
Artıq bir neçə ildir, ipoteka krediti götürmək istəyənlərin sayında azalma müşahidə olunur. Kredit götürənlərin sayının azalmasının başlıca səbəbi kimi adətən ipoteka kreditlərinin hər kəsə şamil olunmaması və bir sıra məhdudiyyətlərin tətbiqi göstərilir. Bir çox ekspertlər də belə düşünürlər ki, insanların gəlirlərinin aşağı olması və mənzil bazarındakı yüksək qiymətlər ipotekanın əlçatanlığını aşağı salır.
Millət vəkili Vüqar Bayramov qeyd edib ki, əksər banklarda daxili ipoteka kreditləri üzrə faiz dərəcələri yüksək olaraq qalmaqdadır. Sistem əhəmiyyətli ilk üç bank istisna olmaqla digər əksər banklarda illik faiz dərəcəsi 12-dən başlayır və bu da mənzil alışı üçün kifayət qədər yüksək faizlər hesab olunmalıdır.
Məlumat üçün qeyd edək ki, 2021-ci yanvar-iyul aylarında İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə müvəkkil banklar tərəfindən 3445 ailəyə 230,5 mln. manat məbləğində ipoteka krediti verilib. Verilən kreditlərin 153,6 mln. manatı adi ipoteka kreditlərinin (2040 ədəd), 76,8 mln. manatı isə güzəştli ipoteka kreditlərinin (1405 ədəd) payına düşüb. Ümumilikdə, 2006-cı ildən 2021-ci ilədək fondun vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin ümumi məbləği 1 milyard 882 mln. manatdan çox, bu kreditlər hesabına öz yaşayış şəraitini yaxşılaşdırmış ailələrin sayı isə 35112 olub. Bu kreditlərin 625 mln. manatdan çox hissəsini (12150 ədəd) güzəştli kateqoriyalara aid şəxslərə verilən kreditlər təşkil edir.
2022-ci ilin ötən dövründə isə İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına 230,7 mln. manat məbləğində 3000-dək Azərbaycan vətəndaşına ipoteka, o cümlədən, güzəştli ipoteka krediti verilib. Fondun vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin ümumi məbləği 2 milyard 227 mln. manatı, bu kreditlər hesabına öz yaşayış şəratini yaxşılaşdırmış ailələrin sayı isə 39700-ü ötüb. Fondun 2022-ci ildə açıqladığı statistikaya görə, Azərbaycanda dövlət xətti ilə verilmiş ipoteka kreditlərinin 93%-i mənzillərin, 7%-i isə fərdi evlərin alınması üçün ayrılıb.
2023-cü ildə verilmiş ipoteka kreditinin orta həcmi isə 59,872 min manat təşkil edib. Kreditlər 282 ay müddətinə və illik 6,34 % dərəcəsi ilə verilib.
Bu il isə adi ipoteka kreditləri üzrə müraciətlərin qəbuluna fevralın 2-dən başlanılıb. 2024-cü ilin dövlət büdcəsində ipotekanın maliyyələşdirilməsi üçün 87,7 milyon manat nəzərdə tutulub.
Sevinc QARAYEVA



