İqlim dəyişikliyinin ən çox təsir göstərdiyi iqtisadi sektorlardan biri də kənd təsərrüfatı sahəsidir. Son illər dünyada baş verən qlobal istiləşmə, havaların quraq keçməsi kənd təsərrüfatı məhsullarının istehsalına mənfi təsir göstərir. Belə bir şəraitdə bir çox bölgələrdə qarın yağması torpaqda tələb olunan rütubətlilik səviyyəsinin artmasına gətirib çıxarır.
Bu il qarın yağması, demək olar ki, kənd təsərrüfatının bütün sahələrinin canlanmasına səbəb oldu. Mütəxəssislər bildirirlər ki, qar torpağın və bitkilərin qorunmasında mühüm rol oynayır və bitkilərin donmasının qarşısını alır. Ərimiş qar nəticəsində əmələ gələn su torpağın uzun müddət nəm qalmasına şərait yaradır. Eyni zamanda, qar torpaq səthində qoruyucu təbəqə əmələ gətirir ki, bu da küləyin yaratdığı eroziyaya mane olur.
Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov "525"ə açıqlamasında bildirir ki, uzun müddət torpaqda qalan qar bitkilər üçün daha faydalı olur və eyni zamanda, torpaqdakı zərərvericilər məhv olur: "Qeyd edim ki, bir neçə ildir ki, yağıntılar az düşür. Qarın yağması kəskin şaxtanın olması demək deyil. Əgər havanın temperaturu mənfi beş dərəcədən aşağı düşərsə, bu, aqrar sahə üçün ciddi problemlər yarada bilər".
Təcrübələr göstərir ki, bəlli bir müddətdən sonra, xüsusilə mart-aprel aylarında temperaturun kəskin aşağı düşməsi meyvəçiliyə ziyan vurur. Lakin artıq dünyada yeni texnologiyalar var və bağçılıq təsərrüfatı ilə məşğul olanlar bu texnologiyalardan istifadə edə bilərlər. Belə ki, mövsümə uyğun olmayan havalar olarsa, kənd təsərrüfatı ilə məşğul olanlar tərəfindən temperaturu tənzimləmək mümkündür. Ekspertlərin sözlərinə görə, ölkəmizdə bu üsul daha çox sitrus meyvələrin yetişdirilməsində tətbiq olunur.
Kənd Təsərrüfatı Nazirliyindən qəzetimizə verilən açıqlamaya görə, hava şəraitinin bu cür dəyişməsi, yağıntının artması taxılçılıq üçün də çox müsbət haldır: "Bölgələrdə qarın yağması, xüsusilə, dəmyə əkinçiliyi üçün əlverişlidir. Yağan yağıntıların payızlıq əkin sahələrinə yalnız xeyri var. Qar torpaqda nəmlilik ehtiyatının formalaşmasını təmin edir, zərərvericiləri məhv edir, sürətlə yayılmasının qarşısını alır".
Havar ŞƏFİYAVA