|
|
|
|
Görkəmli nasir, dramaturq, Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Vaqif Əlixanlı vəfat edib.
525.az xəbər verir ki, Vaqif Ənvər oğlu Əlixanlı 13 oktyabr 1943-cü ildə Quba rayonunun Yerfi kəndində anadan olub. 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin kitabxanaçılıq şöbəsinə daxil olub. Hərbi xidməti başa vurduqdan sonra 1968-ci ildə Azərbaycan SSR Televiziya və Radio Verilişləri Komitəsinin əvvəlcə Radionun Ədəbi-Dram baş redaksiyasında redaktor, sonra şöbə müdiri kimi ədəbi-incəsənət fəaliyyətinə başlayıb. "Bulaq" və "Dünyanı bəzəyənlər" radio verilişinin yaradıcılılarından biri olan Vaqif Əlixanlının o illərdə müəlliflik etdiyi etnoqrafik hekayələr və "XX əsr İncəsənət" və "Palitra" televiziya verilişinə yazdığı "Rənglər" silsilə hekayələri populyarlığı, yüksək peşəkarlığı ilə seçilib.
1976-cı ildə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına baş redaktor vəzifəsinə dəvət alan Vaqif Əlixanlı ssenarilər üzrə Bədii şuranın üzvü kimi, həm də direktor müavini vəzifəsini icra edib. 1979-cu ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə əvvəlcə "İncəsənət və Teatr" şöbəsinə baş redaktor, bir il sonra nazirliyin "Teatr və Konsert müəssisələri" idarəsinə rəis təyin olunan nasir o vaxtkı Azərbaycan SSR Teatr truppaları və musiqi heyətləri ilə respublikanı Yaponiya, Norveç, Türkiyə və başqa ölkələrdə, eləcə də İttifaqın müxtəlif yerlərində təmsil edib. 1991-ci ildə SSRİ-nin süqutundan sonra yenidən – AzTV-yə qayıdan Vaqif Əlixanlı televiziyanın "Xəbərlər", daha sonra isə "Ədəbi-Dram" studiyasının direktoru vəzifəsini ləyaqətlə yerinə yetirir. Həmin dövrdə vətənpərvər ruhlu, yaddaqalan – "Qırxıncı otaq", "Sarı sim", "Nəbz" verilişlərilə tamaşaçı rəğbətini qazanıb. 1993-cü ildə Radioda Xalq yaradıcılığı baş redaksiyasını yaradır və orda baş redaktor kimi yaradıcılığına davam edir. Sonrakı illərdə "Space", ABBA, "Lider", hətta qısa müddət ANS TV-də də baş redaktor vəzifəsində çalışıb, 2013-cü ildən 2021-ci ilədək Yazıçılar Birliyinin orqanı olan "Qobustan" incəsənət jurnalının Baş redaktoru olub. Yazıçılar, Jurnalistlər Birliyinin, Teatr Xadimləri İttifaqının üzvüdür. "Bulaq" verilişinə görə 1972-ci ildə "Qızıl qələm" mükafatı alıb, dövlət televiziyasının "Vətənpərvərlik" ruhunda yazılan ən gözəl əsər-müsabiqəsinin laureatı olub. Daha sonra "Mövlana" Beynəlxalq müsabiqəsində "Dünyanın Mövlanaşı" pyesi II yeri tutub və əsər Türkiyənin "GÜAM" Beynəlxalq dərgisində çap olunub. Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Erix Mariya Remark, Çingiz Aytmatov, Ernest Heminquey və başqa yazarların əsərləri əsasında televiziya və radio pyesləri mavi ekranda və efirdə verilmişdir. Onun bədii tərcüməsində V.Rasputinin "Axır zaman", T.Uilyamsın "İstək tramvayı", A.Kondratyevin "Saşka", Rüstəm İbrahimbəyovun "Biganələr oteli" və Alber Kamyunun "Qismət" pyesləri teatrlarda tamaşaya qoyulmuşdur. 2011-ci ilə Gənc Tamaşaçılar Teatrı Vaqif Əlixanlının "Əcəl atı" əsərini tamşaya qoyub. Əsər Azərbaycan televiziyasında da nümayiş etdirilib. 2000-ci illərdə Çingiz Aytmatovun "Qiyamət" ("Plaxa") əsərini tərcümə və çap etdirən yazıçının, 2013-cü ildə "Əkmə qəm ağacı" kitabı işıq üzü görüb. 2013-cü ilin sonunda yazıçının 70 illik yubileyi AzTV-də təntənəli surətdə qeyd edilib. Vaqif Əlixanlının dünya ədəbiyyatından tərcümələri, teatr və teleradio üçün səhnələşdiriləmələri ictimaiyyətin, peşəkar söz-sənət adamlarının xüsusi diqqət və rəğbəti ilə qarşılanıb.
Tanınmış ziyalılar, ictimai xadimlər 81 yaşında vəfat edən Vaqif Əlixanlının xatirəsini hörmətlə yad edib, ailəsinə və sevənlərinə başsağlığı veriblər. Tanınmış tərcüməçi Natiq Səfərovun qızı, yazıçı, publisist Günel Natiq də Vaqif Əlixanlı haqqında xatirəsini paylaşıb: “Gözəl insanlardan birini itirdik. Atamın ən yaxın dostlarından biri, mənim radioda bir il baş redaktorum olmuş, mülayim, xoşrəftar, dürüst, alicənab, ədalətli bir insan Vaqif Əlixanlı...
Atamla bağlı bütün tədbirlərə gəlirdi, hər dəfə də təəssüflə başını tərpədir, bütün sözlərin aciz olduğunu hiss edib deməyə söz tapmırdı... Sonuncu tədbirdə "Mənim çox dostlarım olub, amma Natiq kimisini görmədim" dedi. Sərgidə Quba yazarlarının olduğu bölməyə yaxınlaşanda (masalarımız yanaşı idi) məndən əvvəl atamın kitabını gördü, təbəssümlə əlini kitabın üstünə çəkdi. Mən özümü nişan verdim. Hiss etdim ki, ayaq üstə dayanmaq çətindir ona, yanımızdakı stulda oturmağa dəvət etdim. Gəlib oturdu, gözlərini boşluğa zillədi. Həmin an yaşlandığını hiss etdim, ürəyim sıxıldı. Bir neçə dəqiqədən sonra sağollaşıb ağır addımlarla uzaqlaşdı. Bəlkə nə üçün gəldiyini də unutmuşdu. Allah sizə rəhmət etsin, gözəl, nəcib insan. Yaxşı ki, vardınız...”
Yazıçı Naringül Nadir də sosial media hesabında “İşıqlı. Ziyalı insanlardan biri də azaldı. Vaqif Əlixanlıya Allah rəhmət eləsin. Birlikdə çalışdığımız müddətdə onu əsl ziyalı insan kimi bir daha kəşf etdik. Xatirəsi hər zaman əzizdir” deyə kədərini dilə gətirib.