Afrika Birliyi Afrika ölkələrində sürətlə yayılan meymun çiçəyi virusuna qarşı qitə miqyasında fövqəladə vəziyyət elan edildiyini açıqlayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Afrika İttifaqının Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (Africa CDC) baş direktoru Jan Kaseya meymun çiçəyi epidemiyası ilə bağlı açıqlama verib.
"Meymun çiçəyinə qarşı fövqəladə hal elan edilməsi özbaşınalıq deyil, bu, məsuliyyətdir", - Kaseya deyib.
Afrikadakı hökumətləri meymun çiçəyi xəstəliyinin yayılmasının qarşısını almaq üçün Afrika CDC ilə işləməyə çağıran Kaseya, epidemiyaya qarşı qitəyə peyvənd gətirməyi vəd edib. Kaseya, yoluxmaların və ölümlərin sayı ilə bağlı həftəlik görüşlərin keçiriləcəyini bildirib.
Afrika CDC-nin avqustun 9-da dərc etdiyi hesabata görə, yanvar-8 avqust tarixləri arasında Afrikanın 13 ölkəsində 2822 nəfər virusa yoluxub və 14719 şübhəli hadisə qeydə alınıb.
Qeyd edək ki, virusdan 517 nəfər ölüb, onlardan 511-i Konqo Demokratik Respublikasında (KDR) olub.
Malik Atilay