|
|
|
|

Azərbaycanın mədəniyyət və turizm məkanında 2016-2020-ci illərdə baş vermiş mühüm yeniliklərin, həyata keçirilmiş dəyərli layihələrin bir qismi mövzular üzrə qruplaşdırılaraq xronoloji ardıcıllıqla öz əksini tapdığı sanballı kitab nəşr edilib. "2016-2020-ci illərdə Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyəti haqqında hesabat" adlanan bu kitabı, məzmununa və coğrafi əhatə dairəsinə görə, monumental səciyyəli nəşr, maddi-mədəni sərvətimizin 5 ilinin zəngin ensiklopediyası, canlı salnaməsi hesab etmək olar.
Akademik Nizami Cəfərovun həmin kitabda ön söz kimi dərc olunmuş məqaləsini nəşr barədə ilkin və dolğun təəssürat üçün oxuculara təqdim edirik.
Müasir Azərbaycan Respublikasının qurucusu, Ümummilli lider Heydər Əliyevin mürəkkəb sosial-iqtisadi şəraitdə böyük məharətlə yaradıb həyata keçirməyə başladığı dövlət mədəniyyət siyasətini Azərbaycan Prezidenti, Dünya Azərbaycanlılarının Lideri İlham Əliyev uğurla davam etdirməklə yanaşı, yeni çoxspektrli reallıqlar zəminində bu siyasətin o zamana qədər təsəvvür edilməsi mümkün olmayan tarixi üfüqlərini müəyyənləşdirdi. Azərbaycan mədəniyyətinin dünyada, dünya mədəniyyətinin Azərbaycanda təbliği, tanıdılması istiqamətində əvəzsiz fəaliyyət göstərən Heydər Əliyev Fondu, onun Prezidenti, Birinci xanım, Xoşməramlı səfir Mehriban Əliyeva ölkədə milli-mədəni inkişafın ümumbəşəri miqyaslarını təmin etdi. Bir tərəfdən, Azərbaycan xalqının əsrlərlə yaradılmış zəngin mədəniyyət abidələrinin ortaya çıxarılaraq müasir üsullarla cəmiyyətə təqdim olunması, digər tərəfdən, bugünkü yaradıcılıq imkanlarının genişlənməsi, daha məhsuldar, daha effektli xarakter alması üçün zəruri tədbirlər görülməsi sürətlə güclənən, dünyaya inteqrasiya edən gənc müstəqil dövlətin mədəniyyətə nə qədər mühüm önəm verdiyini göstərirdi.
Azərbaycan Prezidentinin 30 yanvar 2006-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin yaradılması dövlət idarəetmə sistemində aparılan islahatların davamı idi. Və həmin Fərmanla, idarəetmənin səmərəliliyinin daha da artırılması üçün, Mədəniyyət Nazirliyi ilə Gənclər, İdman və Turizm Nazirliyi ləğv edilərək Mədəniyyət və Turizm Nazirliyi ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Prezidentin eyni tarixli Sərəncamı ilə, gənclər, idman və turizm naziri vəzifəsində kifayət qədər zəngin dövlət idarəçiliyi təcrübəsi qazanmış Əbülfəs Mürsəl oğlu Qarayev mədəniyyət və turizm naziri təyin olundu. Fəaliyyətə başladığı ilk günlərdən artıq strateji istiqamətləri müəyyənləşmiş dövlət mədəniyyət siyasətinin layihə gücündə gerçəkləşməsi uğrunda yorulmadan çalışan nazir xalqın ruhunun, milli-mənəvi özünəməxsusluğunun birbaşa təzahürü olan bu zərif sahənin -mədəniyyətin idarə edilməsi işinə öz töhfələrini verdi.

Əbülfəs Qarayevin 2006-cı ildən 2015-ci ilə qədərki fəaliyyətini 2016-cı ildə nəşr olunmuş "Azərbaycan: mədəniyyət və turizm məkanı 10 ildə" kitabı bütün tərəfləri ilə əks etdirir. Oxuculara təqdim olunan hazırkı kitab isə birincinin bilavasitə davamı olmaqla həmin fəaliyyətin sonrakı beş ilinə aiddir. Belə ki, Əbülfəs Qarayev 2018-ci ilin aprel ayının 20-nə qədər mədəniyyət və turizm, sonra isə mədəniyyət naziri olmuşdur.
