Elə mən qarışıq, tanıyanların çoxunun "Sərkər" deyə çağırdığı Paşaxan dəqiq adamdır! Haqq-hesabını qəpiyinəcən düz, tərəzidə misqalınacan tələbkardır. Özünün də dediyi kimi, "gözü tox, nəfsinə ağa, qənaətcil"dir. Amma işini, zəhmətini də dönə-dönə deyib nəzərə çatdırmağı, yaddaşlara yazdırmağı sevəndir.
Ariflər məsəlidir, soruşarlar: "Çox oxuyan çox bilər, ya çox gəzən?" Cavab verilər ki, bəs çox gəzən çox bilər. Paşa da çox gəzib, çox yerlər görüb. Uşaqlıqdan, elə dabanını yerə basandan bəri bir ayağı dağların sinəsində binə bağlayan Xanagahda, bir ayağı da Dədə Savalanla üz-üzə dayanan Kömürgöy dağının, Şanişin zirvəsinin ətəklərindəki Qız qalasında, Oğlan qalasında, Qız yurdunda, Mənnığda, At axırında, Cəcıqlı yurdda, Semaqonuda olub. Gah ərə ilə taxta çəkib, gah da naxırı, qoyun sürüsü ilə yurd yerlərinə köç edib, yayı beləcə ötürüb.
lll
İndilərdəsə yolu-güzarı şəhərlərədir. Gəzən adamdır, məmləkətin hər yerində dabanından iz var. Hələ illər əvvəl oğurluqla sərhədi keçib İrana mal-qara aparıb alver edəndə yaxalanaraq qazamata da salınıb. Ərdəbil mahalının Meskin şəhərində sərasər qırx yeddi gün dustaq olub. Qazamatdan, o qazamatda keçirdiyi o günlərdən elə şövqlə danışır ki, sanki Şimali Qafqazın "Plaza" sanatoriyasıymış. Danışıqlarına hayıl-mayıl qulaq asdıqca adamın lap gedib ora düşməyi gəlir.
Paşaxan kişinin başına gələn əhvalatlar, qəziyyələr danışdıqca bitib-tükənən deyil. Deyildiyi kimi, dostumuz o qədər dürüst və tox adamdır ki, nə birisinin manatında gözü olar, nə də özünün qəpiyindən keçər. Kişinin bu məziyyətlərini bilmək üçün təkcə bu əhvalat da kifayətdir... Bir dəfə həmkarları nahar vaxtı hərəsi adama üç manatdan pul yığıb yemək almaq istəyirlər. Paşaxan: - Mən iki manat yarım verəcəm, - deyir. Səbəbini soruşanda: - Mən sizdən az yeyirəm, - deyərək, özlüyündə əsaslı bir dəlil gətirir.
Sərgüzəştləri çoxdur, indi onlardan birini də danışacam.
...Çoxdanın əhvalatıdır: bizim Paşaxan özünün "Qaz" yük maşınının sükanı arxasında Bakı-Sumqayıt yolu ilə Ceyranbatan tərəfdən gəlirmiş. O yolun üstündəki, avtomobil sürüb oralardan keçən hər kəsə bəlli yol polisi məntəqəsinin yanındakı dairədən səliqə-sahmanıyla sola, Saray qəsəbəsi istiqamətə dönəndə avtomobil müfəttişi siqnal çalıb "saxla" işarəsi verir. İllərin sürücüsü olmasına rəğmən, Paşa heç vaxt güzgüyə baxıb arxadan gələni izləməz. O "tormoz" deyilən əyləci işlətməklə də arası yoxdu. Onunku sükandı, bir də sürət pedalı, yəni çox işi kimi elə maşın sürməyi də Allaha təvəkküldü. Qurban olduğum da hansı əməlinə görə isə hələ də bunu nəzərə alır. Dedim axı, illərin sürücüsüdür Paşaxan. Çoxdan ötmüş o illərdə, mənəm-mənəm vaxtlarında, yəni cavanlığında Lerikin sıldırım qayalarının sinəsi ilə ötüb keçən yollarda, dağda-dərədə qoşadifer yük maşını - "Qaz 66"da sürüb dostumuz. Yaylaqda, qışlaqda, otun, samanın, odunun dalınca yol gedəndə dırmanmadığı yamac, keçmədiyi meşə, kövşən qalmayıb. Dəfələrlə, neçə-neçə təhlükəylə üz-üzə gəlsə də, salamat qurtarıb...
