Rusiya neftinin tədarükçüləri Qərb ölkələrinin müəyyənləşdirdiyi qiymət tavanına əməl etmirlər. Çünki həmin neftin daşınmasını Rusiyanın "gizli donanması"nın tankerləri həyata keçirirlər. Rusiyanın "gizli donanması" əsasən texniki vəziyyəti pis olan, naməlum şirkətlərin adına qeydiyyatdan keçmiş və sığortaçıları haqqında məlumat verilməyən köhnə tankerlərdən ibarətdir. Belə olduğu üçün onların daşıdıqları nefti hansı qiymətə satmalarını müəyyən etmək olmur. Buna görə də Britaniya və Avropa İttifaqı Rusiyanın "gizli donanması"nın ovuna başlamaq niyyətindədir.
"Bloomberg" agentliyi məsələdən xəbərdar olan insanlara və qəbul üçün hazırlanan sənədlərə istinadən xəbər verir ki, Böyük Britaniya bir qrup Avropa ölkəsi ilə birlikdə bu həftə Rusiya neftini sanksiyalardan yan keçərək daşıyan "gizli donanma" tankerlərini təqib etmək planını təsdiqləmək niyyətindədir.
Cümə axşamı Böyük Britaniyanın yeni Baş naziri Key Starmerin sədrliyi ilə keçiriləcək Avropa Siyasi Birliyi forumunda bununla bağlı qərar qəbul edilməsi planlaşdırılır. Qərar qəbul edildikdən sonra müxtəlif ölkələrin rəsmiləri və ekspertlərindən ibarət xüsusi qrup yaradılacaq və onlar təcili olaraq konkret tədbirlər görməyə başlayacaqlar. Londonda hesab edirlər ki, Rusiyanın "gizli donanması" dəniz və okeanlarından asılı olan dövlətlər üçün təhlükə yaradır. Çünki bu "gizli donanması"nda olan gəmilərin çoxu sığortasızdır və pis vəziyyətdədir.
Qeyd edək ki, hələ ötən il Danimarka Qərb sığortası olmadan boğazlarından keçən tankerləri dayandıra biləcəyi bir plan hazırlamağa başlamışdı. Bu zaman Danimarka BMT-nin Dəniz Hüququ Konvensiyasına istinad edirdi. BMT-nin Dəniz Hüququ Konvensiyası dövlətlərə ətraf mühit üçün təhlükə yarada bilən gəmiləri yoxlamağa icazə verir. Lakin bunu həyata keçirmək çox çətindir və bir ölkənin öhdəsindən gəlməsi mümkünsüz görünür. Gəmini dayandırmaq üçün səlahiyyətlilərin onun sahil sularına və sahil xətlərinə ziyan vura biləcəyinə dair aydın, obyektiv səbəbləri olmalıdır. Bu vəziyyətdə Danimarkanın bütün şübhəli tankerləri dayandırıb yoxlaya bilməyəcəyi və tabe olmaqdan imtina edəcəyi təqdirdə hansı addımlar atacağı bəlli deyildi.
Ötən ay Danimarkanın xarici işlər naziri Lars Lokke Rasmussen ölkənin Baltik dənizində "gizli" tankerlərin hərəkətini məhdudlaşdırmaq üçün tədbirlər hazırladığını elan etdi. Danimarka Baltikyanı ölkələr və digər Avropa İttifaqı üzvləri ilə danışıqlar aparır. Xarici işlər naziri Rasmussen hesab edir ki, "gizli donanma" beynəlxalq problem olduğu üçün həlli də beynəlxalq səvyyədə olmalıdır. Buna görə də Böyük Britaniya ilə Avropa İttifaqının birgə həmləsi meydana gəlib.