|
|
|
|

Görünən odur ki, artıq "rəngli inqilab"ın baş verdiyi Ukraynadan hər kəs dərs çıxarır. Ölkə torpaqlarında irimiqyaslı müharibə gedir, torpaqları işğal altındadır, milyonlarla insan ev-eşiyindən məhrum olub. Qərbin vəd etdiyi yardımlar isə görünmür. Təsadüfi deyil ki, Ukraynadan sonra heç bir ölkədə inqilab ssenarisi baş tutmayıb. Sadəcə, hər kəs açıq gördü ki, Qərb Ukraynada faktiki olaraq öz maraqlarını güdür.
Qərb "rəngli inqilab" ssenarisini bu dəfə Serbiyada həyata keçirməyə çalışdı. Baş verənlər faktiki olaraq Qərbin Serbiyaya müdaxiləsidir. Yaxın tarixdə biz eyni ssenarilərin digər ünvanlarını da, gətirdiyi faciələri də görmüşük. Yaxın Şərqdə, elə post-sovet məkanında "rəngli inqilablar" xalqlara, dövlətlərə vəd edilən demokratiya, insan haqları, rifah əvəzinə yalnız və yalnız fəlakət, əzab-əziyyət, faciələr bəxş edib. İri şəhərlər, yaşayış məntəqələrin darmadağın edilib. İraq, Suriya, Yəmən, Liviya, Gürcüstan, Qırğızıstan, Ukrayna siyahını uzatmaq olar. Amma elə bu nümunələrə nəzər salanda məlum olur ki, Qərbin məqsədi özünə tabe olan, idarə edəcəyi hakimiyyət formalaşdırmaq olub.
Bu gün Ukrayna bataqlığın içindədir, ABŞ, Qərb artıq ondan üz döndərir, vəd etdikləri silahların tədarükündən, yardımdan imtina ediblər. Necə deyərlər, Ukraynanı müharibəyə sürükləyib, indi də onu çıxılmaz, acınacaqlı durumda qoyublar və heç nə olmamış kimi geri çəkilməyə hazırlaşırlar. Artıq bəlli mesajlar verilib. Eyni ssenari Əfqanıstan nümunəsində də gerçəkləşdirilib. ABŞ və onun Qərb müttəfiqləri 20 il mövcud olduqları Əfqanıstanı tam bir faciənin, xaosun içində qoyub geri çəkildilər.
Nəhayət, bu günlərdə Serbiyada yaşananlara diqqət çəkək. Deməli, ölkə müxalifətinin fasiləsiz etiraz aksiyaları fonunda Serbiya Prezidenti Aleksandr Vuçiç növbədənkənar parlament və bələdiyyə seçkiləri elan etmişdi. Dekabrın 17-də keçirilmiş seçkilərin nəticələrinə görə, prezidentin rəhbərlik etdiyi "Aleksandr Vuçiç-Serbiya dayanmamalıdır" koalisiyası səs çoxluğu ilə birinci olub. "Serbiya zorakılığa qarşı" koalisiyası 23 faiz səslə 2-ci yerdədir.
Seçkilərin nəticələri elan edildikdən sonra paytaxt Belqradda bir qrup şəxs etirazlara başlayıb. Etirazlar iğtişaşlarla müşayiət olunub. "Serbiya zorakılığa qarşı" müxalifət bloku şəhər administrasiyasının binasına daxil olmağa çalışıb, hətta içəriyə daş və pivə qutuları atıblar.
Serbiya prezidenti Aleksandr Vuçiç paytaxtdakı nümayişlər fonunda Milli Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb. Prezident Aleksandr Vuçiç xalqa müraciətində deyib ki, heç bir inqilab və ya qiyam yoxdur: "Sizə demək istəyirəm ki, Serbiya vətəndaşları, səhnələr dramatik olsa da, narahat olmayın. Heç bir inqilab baş vermir. Dinc reaksiya ilə biz təsadüfi nümayişçilərin heç birini incitməməyə çalışırıq. Xarici kəşfiyyat xidmətləri iğtişaşların hazırlanması və Belqrad şəhər administrasiyasının binasını müxalifət tərəfdarlarının ələ keçirmək planları barədə Serbiya təhlükəsizlik qüvvələrini əvvəlcədən məlumatlandırıb. Biz bir neçə gündür ki, xarici faktorla, baş verənlərlə bağlı xəbərdarlıq edirik. Çoxları özlərini sadəlövh kimi göstərdilər və baş verənləri eşitmək və ya görmək istəmədilər".
Vuçiç əlavə edib ki, bir çoxları Belqradın antirusiya sanksiyalarına qoşulmasında israr edərək Serbiyaya öz iradələrini yeritməyə çalışır, lakin Serbiya müstəqil siyasət yürütməyə davam edəcək: "Onlar Serbiyanı zəif görmək istəyirlər ki, əvvəllər olduğu kimi iplə idarə olunacaq oyuncaq kimi idarə etsinlər - hökuməti və nazirləri seçə bilsinlər, hansı siyasətin həyata keçiriləcəyinə qərar versinlər, faksla və ya telefonla əmrlər versinlər ki, Rusiyaya qarşı sanksiyalar tətbiq edin. Amma biz öz siyasətimizi aparmaq istəyirik".
