|
|
|
|

Kremlin sözçüsü Dmitriy Peskov ABŞ və Avropa ölkələrinin Rusiya ilə müharibə ilə bağlı verdiyi açıqlamaların gərginliyin artmasına səbəb olduğunu bildirib və "NATO Ukraynanı öz ərazisi kimi görür" deyib.
525.az xarici mediaya istinadən xəbər verir ki, Peskov paytaxt Moskvada jurnalistlərə cari məsələlərlə bağlı açıqlama verib.
Rusiyada həbsxanada dünyasını dəyişən rusiyalı dissident Aleksey Navalnının paytaxt Moskvada keçirilən dəfn mərasimində təşkil edilən nümayişlə bağlı sualı cavablandıran Peskov bunun icazəsiz bir aksiya olduğunu bildirib. "İcazəsiz istənilən hərəkət qanuna ziddir. Ona görə də bu aksiyada iştirak edənlər məsuliyyət daşıyacaqlar", - Peskov bildirib.
ABŞ-nin müdafiə naziri Lloyd Ostinin “Ukrayna məğlub olarsa, NATO Rusiya ilə döyüşəcək” ifadəsini dəyərləndirən Peskov bunun “məsuliyyətsiz” bir açıqlama olduğunu bildirib.
Peskov: "Bəzi Avropa ölkələrindən son dərəcə məsuliyyətsiz bəyanatlar eşidirik. İndi bunu okeanın o tayından eşidirik. Bu bəyanatlar gərginliyin artmasına gətirib çıxarır və NATO-nun baxışını göstərir. NATO Ukraynanı öz ərazisi kimi görür", - deyə qeyd edib.
Malik Atilay



