Sentyabrın 24-26-da Bakı Ekspo Mərkəzində regionda müdafiə sənayesinə həsr olunmuş ən nəhəng tədbir olan 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi - ADEX və 14-сü Azərbaycan Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi - "Securex Caspian" keçiriləcək.
525.az-a bu barədə sərgilərin təşkilatçısı olan şirkətdən bildirilib.
Məlumata görə, sərgilərdə 38 ölkəni təmsil edən 270-ə qədər şirkət iştirak edəcək. İştirakçı ölkələr Azərbaycanla yanaşı ABŞ, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Çin, İspaniya, İsrail, İtaliya, Litva, Macarıstan, Pakistan, Qətər, Rusiya Federasiyası, Serbiya, Sinqapur, Slovakiya, Türkiyə, Ukrayna və digərləridir. Builki sərgilər iştirakçıların ümumi sayının 34 %-ni təşkil edən yeni şirkətlər hesabına yenilənib. İştirakçı ölkələr arasında Macarıstan, Qətər, Sinqapur və Slovakiya 2022-ci il ilə müqayisədə sərgilərin yeni iştirakçılarıdır.
14 ölkə sərgilərdə milli pavilyonla təmsil olunacaq. Belə ki, Azərbaycan, Belarus, Çexiya, Çin, İtaliya, İsrail, Macarıstan, Pakistan, Qətər, Rusiya, Serbiya, Slovakiya, Türkiyə və Ukrayna sərgilərdə milli pavilyonla iştirak edəcək. 2022-ci il ilə müqayisədə iştirakçıların sayında 32 % artım qeydə alınıb.