Əslində, Vuçiç müraciətində Qərbin Serbiyada reallaşdırmaq istədiyi "rəngli inqilab"ın səbəblərindən bəzilərinə aydınlıq gətirib.
Onun söylədiyi kimi, Serbiya müstəqil siyasət aparır, həm Rusiya, həm digər ölkələrlə əməkdaşlıq edir. Amma bu, Qərbin xoşuna gəlmir. Qərbin istədiyi Serbiyanı istədiyi kimi idarə etmək, Rusiyaya qarşı sanksiyalara qoşulmasıdır.
Baş verən "etirazların" kökündə məhz Vuçiç hökumətinin xarici siyasəti Qərbin diktəsi ilə qurmaqdan imtina etməsi, Qərb-Rusiya qarşıdurmasında Moskvaya qarşı sanksiya siyasətinə dəstək verməməsi dayanır. Başqa bir məqam isə Serbiyanın Kosovonun müstəqilliyini tanımaqdan boyun qaçırması ilə bağlıdır. Yada salaq ki, ötən ay Fransa və Almaniya liderləri açıq şəkildə Belqradı Kosovonun müstəqilliyini tanımağa çağırmışdı. Serbiya hökumətinin bu tələbə əməl etməməsinin ardından isə iğtişaşlara start verildi.
Qərb "rəngli inqilab" texnologiyasını ilk dəfə elə Serbiyada sınaqdan çıxarıb. 2000-ci ildə Slobodan Miloşeviç hakimiyyətinin dəyişdirilməsi zamanı bu baş verib. İndi yenidən eyni ssenari işə düşür.
İğtişaşların arxasında Qərbin dayandığını Rusiya da bəyan edib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib ki, Serbiyanın paytaxtı Belqradda baş verən iğtişaşların arxasında kollektiv Qərb dayanır: "Hər vəchlə "Maydan çevrilişləri" üsullarından istifadə edərək bu ölkədəki vəziyyəti sarsıtmaq cəhdləri göz önündədir. Bu vəziyyətə yeganə mümkün cavab konstitusiyaya ciddi riayət etmək, milli maraqlara səs verən Serbiya xalqının seçiminə hörmət etməkdir".
Bu məqamda əlbəttə ki, ABŞ-ın USAİD, NED, NDİ və digər bu sıradan olan qurumlarına da diqqət çəkmək lazımdır. Hansı ki, ABŞ məhz bu təşkilatlar vasitəsilə Qərbin diktəsini yerinə yetirməyən ölkələrdə iğtişaşlar yaradır və inqilablar üçün zəmin hazırlayır. Bu günlərdə qonşu Gürcüstanda baş verənləri xatırlamaq kifayət edir. Belə ki, USAİD bu ölkədə iğtişaş hazırlamışdı. Bu məqsədlə sentyabrda USAID tərəfindən Serbiya vətəndaşları Sinisa Sıkman, Yelena Stoyşiç və Slobodan Cinoviç Gürcüstana səfər etmişdilər. Gürcüstanın xüsusi xidmət orqanları bildiriblər ki, sözügedən şəxslər 2003-cü ildə Gürcüstanda baş verən inqilabla bağlı şəxslərdir. Həmin şəxslər həm də müxtəlif illərdə Serbiya, Ukrayna və digər dövlətlərdə baş verən analoji proseslərdə iştirak ediblər. Bu şəxslər əsasən etiraz əhvali-ruhiyyəsi yaratmaqda, zorakılıqla müşayiət edilən mitinq taktikalarını öyrətməkdə peşəkardırlar. Sözügedən şəxslərin isə əsas işi planlaşdırılan iğtişaşlar üçün inqilabi gənclər qruplarını hazırlaşdırmaq olub.
Eyni ssenarilər, çevriliş planları Azərbaycanla bağlı da olub. Ölkəmizi uzun illər ərazilərinin işğalı ilə barışmağa məcbur etmək istəyiblər. Amma heç bir ssenari, plan baş tutmayıb. Çünki Azərbaycan müstəqil xarici siyasət aparıb, hansısa xarici güclərin planlarına ortaq olmayıb, onların diktəsi ilə hərəkət etməyib. Nəticədə öz torpaqlarını da işğaldan azad edib, suverenliyini tam bərpa edib və güclü bir dövlətə çevrilib.
Bu gün Azərbaycan yaxşı bir nümunə, Ukrayna isə Qərbin məhvə sürüklədiyi pis bir nümunədir. Eyni zamanda Serbiyada baş verənlər Qərbin əsl üzünü bir daha göstərməklə, onun bu cür ssenarilərinin artıq uğursuzluğa məhkum edildiyini nümayiş etdirdi.