İlk baxışdan kitabda diqqəti çəkən, vərəqlədikcə hətta heyrət doğuran cəhət ondakı "janr" rəngarəngliyidir: məqalə, mətbuat konfransı, açılış mərasimi, yubiley, sessiya, beynəlxalq görüş, mükafatların təqdimi mərasimi, festival, elmi-kütləvi konfrans, qəbul, "dəyirmi masa", müşavirə, nazirliyin kollegiya iclası, təbrik mərasimi, bölgələrdə vətəndaşların qəbulu, memorandum imzalanması, müsahibə, sərgi, müzakirə, kitab təqdimatı və sair. Bu rəngarənglik, birincisi, Əbülfəs Qarayevin nazir olaraq fəaliyyətinin miqyasını, çevikliyini və məhsuldarlığını; ikincisi, ölkədə mədəniyyət quruculuğu işinin intensivliyini; üçüncüsü isə, bu sahədəki idarəçilik təcrübəsinin ildən-ilə necə təkmilləşdiyini əks etdirir. Bununla belə, "janr" rəngarəngliyi görülən işlərin yalnız formal tərəflərini ifadə etməklə qalmır, müxtəlif mərasimlərdə, görüşlərdə tədbirlərdə nazirin məruzələri, çıxışları, eləcə də məqalə və müsahibələri Azərbaycanda gedən mədəni hərəkatın ən müxtəlif tərəflərini həm ölkə, həm də dünya ictimaiyyəti üçün dərindən şərh etməklə dövlət siyasətinin necə icra olunduğu barədə xalqa ardıcıl hesabat verir. Həmin hesabatlar, bir tərəfdən, keçmiş təcrübəni ümumiləşdirirsə, digər tərəfdən, gələcək perspektivlərin gündəlik tələblərə uyğun dəqiqləşdirilməsinə gətirib çıxarır ki, bunsuz mədəniyyət kimi son dərəcə həssas, sosial-kütləvi olduğu qədər də subyektiv-fərdi bir sahədə optimal idarəçilik texnologiyalarının tətbiqi mümkün olmazdı.
Əlbəttə, Nazirliyin (və nazirin) 2016-cı ildən 2020-ci ilə qədərki məhsuldar fəaliyyəti yalnız hazırkı kitabda əksini tapmış əlamətdar hadisələrlə məhdudlaşmır. Və tamamilə təbiidir ki, məsələn, Fransada Məhsəti Gəncəvinin, Belçikada Xurşidbanu Natəvanın heykəllərinin ucaldılması; "ÜNS" Yaradıcılıq Səhnəsinin 10, Sumqayıt və Mingəçevir Dram Teatrlarının 50 illik yubileylərinin qeyd olunması; Qara Qarayevin Ev-Muzeyinin və Gəncə Dövlət Filarmoniyasının yeni binasının açılışı; Beynəlxalq Turizm Filmləri; Şəkidə IX "İpək Yolu" Beynəlxalq Musiqi, Üzeyir Hacıbəyliyə həsr olunmuş X Beynəlxalq Musiqi Festivallarının keçirilməsi; "Azərbaycan Teatr Ensiklopediyası"nın nəşri və sair kimi çoxsaylı ölkə və beynəlxalq miqyaslı tədbirlər barədə məlumatlar nəşrə daxil edilməmişdir.
Kitabda gedən materiallar bütün aydınlığı ilə nümayiş etdirir ki, nazirin fəaliyyətində bir-birindən fərqlənən, hətta zahirən qarşı-qarşıya dayanan iki sahə - məkan məzmun və mahiyyət etibarilə vəhdətdədir: onlardan biri ölkədaxili, ikincisi beynəlxalq aləmdir ki, hər ikisində Azərbaycan mədəniyyətinin bu və ya digər dərəcədə taleyi həll olunur desək, yəqin ki, səhv etmərik.