Talış dağlarının sinəsində, sıx meşələrlə əhatə olunmuş bol çeşməli bulaqları diş göynədən, axar-baxarlı, qədimdən qədim yurd yeri Xanagah kəndindən şəhərə köçəndə Paşaxan bir "Niva" maşını almışdı özünə. Yoldaşı Mərifət bacımız da o vaxt xoflanıb vaysınaraq qohuma-qonşuya sözarası: - Çevirəcək maşını, xata çıxaracaq, özü cəhənnəm, bir fağırı da bədbəxt edəcək, - demişdi. Ancaq nə az-nə çox, düz iki il Paşaxan gəlib düşdüyü bu gen-geniş şəhərin maşın adamın belinə çıxan küçələrində, hara gəldi, necə gəldi sürtə-sürtə, o iki qapılı ağ "Niva"sını ora-bura sürdü. Maşını az qala nimdaş əsgiyə döndərəndən sonra babat pula satdı da hələ: dörd min manata. Zamanına, o vaxtın qiymətlərinə görə yaxşı pul almışdı o əldən düşmüş "Niva" üçün.
Atalar sözüdür: "Qızıl taxtın olmasa da, qızıl bəxtin olsun". Paşaxanda bəxt nə gəzir? Ad günlərində dost-tanış, yaxınları adama necə əntiq əşyalar, qiymətli hədiyyələr bağışlayırlar. Paşaxanın isə ad günləri o yana qalsın, altmış yaşı olanda da, gündəlik çörək kəsdiyi dostları, yoldaşları manatlarından keçib kişiyə "hədiyyə" adına quru, çöp də olsa, bir şey almadılar.
Zəhmindən yan-yörəsindəkilərin bağrı yarılan, səsindən ətrafdakı pərəndələr belə ürküşən "patron"u da kişinin yubileyini - 60 yaşını quruca şeirlə təbrik edib. Həm də görün bir, nə yazıb, üstəlik, epiqrafla:
"...Bəzən turş alça kimi zəqqum, bəzən də bal kimi şipşirin sevimli Paşa Sərkərin 60 yaşına
O dolu qədəhlər içilib indi,
Keçilməz dərələr keçilib indi.
Yoncalı biçənək biçilib indi,
Çəkilib bilmərrə dara etibar.
Ömür gedib, ümid yarı-yarıya,
Kim bu yaşda arzulardan yarıya.
Sular axıb, ömür qalıb quruya,
Qara geyinibdi, qara, etibar.
Cavanlıq deyilən taxtından keçdi,
Bu ömür, bu yığval baxtından keçdi.
Nə varsa ötüşüb vaxtından keçdi,
Etmə bundan belə yara etibar.
Pulun var, ay Sərkər, yığırsan küncə,
Bir ömrə bəs edər, tam yetərincə.
Geyin, yaxşı ye-iç, xərclə doyunca,
Güvənmə, yox daha vara etibar".
İnsafən, adamı duyğulandıran, kövrəldən şeirdi...
Bəli, bizim Paşaxan tox adamdı. Pulda, parada onun nə umacağı? Ancaq...
Qərəz, Paşaxanın "bortavoy "Qazel"i Bakı-Sumqayıt yolunda şütüyür. Yenə də arxaya, güzgüyə baxan kimdir, mənzil başına tələsir. Yol polisinin fiti isə hamı kimi elə Paşaxan üçün də bütün səslərdən, siqnallardan fərqlidi. Hər sürücü yüz siqnalın içində də yol polisinin "şaqqanasını" ayırd edə bilir. O ki qala Paşaxan... Dostumuz fit səsini eşidib tələm-tələsik maşını yolun kənarına çəkib saxlayır. Kabinənin qapısını açıb yerə düşənədək müfəttiş gəlib yetişir.
Ovcu qulağının dibində, barmaqlarının ucu isə furajkasının qırmızısında olan müfəttiş ağzını açıb kəlmə kəsənəcən Paşaxan: - Yoldaş rəis, məni niyə saxlamısan, neyləmişəm, qayda pozmuşam? - Maşının boş yük yerini işarə edib: -Bəlkə qanunsuz yük aparıram? - deyə ard-arda, bir sualına cavab almamış o birisini düyünləyib kükrəyir. Allah bütün aqillərə rəhmət eləsin. Bax burada: "Qara məni basınca mən qaranı basım", - məsəli yada düşür...
