|
|
|
|

“AUKUS-un (ABŞ, Böyük Britaniya və Avstraliya) nüvə sualtı qayıqları sahəsində üçtərəfli əməkdaşlığı regionda sülh və təhlükəsizliyin qorunması səylərinə zərər verir”.
525.az xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian bəyan edib. Onun sözlərinə görə, ABŞ, Böyük Britaniya və Avstraliya beynəlxalq ictimaiyyət təhlükəsizlik tədbirləri və digər məsələlərdə konsensusa gəlməyincə bu sahədə əməkdaşlığı davam etdirməməlidir.
Məlumata görə, Avstraliya bu yaxınlarda ABŞ və Böyük Britaniya ilə nüvə sualtı qayıqları sahəsində əməkdaşlıq müqaviləsi imzalayıb ki, bu da üç ölkəyə müvafiq materialları və məlumatları paylaşmağa imkan verəcək.
Sazişin imzalanmasını şərh edən çinli rəsmi qeyd edib ki, ABŞ, Böyük Britaniya və Avstraliya AUKUS-u nüvə sualtı qayıqları və digər qabaqcıl hərbi texnologiyalar sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün yaradıblar. Bu ölkələrin hərəkətləri silahlanma yarışını şiddətləndirir, beynəlxalq nüvə silahının yayılmaması rejiminə zərbə vurur, blok siyasətini və hərbi qarşıdurmanı qızışdırır, regionda sülh və sabitliyə xələl gətirir.
Rəsmi nümayəndə xatırladıb ki, Çin və regionun müvafiq ölkələri dəfələrlə bu hərəkətlərdən ciddi narahat olduqlarını və onlara qarşı kəskin etirazlarını bildiriblər.
“AUKUS-un nüvə sualtı qayıqları sahəsində tərəfdaşlığı Nüvə Silahlarının Yayılmaması haqqında müqavilənin məqsəd və hədəflərinə ziddir. Mövcud Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) təminat sistemi bununla bağlı effektiv qarantiyanı təmin edə bilmir və beynəlxalq ictimaiyyətdə müvafiq təminat müddəalarının təfsiri və tətbiqi ilə bağlı çoxlu fikir ayrılığı mövcuddur”, - çinli diplomat vurğulayıb.
Onun sözlərinə görə, bir çox ölkələr artıq öz narahatlıqlarını ifadə ediblər: “Beynəlxalq ictimaiyyət təhlükəsizlik tədbirləri və digər məsələlərdə konsensusa nail olana qədər ABŞ, Böyük Britaniya və Avstraliya nüvə sualtı qayıqları sahəsində əməkdaşlığı inkişaf etdirməməlidir”.
Pərvanə Sultanova