Ölkə daxilində gedən mədəniyyət proseslərinin elə bir əhəmiyyətli hadisəsi olmamışdır ki, nazirin diqqətindən kənarda qalsın: ədəbiyyat, incəsənətin ən müxtəlif növləri, kitabxana işi, kitab nəşri, qanunvericiliyin təkmilləşdirilməsi, mədəni tarixi irsin mühafizəsi, turizm sektorunun inkişafı və sair. Onu da xüsusi olaraq xatırlatmağa ehtiyac var ki, Azərbaycan mədəniyyətinin inkişaf potensialı nə qədər güclü olsa da, sovet dövründən ona bir sıra sahələrdə acınacaqlı "miras" qaldı ki, bu günə qədər aradan qaldırılması mümkün olmamışdır. Onlardan başlıcası mədəniyyətin ən müxtəlif yaradıcılıq təzahürlərinin bütünlüklə inzibati idarəçiliyə tabe edilməsi, yaradıcı şəxslərin sərbəstliyinin "dövlət sifarişi" prinsipi ilə məhdudlaşdırılması idi ki, sovet hakimiyyəti çökəndən, "bazar iqtisadiyyatı" öz qanunlarını diqtə etməyə başlayandan sonra özünü kəskin şəkildə göstərdi. Yazıçılar Birliyi, Bəstəkarlar İttifaqı, Rəssamlar İttifaqı kimi yaradıcı qurumlar, rəsmi olaraq, qeyri-hökumət təşkilatlarına (QHT- lərə) çevrilsələr də, sosial-mədəni nüfuzları nəzərə alınaraq dövlət himayəsindən tamamilə kənarlaşdırılmadı. Və belə bir mütərəqqi yol seçildi ki, yaradıcı birlik və ya ittifaqlar "bazar iqtisadiyyatı"na "ağrısız" və ya tədricən keçsinlər.

Əlbəttə, o qədər də asan olmayan bu cür "keçid prosesləri"nin idarəedilməsində Mədəniyyət və Turizm Nazirliyinin xidmətləri müstəsnadır. Buraya regional mədəniyyət və turizm idarələrinin işinin təşkili məsələsi də daxildir ki, oxucuya təqdim edilən kitabda bu barədə müfəssəl məlumatlar verilmişdir. Məsələn, göstərilir ki, 2017-ci ilin may ayının 30-da Xaçmaz şəhərində nazirliyin regional idarələrinin fəaliyyətinə həsr olunmuş müşavirə keçirilmiş, tədbirdə 2017-ci ilin yanvarından fəaliyyətə başlayan regional idarələrin əldə etdiyi nəticələr təhlil edilərək qarşıda duran vəzifələr müzakirə olunmuşdur. Ölkəmizdə turizm sahəsində həyara keçirilən işlərdən danışan nazir Əbülfəs Qarayev qeyd edib ki, regionlarda turizm sənayesinin inkişafı, turizm klasterlərinin yaradılması istiqamətində addımların atılması davam etdirilir, ölkəyə gələn turistlərin sayının artırılması, onlara göstərilən mədəni xidmətlərin səviyyəsinin yüksəldilməsi üçün zəruri tədbirlər görülür.
Əlbəttə, turizm sahəsində Azərbaycanın olduqca geniş imkanlarının ortaya çıxarılması, təbii zənginlikləri ilə yanaşı, etnoqrafik bənzərsizliklərinin, orijinal xalq yaradıcılığı nümunələrinin beynəlxalq standartlara uyğun nümayiş etdirilməsi Mədəniyyət və Turizm Nazirliyinin (və nazirin) həll etməyə çalışdığı və həllində bir sırauğurlar qazandığı prioritetlərdən olmuşdur. Əbülfəs Qarayev Azərbaycan Turizm Şurasının iclaslarındakı çıxışlarında getdikcə artan milli təcrübəyə dayanaraq vaxtaşırı turizm sektorunda görülən (və görülməli olan) işlərin təhlilini vermişdir.
Nazirliyin ölkə daxilində gördüyü böyük işlər koronavirus (COVİD-19) infeksiyasının bütün dünyanı sarsıtdığı günlərdə də davam etdirilmiş, mədəniyyət ictimaiyyətinə 23 mart 2020-ci il tarixli müraciətində mədəniyyət naziri demişdi: "Məlumdur ki, həyata keçirilən sosial izolyasiya tədbirləri çərçivəsində mədəniyyət müəssisələrinin də fəaliyyəti müvəqqəti olaraq dayandırılmışdır. Təbii ki, insanların sağlamlığının hər şeydən ümdə olması bu addımları zəruri edir. Amma iş prosesinə fasilə verilsə də, müasir texnologiyalar öz evimizdən sosial həyatımızı da, fəaliyyətimizi də müəyyən məcrada davam etdirməyə imkan verməkdədir... Odur ki, bizi evlərimizdə sosial izolyasiyaya vadar edən bu şəraitin doğurduğu zamanı da səmərəli dəyərləndirməyə çalışmalıyıq".

