
“Ukrayna münaqişəyə son qoymaq üçün NATO və Avropa İttifaqına (Aİ) daxil olmaq planlarından əl çəkməlidir”.
525.az ARD-yə istinadən xəbər verir ki, bunu Almaniyanın sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasının həmsədri Tino Hrupalla deyib.
“Sonunda, kompromislərdən söhbət getməlidir. Hesab edirəm ki, Ukraynanın NATO və Aİ-nin üzvü olmayacağını bəyan etməsi vacibdir. Biz kompromislərdən danışa bilərik və bnu etməliyik”, - Bundestaq deputatı bildirib.
O, Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiya ilə güzəştə getmək istəməməsinə də işarə edib. Deyib ki, Ukrayna lideri hətta onları axtarmağa belə can atmır.
Daha əvvəl məlum olub ki, Macarıstanın baş naziri Viktor Orbanın rəhbərlik etdiyi Avropa Parlamentində (AP) “Avropa üçün vətənpərvərlər” adlı yeni sağçı alyans Almaniya üçün Alternativ (AfD) fraksiyasını koalisiyaya qəbul etməyib. Eyni zamanda, Marin Le Penin “Milli Birlik” partiyası da alyansa qoşulacaq.
Qeyd edək ki, Orbanın sağçı alyansı Avropa Parlamentində rəsmi fraksiya statusu almaq üçün artıq kifayət qədər dəstəyə nail ola bilib.
Pərvanə Sultanova



