|
|
|
|
Ötən gün dahi bəstəkar Üzeyir Hacıbəylinin ev-muzeyində yazıçı-publisist Mustafa Çəmənlinin «Sənət hekayələri» kitabının təqdimat mərasimi keçirilib. Mərasim Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalı çərçivəsində təşkil edilib.
Tədbiri dahi bəstəkarın ev-muzeyinin direktoru Sərdar Fərəcov açıb:
«Zaman-zaman qələm adamları musiqi dünyasının görkəmli şəxsiyyətləri haqqında fikirlərini, düşüncələrini qələmə alıblar, onlar haqqında kitablar yazıblar. XX əsrin 60-70-ci illərindən sonra musiqi –xadimləri haqqında daha çox yazıçı Mustafa Çəmənli yazılar qələmə alıb. Kitab Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə nəşr olunub. Azərbaycanın musiqi dünyasının görkəmli şəxsiyyətləri ilə yanaşı, artıq unudulmuş sənətkarlarının həyat yoluna da işıq tutduğu üçün Mustafa Çəmənliyə minnətdaram».
Yazıçı-dramaturq Əli Əmirli çıxışında vurğulayıb ki, Mustafa Çəmənlinin bu kitabın təqdimatını Üzeyir Hacıbəylinin ev-muzeyində keçirməyə mənəvi haqqı var:
«Çünki Mustafa Çəmənli Üzeyir Hacıbəylinin yaradıcılığı haqqında çox dəyərli yazılar müəllifidir, dahi bəstəkarın simasını onun oçerklərində görmək mümkündür. Mustafa Çəmənli dəyərli publisistik yazılarla bərabər, həm də qiymətli tarixi romanlar qələmə alıb. Onun son romanı «Ölüm mələyi» ədəbi cameədə maraqla qarşılanıb, rezonans doğurub. «Xallı gürzə» romanı isə dəfələrlə çap olunub ki, kitabların cəmi 300-500 tirajla çap edildiyi indiki dövrdə bu çox böyük uğur sayıla bilər. «Fred Asif» əsərinin tarixi əhəmiyyəti ondan ibarətdir ki, hadisələrin üstündən uzun zaman keçəndən sonra gələcək nəsillər Qarabağ hadisələrinin və döyüşçülərinin keçdiyi yol haqqında ətraflı, dəqiq məlumat ala biləcəklər. Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun haqqında yazdığı «Mübariz» povesti isə gələcək nəslin vətənpərvərlik ruhunda tərbiyəsi üçün çox önəmlidir. Təsadüfi deyil ki, povestdən bir hissə dərsliklərə daxil edilib. Mərhum yazıçı Sara Nəzirova yüksək intellektə və zövqə malik insan idi, hər kəs haqqında söz deməzdi. O bir dəfə qeyd etmişdi ki, Müstafa Çəmənli qədər Azərbaycan muğamına, musiqisinə bələd yazıçı, jurnalist tanımıram». Ə.Əmirli çıxışında M.Çəmənlinin çox zəhmətkeş olluğunu, dayanmadan mənbələrdə axtarış aparıb yeni-yeni əsərlər qələmə aldığını vurğulayıb.
Xalq artisti Roza Cəlilovanın sözlərinə görə, kitabı oxuyandan dərhal sonra müəllifə zəng vurub, minnətdarlığını bildirib:
«Kitabı dönə-dönə oxumuşam və hər dəfəsində də kövrəlmişəm. Gələcək nəsillərin sənətkarlarımızı tanıması, unutmaması üçün bu kitab çox qiymətli mənbədir».
Yazıçılar Birliyinin katibi, «525-ci qəzet»in baş redaktoru Rəşad Məcid tədbirin keçirildiyi məkanın müsbət aurasından söz açıb, burada uyğun mövzuda təqdimatların keçirilməsi üçün əlverişli şəraitin, yaradıcı ab-havanın olduğunu vurğulayıb:
«Əli Əmirli Mustafa müəllimin yaradıcılığı haqqında elə ətraflı və ürəklə danışdı ki, mən doğrudan da bu cür ehtiram ifadəsindən böyük zövq aldım. Mustafa Çəmənlini mən də uşaqlıqdan tanımışam, əsərlərini – «Xalı gürzə»ni, «Ölüm mələyi»ni, son illərdə yazdığı hekayələri oxumuşam. Əlbəttə, biz onu ilk növbədə nasir kimi tanımışıq. Eyni zamanda, Əli Əmirlinin də qeyd etdiyi kimi, onun publisistik yazıları da çox dəyərlidir, kitabda adı çəkilən görkəmli sənətkarları tanımayan gənc nəsil üçün bu nəşr xüsusilə qiymətlidir. Mustafa müəllim kitabı, avtoqraf yazaraq, atam üçün göndərmişdi. Kitabı böyük məmnuniyyətlə atama təqdim elədim, mütəəssir oldu. Əvvəla, burda onun cavanlığının bəzi məqamlarını yada salan, nostalji doğuran yazılar var, ikincisi də, gözdən və xatirələrdən uzaq düşən adamlar haqqında təmənnasız yazılan məqalələr toplanıb bu kitabda».R.Məcid M. Çəmənlinin redaktorluq, naşirlik fəaliyyəti ilə bağlı fikirlərini də bölüşüb, gənc yazarların kitablarının peşəkar redaktəsi üçün onun çəkdiyi zəhməti yüksək dəyərləndirib.
Tədbirdə çıxış edən yazıçılar Aqşin Babayev, Təranə Vahid, Xalq artisti Ramiz Quliyev, Əməkdar artist, diktor Əli Məmmədov və başqaları kitabın məziyyətlərindən, müəllifin yaradıcılığından rəğbətlə söz açıblar.
Sevinc MÜRVƏTQIZI