
Almaniya kansleri Olaf Şolz Fransada keçiriləcək erkən seçkilərdə ifrat sağçıların uğur qazana bilməsindən narahat olduğunu bəyan edib.
525.az bu barədə “Euronews”a istinadən xəbər verir.
Almaniya hökumətinin rəhbəri deyib: “Məni Fransadakı seçkilərin mümkün nəticələri narahat edir. Bunu birbaşa demək istəyirəm. Ümid edirəm ki, Le Penlə bağlı olmayan partiyalar da seçkilərdə uğur qazanacaqlar. Amma buna fransızlar qərar verəcəklər”.
Kansler Fransa prezidenti Emmanuel Makronla müxtəlif beynəlxalq strukturlarda əvvəl olduğu kimi birgə işi davam etdirəcəyini bildirib. Eyni zamanda, Şolzun fikrincə, ifrat sağçıların mümkün qələbəsi Berlin və Parisin münasibətlərində dəyişikliklərə gətirib çıxaracaq.
Xatırladaq ki, Avropa Parlamentinə seçkilərdə məğlubiyyətdən sonra Makron Fransada erkən parlament seçkiləri elan edib. Növbədənkənar parlament seçkilərində səsvermə iyunun 30-u və iyulun 7-də keçiriləcək.
İfrat sağçılar indi sorğularda ən yüksək reytinqə sahibdirlər və Milli Assambleyada çoxluğu qazanmağa ümid edirlər.
Pərvanə Sultanova