Mədəniyyət Nazirliyinin "Evdə qal, evdə yarat" təşəbbüsünə start verdiyi barədə məlumatı Azərbaycanın geniş mədəniyyət ictimaiyyətinə çatdıran nazir həmin təşəbbüsün nəzərdə tutduğu texnoloji imkanlardan yetərincə istifadəni tövsiyə etmiş, "sıx mədəni təmas"a çağırmış və müraciətini bu sözlərlə bitirmişdir: "Bu günlər də arxada qalacaq. Tezliklə sizlərlə teatr və konsert zallarında, muzey və sərgi salonlarında, kitabxana və digər mədəniyyət ocaqlarında canlı ünsiyyətdə bir araya gələcəyik".
Kitabda öz əksini tapmış tarixi məqamlardan biri də, heç şübhəsiz, mədəniyyət nazirinin 10 aprel 2020-ci il tarixdə vətəndaşlar üçün keçirdiyi ilk videoqəbuldur... "Əbülfəs Qarayev əvvəlcə ölkə ərazisində koronavirus infeksiyasının qarşısının alınması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlərdən danışıb... Vurğulanıb ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə müvafiq dövlət qurumları tərəfindən koronavirusla mübarizədə qətiyyətli addımlar atılır və ölkəmiz bu çətin sınaqdan qısa zamanda çıxacaqdır".
Nazir həmin günlərdə ölkənin mədəniyyət həyatında görülən işləri, həyata keçirilən tədbirləri yüksək qiymətləndirmiş, gələcək planlardan danışmışdır. Sonra vətəndaşların müraciətləri dinlənilərək, onların bəziləri yerindəcə cavablandırılmış, bəzilərinin isə araşdırılması üçün müvafiq tapşırıqlar verilmişdir.
Ümumən Azərbaycanda ilk olan həmin təşəbbüs sonralar geniş yayılaraq bugünə qədər davam etməkdədir.
Azərbaycan mədəniyyətinin taleyinin həll olunduğu ikinci sahə - məkan beynəlxalq aləmdir ki, Nazirliyin (və nazirin) buradakı fəaliyyəti də məhsuldar olmuşdur.

Həm Şərq, həm də Qərb sivilizasiyaları ilə qarşılıqlı əlaqədə formalaşmış Azərbaycan mədəniyyətinin dünyaya inteqrasiyası, əlbəttə, dərin tarixi köklər, sınaqdan çıxmış prinsiplərə malikdir ki, Azərbaycan dövlət müstəqilliyi qazandıqdan sonra tədricən bu zəngin ənənəyə, başqa sözlə, mənəvi sərvətə sahib çıxmağa başlamışdır. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa rəhbərlik etdikləri beynəlxalq mədəni əlaqələr sferasında Mədəniyyət Nazirliyinin (və nazir Əbülfəs Qarayevin) xidmətləri özünü bir neçə səviyyədə göstərir ki, buraya, ilk növbədə, UNESCO, İSESCO kimi beynəlxalq mədəniyyət təşkilatları ilə əməkdaşlıq imkanlarının genişləndirilməsi daxildir. Və həmin əməkdaşlıq ölkədə çoxsaylı mötəbər forumların keçirilməsi ilə nəticələnmişdir. Türk, eləcə də İslam dünyası miqyasında beynəlxalq mədəniyyət tədbirlərinə marağın artmasına, həmin istiqamətlərdə müəyyən təcrübənin əldə edilməsinə gəldikdə isə burada Azərbaycanın rolu hər cür təqdirə layiqdir.
Beynəlxalq mədəni əməkdaşlığın ikinci forması mədəniyyətin musiqi, teatr, kino, təsviri sənət və sair klassik sahələri üzrə keçirilən festivallardır ki, Azərbaycan həmin sahələrdə yalnız təşkilatçılıq işi görməklə kifayətlənməmiş, həm azərbaycanlı incəsənət ustalarının öz istedadlarını nümayiş etdirmələrinə şərait yaratmış, həm də Azərbaycan incəsənətinin özünəməxsus janrlarının dünya miqyasında təbliğinə nail olmuşdur.
