq “Sizin ikitərəfli münasibətlərin möhkəmləndirilməsi üzrə səylərinizi yüksək qiymətləndirirəm. Ötən ilin sentyabrında biz Səmərqənd şəhərində yeni dövrdə ikitərəfli münasibətlərin inkişafına dair mühüm razılaşmaların əldə olunduğu uğurlu görüş keçirdik” deyə qeyd edib”.
Çin rəhbərinin “Mən Çin ilə Azərbaycan arasında münasibətlərin inkişafına böyük əhəmiyyət verirəm, ölkələrimizin və xalqlarımızın rifahı naminə ikitərəfli dostluq və əməkdaşlıq münasibətlərini yeni səviyyəyə yüksəltmək üçün Sizinlə birgə səylərimi davam etdirməyə hazıram” sözlərinə də diqqət çəkən deputat bildirib ki, bu, ölkəmiz üçün xüsusi əhəmiyyət malikdir: “Yeni dünya düzənində Çinin həm güclü iqtisadiyyatı, həm də siyasi iradəsi ilə daha böyük rol oynayacağı heç kəsdə şübhə doğurmur. Çünki Çin artıq super dövlət kimi dünyanın siyasi və iqtisadi mərkəzinə çevrilib. Bu səbəbdən Azərbaycan-Çin münasibətlərinin yüksək səviyyədə olması milli maraqlarımız baxımından xüsusi əhəmiyyətə malikdir. Heç şübhəsiz münasibətlərin bu cür inkişafı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasətin uğurunun növbəti göstəricisidir. Çin kimi dünyada nüfuzlu və böyük dövlətlə strateji tərəfdaşlıq səviyyəsinə çatan münasibətlərin formalaşması rəsmi Bakının tərəfdaş seçimində necə düşünülmüş bir siyasət həyata keçirdiyini ortaya qoyur. Prosesin bu cür inkişafında Azərbaycan Prezident ilə Çin sədrinin şəxsi dostluq münasibətlərinin də xüsusi rolu olub”.
Milli Məclisin deputatı Müşfiq Cəfərov isə bildirib ki, Azərbaycan və Çin arasında strateji tərəfdaşlıq formalaşmaqdadır.
Deputat deyib ki, bu gün Azərbaycan ilə Çin arasında dostluq və tərəfdaşlıq münasibətləri yüksələn xətt üzrə inkişaf edir: “Ölkələrimiz arasındakı dostluq münasibətləri uğurla inkişaf edir, getdikcə yeni sahələri əhatə edir və gələcək üçün çox yaxşı perspektivlər vəd verir. İstər daxili, istərsə də xarici siyasətdə müəyyənləşdirilən strateji kursun fonunda milli mənafeyə aid məsələlərdə prinsipial mövqedən çıxış edərək dövlətçilik maraqlarının əsas götürülməsi baxımdan xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, qlobal əhəmiyyətli transmilli layihələrin təşəbbüskarı və onların reallaşmasında lider mövqeyə malik Azərbaycan regionda ikitərəfli və çoxtərəfli əməkdaşlıq formatlarının da əsas təşəbbüskarı və aparıcı fiqurudur. Müxtəlif regional əməkdaşlıq formatları məhz Azərbaycanın təşəbbüsü ilə yaranıb və səmərəli fəaliyyət göstərir. Bütövlükdə, Azərbaycanın strateji tərəfdaşlıq əlaqələri güclənir, dostlarının və tərəfdaşlarının sayı artır. Ümumiyyətlə, ölkəmiz ilə əməkdaşlıq geosiyasi və geoiqtisadi perspektivlər nöqteyi-nəzərindən əhəmiyyətli dividendlər vəd edir”.
Müşfiq Cəforov qeyd edib ki, Azərbaycanla münasibətlərin inkişafı Çin Xalq Respublikası üçün də xüsusi strateji əhəmiyyətə malikdir: “İqtisadi güc mərkəzlərindən birinə çevrilən və özünün iqtisadi, demoqrafik potensialı ilə fərqlənən Çin müstəqil xarici siyasət kursuna malik olan milli dövlətlərin əməkdaşlıq etmək istədiyi mühüm aktorlardandır. Hazırda beynəlxalq aləmdə Çinin əsas diqqətini cəlb edən Şərq-Qərb Beynəlxalq Nəqliyyat Dəhlizidir. Çünki bu dəhliz geostrateji əhəmiyyət daşımaq etibarilə Çin və Mərkəzi Asiya məhsullarının ən qısa marşrut vasitəsilə operativ olaraq Avropaya daşınmasına imkan yaradacaq. Eyni zamanda, Asiyadan Avropaya qədər uzanan geosiyasi məkanda çoxvektorlu qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri formalaşdırmaqda maraqlı olan Çin enerji və nəqliyyat layihələrinin reallaşdırılmasına xüsusi əhəmiyyət verir. Dolayısıyla, XXI əsrin geostrateji reallıqlarının fonunda nəhəng Asiya dövləti bəhs etdiyimiz coğrafi məkanda yeni əməkdaşlıq platformalarının gerçəkləşdirilməsi istiqamətində fəaliyyət göstərdiyindən dövlətimiz bu ölkə üçün olduqca vacib tərəfdaşa çevrilib. Çinin artıq super dövlətdir, dünyanın siyasi və iqtisadi mərkəzinə çevrilib. Azərbaycanın isə öz strateji tərəfdaşlarını düzgün seçir. Bu aspektdə Hindistana meyllənən Ermənistan yenə məğlub vəziyyətdə qalır. Məhz Azərbaycanın öz strateji tərəfdaşlarını düzgün seçməsi onun xarici siyasətindəki əsas uğurlarının təminatçıdır”.
Deputat bildirib ki, Çin Xalq Respublikasının sədri Si Cinpinin Prezident İlham Əliyevə təbrik məktubunda da Azərbaycan və Çinin dost və tərəfdaş ölkələr olması, qarşılıqlı etimad əksini tapıb: “Azərbaycan Prezidenti İlham Əliyev hər zaman bu münasibətləri möhkəmləndirməyi xüsusi diqqət mərkəzində saxlayıb. Dövlət başçısının Çinə səfərləri, imzalanan çoxsaylı sənədlər bunu təsdiqləyir. Si Cinpin də ikitərəfli münasibətlərin möhkəmləndirilməsi üzrə səylərinizi yüksək qiymətləndirdiyini vurğulayıb, iki ölkə arasında münasibətlərin inkişafına xüsusi əhəmiyyət verdiyini, Azərbaycan Prezidenti ilə birgə səyləri davam etdirmək istədiyini bəyan edib. Azərbaycan Prezident ilə Çin sədrinin şəxsi dostluq münasibətləri bu əlaqələrin inkişafında xüsusi rol oynayır. Beləliklə, bütün bunlar Azərbaycan və Çin arasında strateji tərəfdaşlığın formalaşmaqda olduğunu göstərir” (APA).



