|
|
|
|

Oktyabrın 16-da Mətbuat Şurasında dəyərli alim, tarix üzrə fəlsəfə doktoru Boran Əzizin bu yaxınlarda işıq üzü görmüş "Ağdam rayonunun Mərzili və başqa kəndlərindən repressiya edilmişlər. Acı həqiqətlər, ağrılı faktlar" və "Bakı Dövlət Universitetinin repressiyaya məruz qalmış müəllim və tələbələri" kitablarının təqdimat mərasimi olub.
Tədbiri açan Azərbaycan Mətbuat Şurasının sədri, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid qonaqları salamlayaraq Boran Əzizi sanballı tarixçi kimi səciyyələndirərək onun şəxsiyyətinə və elmi fəaliyyətinə olan yüksək münasibətini ifadə edib. Mətbuat Şurasında adətən media sahəsi ilə bağlı tədbirlərin keçirildiyini qeyd edən R.Məcid, bugünkü təqdimatın isə fərqli bir önəm daşıdığını, Azərbaycan xalqının tarixi ilə bağlı yeni kitabların məhz burada təqdim edilməsindən duyduğu məmnunluğu dilə gətirib: "Bu kitablarda xalqımızın günahsız yerə qırmızı terrorun qurbanı olan nümayəndələrinin taleyi arxiv və istintaq materialları əsasında ətraflı araşdırılıb. Düşünürəm ki, bu kitablardan qaynaq kimi istifadə edilərək gələcəkdə başqa maraqlı əsərlər də yaradıla bilər".
"Dünya ədəbiyyatı" jurnalının baş redaktoru Seyfəddin Hüseynli özünün də doğulub-böyüdüyü Ağdamın Mərzili kəndinin indiyədək ölkənin elm, təhsil, mədəniyyət sahəsinə bir sıra dəyərli şəxsiyyətlər bəxş etdiyini vurğulayıb: "Bizim Mərzili kəndinin tarixi taleyi elə olub ki, buranın əhalisi əvvəllər tərəkəmə-köçəri həyat tərzi sürüb, sonra isə oturaq həyat tərzinə keçərək elm və təhsil sahəsində tanınmış şəxsiyyətlər yetişdirib. Amma oturaqlaşma, xüsusən sovetləşmə prosesində Mərzili kəndinin əhalisi də, bütün ölkə kimi, Stalin-Bağırov repressiyalarının hədəfinə çevrilib. Bununla da kəndin mövcud potensialına və gələcək inkişafına ağır zərbələr vurulub. Dəyərli alimimiz Boran Əzizin təqdim olunan bu kitabları yüksək elmi əhəmiyyətlə bərabər, həm də repressiya qurbanlarının xatirəsinə mənəvi abidə keyfiyyəti daşıyır".
Mərzili ictimaiyyətinin nümayəndəsi olan ağsaqqal alim Yusif Səmədov kəndin 1930-cu illərdə üzləşdiyi müsibətlər, o dövrün repressiya mənzərələri barədə xatirələrini bölüşüb. Bu kitabların ərsəyə gətirilməsini alqışladığını bildirərək, ortaya çıxarılan faktların dərin iztirab hissi oyatdığını qeyd edib: "Təsəvvür edirəm ki, Boran müəllim arxivləri araşdıranda nə qədər iztirab keçirib. Bu, mənim özümü də iztiraba salır. Onun bu kitabları dərin araşdırma, böyük zəhmət sayəsində meydana gəlib və çox böyük dəyərə malikdir".

Dövlət Mükafatı laureatı, tarix elmləri doktoru, "Ağdam rayonunun Mərzili və başqa kəndlərindən repressiya edilmişlər. Acı həqiqətlər, ağrılı faktlar" kitabının ön söz müəllifi Nigar Gözəlova təqdim olunan kitabların elmi məziyyətlərini vurğulayıb. Stalin repressiyalarının mahiyyətindən, miqyasından söz açan alim bildirib ki, o dəhşətli proseslərdə əsas məqsəd bu idi ki, milli kimliyi, xalqın dəyərlərini yaşadan insanlar aradan götürülsün: "Boran Əzizin bu kitabları həm ümumən Azərbaycanda, həm də konkret olaraq bizim Mərzilidə insanların necə amansızlıqla repressiyaya məruz qoyulduğunu ətraflı şəkildə göstərir".
Professor Qulu Məhərrəmli tanınmış alimlər Ziya Bünyadov, Cəlal Qasımovdan sonra Boran Əzizin də sistemli şəkildə Azərbaycanın repressiya dövrü tarixini araşdırdığını minnətdarlıqla vurğulayıb: "Bütün sahələr, o cümlədən də tarix elmi dürüstlük tələb edir. Önəmli olan tarixə vicdanlı yanaşmaqdır. Bu kitabların bir üstün cəhəti də ondadır ki, burada faktlarla manipulyasiyalar edilməyib. Bu cür əsərlərin yazılması ilə yanaşı, təbliğatı da çox vacibdir. Repressiya çox ağır mövzudur və onu yazmaq tarixçidən ikiqat vicdan, obyektivlik tələb edir. Boran müəllim bu baxımdan böyük ehtirama layiqdir ki, mövzuya çox dəqiq və obyektiv yanaşıb".
Professor Tofiq Hacıyev çıxışında deyib: "Boran Əziz millətini sevən, onun yolunda xidmətlər göstərən və xalqın tarixini düzgün yazan alimdir. Bu kitabları yazarkən o, sadəcə arxivlərdə işləməklə kifayətlənməyib, həm də xeyli insanla görüşüb, araşdırmalar, dəqiqləşdirmələr aparıb. Bu əsərlərdə Boran müəllimin ürəyinin yanğısı var".
Tarixçi alim, dosent Hacı Həsənov Boran Əzizi vətənpərvər alim kimi hələ ötən əsrin 70-ci illərindən etibarən yaxından tanıdığını, onun elmi fəaliyyətinin yüksək əhəmiyyət kəsb etdiyini önə çəkib. Onun fikrincə, hər iki kitab repressiya qurbanları barədə çox qiymətli mənbədir.
Kitabların çap olunduğu "Çapar" nəşriyyatının direktoru Yusif İlhamoğlu B.Əzizlə iş prosesinin və əsərlərin dəyərli nəşrlər kimi ortaya qoyulmasının yaratdığı məmnunluğu dilə gətirib.
Digər çıxışçılar kitabların həm oxunaqlı dillə yazıldığını, bu kimi tarixi nəşrlərin keçmişi gələcəyə daşıyan zəruri elmi platforma olduğunu diqqətə çatdırıblar.
Sonda çıxış edən Boran Əziz kitabların yazılma prosesindən, bolşevizmin, Stalin repressiyalarının dəhşətli mahiyyətindən danışıb. Alim bu kitabların mühüm bir konsepsiya daşıdığını, repressiya anlayışını və qurbanların acı taleyini sənədlərlə, dəqiq faktlarla işıqlandırdığını diqqətə çatdırıb. Vurğulayıb ki, sovet repressiyaları, bir çoxlarının hesab etdiyi kimi, 1937-ci ildən deyil, hələ 1920-ci ildən, Cümhuriyyətin süqutundan dərhal sonra başlayıb və uzun zaman tüğyan edib. Müəllif təqdimata toplaşanlara minnətdarlığını bildirərək sonda kitablarını qonaqlar üçün imzalayıb.





Sevinc MÜRVƏTQIZI