Nəhayət, beynəlxalq əməkdaşlığın üçüncü forması ölkələr arasında keçirilən mədəniyyət günləridir.
Əbülfəs Qarayevin əvvəlki kitabında olduğu kimi, bu kitabında da sözügedən əməkdaşlıq formalarının hər birində Azərbaycanın iştirakı barədə geniş məlumatlar mövcuddur. Və bu məlumatların əhəmiyyəti bir də ondadır ki, əvvəla, hadisələrin icrasına bu və ya digər şəkildə nəzarət edən şəxsin mövqeyini bildirir; ikincisi, mövcud beynəlxalq standartlara əsaslanmaqla qazanılan milli təcrübəni nümayiş etdirir; üçüncüsü, mərasimdən mərasimə, forumdan foruma, tədbirdən tədbirə təkmilləşərək yaradıcı xarakter daşıyan proseslərin dinamik mənzərəsini verir. Odur ki, Azərbaycanın beynəlxalq mədəni əməkdaşlığının on beş il ərzində - məhz formalaşma dövründə hansı inkişaf yolu keçdiyi barədəki ən səhih informasiya, heç şübhəsiz, bu kitablardan alınacaqdır.

Əlbəttə, hər bir dövlət adamının əsas missiyası cari proseslərin daxilində olmaq, onları öz səlahiyyətləri çərçivəsində yaradıcı idarə etməkdən ibarətdir ki, bu zaman idarəçinin tövsiyə, təhlil və göstərişləri xüsusi əhəmiyyətə malikdir. Birinci kitabda olduğu kimi, hazırkı ikinci kitabda da müəllifin çıxışlarının, nitqlərinin (məruzələrinin) əsas yer tutması bu baxımdan tamamilə təbiidir. Lakin elə janrlar da vardır ki, müəllifdən intellektual fərdlilik, bu və ya digər məsələyə az-çox subyektiv münasibət tələb edir. Dövlət adamları, rəsmi şəxslər, adətən, həmin janrlara maraq göstərmirlər. Və zəngin şəxsiyyətinə, geniş miqyaslı, enerjili fəaliyyətinə, erudisiyasına yaxından bələd olduğuma görə tərəddüd etmədən deyə bilərəm ki, Əbülfəs Qarayev də bu baxımdan istisna təşkil etmir, bütün ünsiyyətcilliyi, özünəməxsusluğu ilə yanaşı, o, ilk növbədə, dövlət adamı, rəsmi şəxsdir. Bununla belə, kitabda "Azərbaycandan dünyaya multikulturalizm mesajı", "Əbədi müstəqillik üçün mədəniyyət" kimi məqalələri, "Turizmin inkişafı üçün yeniliklər davam edəcək", "Mədəniyyət Azərbaycan rəqsində amil kimi", "Heydər Əliyev və mədəniyyət" kimi müsahibələri də yer alır ki, bunlar müəllifin fərdi intellektual düşüncələrini əks etdirir.
Əbülfəs Qarayevin elə müsahibələri də var ki, onun həyatını, fəaliyyətini, mənəvi dünyasını bütünlüklə açır. Və hərdən mənə elə gəlir ki, bu cür cəsarəti yalnız ədəbiyyatla, incəsənətlə bilavasitə əlaqədə olan insanlar edə bilərlər.
Əbülfəs müəllimin istər birinci, istərsə də ikinci kitabını oxuduqca həmişə düşünmüşəm ki, Ümummilli lider Heydər Əliyevin, sonra isə Prezident İlham Əliyevin rəhbərliyi ilə çalışmış ilk Azərbaycan nazirləri gərək gördükləri işlərin elə müfəssəl siyasi-akademik hesabatlarını versinlər ki, dövlətçiliyin (və müstəqilliyin) gələcək idarəçilik texnologiyaları ən müxtəlif sahələrdə get-gedə öz milli ənənələrini daha böyük inamla formalaşdıra bilsin. Çünki bu cür hesabatlar təkcə tarixi məsuliyyət deyil, həm də (və daha çox!) gələcəyi möhkəm təməllər, etibarlı təcrübə və mental dəyərlər üzərində qurmaqdır.



