
Oktyabrın 1-dən Azərbaycanda alkoqollu içkilərin və tütün məmulatlarının tranzit daşınması zamanı depozitin tətbiqinə başlanacaq. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, 2024-cü il 1 oktyabr tarixindən etibarən təminat üsulu olaraq depozitin tətbiqinə başlanacaq. Məqsəd alkoqollu içkilərin və tütün məmulatlarının tranzit daşınması zamanı yarana biləcək gömrük borcunun ödənilməsinin təmin edilməsidir. Təminatın məbləği tranzit daşımasını həyata keçirən hər nəqliyyat vasitəsinə münasibətdə minimum 200000 ABŞ dolları ekvivalentində müəyyən edilib. “Gömrük bəyannaməsi təsdiq edildiyi gün vəsaitin Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən edilən məzənnəyə uyğun olaraq manat ifadəsində banka depozit şəklində qoyulmasına dair təsdiqedici sənəd gömrük orqanına təqdim olunmalıdır”, - məlumatda bildirilib.
İqtisadçı millət vəkili Vüqar Bayramov deyir ki, bu qaydaların tətbiqində əsas məqsəd büdcədən yayınmaların qarşısını almaqdır: “Praktiki olaraq bu, vəsait təminatının həyata keçirilməsi anlamına gəlir ki, həm tranzit daşımalara nəzarəti gücləndirmək mümkün olsun, həm də tranzit daşımalar zamanı büdcədən yayınmanın qarşısı alınsın. Əslində vəsait təminatı, büdcəyə daxiloması proqnozlaşdırılan vəsaitin büdcəyə alınmasındakı risklərin aradan qaldırılması anlamına gəlir. Belə qayda bir sıra ölkələrdə tətbiq edilir”.
Millət vəkilinin dediyinə görə, burada tranzit şirkətlərindən hər hansı bir əlavə ödənişin tələb olunması nəzərdə tutulmur: “Tranzit şirkətləri ödənişini mövcud qaydalar əsasında və əvvəlki məbləğdə həyata keçirəcəklər. Sadəcə təminat olaraq, yəni ödənişlərdən yayınmamaq üçün bu addım atılıb. Bu, büdcə gəlirlərinə təsir göstərə bilər. Çünki vergidən yayınmanın qarşısının alınması büdcəyə daha çox vəsaitin daxilolmasına imkan yaradır. Vergidən yayınmanın qarşısının alınması nəticəsində büdcəyə daha çox vəsaitin daxilolması mümkün ola bilər. Burada məqsəd daha çox vergidən yayınmanın qarşısını almaq, ümumiyyətlə, prosedurların tənzimlənməsi və bu sahəyə nəzarətin gücləndirilməsindən ibarətdir”.
İqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, tranzit keçilən zaman depozit qoyulmalıdır. Bununla bağlı gömrük ödənişlərin yığılması istiqamətində öz işini qarantiyaya alır. Belə ki, əvvəlcədən müəyyən məbləğdə depozit müəyyən olunur. Tranzit keçəndən sonra yükün həcminə görə dəqiq məbləğ bəlli olur: “Tranzit daşınması zamanı yarana biləcək gömrük borcunun ödənilməsi ilə bağlı tətbiq ediləcək yeni qayda ölkə ərazisindən keçən yüklərin sürətli şəkildə daşınmasına səbəb olacaq. Eyni zamanda, gömrüklə yük daşıyan arasında da münasibətlər tənzimlənəcək. Hesabda pul olduğu zaman yoxlama prosesi uzun çəkməyəcək. Yəni yük daşıyan gömrükdə izafi vaxt sərf etməyəcək. Bu səbəbdən də tranzit zamanı proses qısa müddətdə həyata keçiriləcək”.
Ekspert dünyada belə təcrübələrin geniş yayıldığını deyir: “Burada söhbət tranzit mallara görə depozit tətbiqindən gedir. Bu qayda Azərbaycan mallarına aid deyil. Ümumiyyətlə, tranzit şirkətlər tranzit malların keçidinə görə ölkələrə pul ödəyirlər. Tranzit malların sürətlə keçidini təmin etmək və hesablaşmaların asanlığı üçün tranzit şirkətləri əvvəlcədən depozit hesablara məbləğ qoyacaqlar. Dövlət üçün də bu, arxayınlıq yaradacaq”.
İqtisadçı Akif Nəsirlinin sözlərinə əsasən, qanuna edilən dəyişikliklər alkoqollu içkilər və tütün məhsullarının qiymətinə müsbət təsir göstərməyəcək. Qanunun qəbul edilməsi alkoqollu içkilər və tütün məhsullarına əlavə xərclər gətirəcək: “Yeni qanunun qəbul edilməsi, sözsüz ki, sahibkarlara əlavə xərclər gətirəcək. Hər bir sahibkar öz kapitalından 200 min ABŞ dolları ayırıb depozit qoymalıdır. Bu, sahibkarın maliyyə imkanlarını zəiflədəcək və nəticədə məhsul qiymətlərinin artırılmasına səbəb olacaq”.
İqtisadçı əlavə edib ki, depozitlərin tətbiqi məhsul üzərinə əlavə faizlərin gəlməsinə səbəb olacaq. Onun dediyinə görə, alkoqollu içkilər və tütün məhsullarının qanun qüvvəyə mindikdən sonra bahalaşması gözləniləndir: “Yeni qanunla alkoqollu içkilər və tütün məhsullarına tətbiq edilən vergi və aksiz dərəcələri artırıla bilər. Bu, istehsalçıların və satıcıların əlavə xərclərini qarşılamaq üçün məhsul qiymətlərini artırmasına səbəb ola bilər. Nəticədə, bazarda bu məhsulların qiymətləri yüksələcək. Qanunlar idxal olunan alkoqollu içkilər və tütün məhsullarına yeni tələblər və ya məhdudiyyətlər qoya bilər. İdxalın məhdudlaşdırılması yerli bazarda məhsulun qiymətini artıran təklif azlığına səbəb ola bilər. Bu dəyişikliklər, xüsusilə alkoqollu içkilər və tütün məmulatlarının istehsalı və ticarəti ilə məşğul olan sahibkarlar üçün əlavə maliyyə yükü yaratmaqla, bazar qiymətlərini artıra bilər. Qanunun təsiri bu məhsulların qiymətindəki artım olaraq özünü göstərəcək və istehlakçılar üçün iqtisadi təsir yarada bilər”.
Sevinc QARAYEVA



