
Özbəkistanın paytaxtı Daşkənd şəhərində güləş üzrə dünya çempionatı davam edir.
Qol.Az-ın məlumatına görə, yarışın beşinci günündə 63 kq çəki dərəcəsində qadın güləşçilər, 75 və 85 kq çəki dərəcəsində yunan-Roma güləşçiləri yarışır.
63 kq çəki dərəcəsində yarışan qadın güləşçilərimiz Raqnetta Qurbanzadə mübarizəyə 1/8 finaldan başlayıb. Lakin təmsilçimizin ilk döyüşündə isveçli Katarena Yohanssona 0:11 hesabı ilə məğlub olub.
Yunan-Roma güləşi
75 kq çəki dərəcəsində mübarizə aparan Elvin Mürsəliyev 1/16 finalda Ermənistan güləşçisi Arsen Culfalakyanla qarşılaşıb. Lakin təmsilçimiz rəqibinə heç bir müqavimət göstərə bilməyib - 0:9. Erməni idmançısı finala kimi irəliləyərsə, E.Mürsəliyev bürünc medal uğrunda çıxışını davam etdirə biləcək.
Saman Təhmasibi (85 kq) 1/16 finalda almaniyalı güləşçi Ramsin Azizşirlə qarşılaşıb. Rəqibini 3:2 hesabı ilə məğlub edən güləşçimiz 1/8 finala yüksəlib. Burada çinli Lianq Konqa qalib gələn S.Təhmasibi 1/4 finalda gürcüstanlı Vladimer Qeqeşidzeyə rəqib olub. Bu döyüşdə rəqibi üzərində 4:0 hesablı qələbə qazanan təmsilçimiz yarımfinala yüksəlib. S.Təhmasibi finala gedən yolda ukraynalı Jan Belenyukla qarşılaşıb. Rəqibinə 4:0 hesabı ilə qalib gələn güləşçimiz finalda oynamaq hüququ qazanıb.
Xatırladaq ki, bu gün dünya çempionatında qadın güləşçilərin mübarizəsi yekunlaşır. Qadın güləşçilərin yarışında Yuliya Ratkeviç (60 kq) gümüş və Mariya Stadnik (48 kq) bürünc medal qazanıb.