Müfəttiş: - Saxlamışamsa, deməli, o məsələ, yəni... - baş barmağı ilə şəhadət barmağını bir-birinə sürtüb məlum işarəni verir. Paşaxan kəkələyə-kəkələyə: - Yoxumdu, canın üçün, yoxumdu. Fəhlə adamam, ayı vur-tut üç yüz manata işləyirəm, o da heç mənim siqaretimə çatmır, - deyib cibindən əşyayı-dəlil kimi boş siqaret qutusunu çıxarıb irəli uzadır: - Bax, bax! - deyib sonra da bir vay-şüvən qoparıb and-aman eləyir ki, gəl görəsən. Ancaq bu dürüst adam bu dəfə burasını yalan deyib. O ərəfədəki bahalaşmadan sonra, "pulumu boşuna yandıra bilmərəm", - deyərək siqaret çəkməyi tərgidib, atıb çoxdankı "dostunu". Bunu bilməyən yoxdur.
Müfəttiş ilanı yuvasından çıxaran bir tövrlə:
- Vətəndaş sürücü, çox olmasın, az olsun, heçə lənət, axır ki bir şey olsun, - deyə yüngülcə təkid edir.
Paşaxan əlini şalvarının cibinə salıb bir xeyli o yan-bu yana gəzdirib qurdalayır: - İyirmicə manatım var, onun da yarısını benzinə verəcəyəm, yarısı isə heç naharıma çatmır. Yoxumdu, vallah, yoxumdu, qoy çıxıb yolumla gedim. Müdirim də zalımın zalımıdır, geciksəm, açacaq o "gül" ağzını, yumacaq gözünü, indi anan ölsün, Paşaxan, gəl döz də, hələ yaxşı ki, gözünü yumur, yoxsa balaca bir əyrini yüz metr uzaqdan görüb seçən o baxışa dözmək olar? Neştərdir e, neştər kimi kəsir... - deyib maşınına tərəf dönüb, uzaqlaşmaq istəyir.
Müfəttiş də, görünür, artıq onunla "məzələnməyə" keçibmiş, belə qeyri-adi sürücü hələm-hələm ələ düşmür axı. Paşaxana çımxırıb: - Hara gedirsən, a kişi, bir bəri dön görüm. Dedim, axı, çox yoxundu, az olsun, beşcə manat... Yoxsa protokol yazacam ha, - deyərək "hədə-hərbəyə" keçir, sərt üzünü göstərir.
Paşaxan əli hələ də ağ şalvarının cibində (köynəyi ağır rənglərdə olsa da, sürücü olmasına rəğmən, Paşaxan həmişə ağ şalvar geyinir): - Xırdam yoxdu, dedim axı, bircə dənə iyirmiliyim var... - deyib dik-dik polis müfəttişinin üstünə yeriyir.
Müfəttiş də: - Bəri ver, xırdanı qaytararam...
Paşaxan söz güləşdirir: - Belə?.. İndi sənə necə inanım? Birdən qaytarmadın?..
Müfəttiş tam ciddi bir tonda: - A kişi... - deyə səsini qaldırır, - uzatma, qaytararam dedimsə, deməli, qaytaracam. O iyirmiliyi at ora, - deyə maşının açıq qapısından sükanın ardındakı oturacağı göstərir.
Çar-naçar qalan Paşaxan tükü-tükdən ayıran barmaqlarının ucunda ustufca cibindəki pullarının arasından ayırdığı o "bircəcik" iyirmi manatlığı əynindəki ağ şalvarının cibindən çıxarıb ədəb-ərkanla oturacağın üstünə qoyur. Dönüb gözlərini həyəcanla müfəttişə zilləyir: qalığı qaytaracaq, ya yox... Səksəkə içində gözləyir.
Müfəttiş də, demə, dürüst adammış, əlini cibinə salıb bir qom pul çıxarır, arasından on beş manat ayırıb Paşaxana uzadır: - Al, götür, mən sözümün ağasıyam, al, al da...
Paşaxan pulu almaq istəyəndə müfəttiş əlini azacıq geri çəkib: - Ancaq bir şərtim var, sən də söz verməlisən ki, bu aramızda olanları, "yol polisindən "zdaç" aldım" əhvalatını heç yerdə, heç kimə danışmayacaqsan, - deyə bərk-bərk tapşırır.
Pulu görəndə gözləri par-par parıldayan Paşaxan: - Sözümüz sözdü, rəis, arxayın ol, heç açıb ağartmaram, - deyərək pulu cəld alıb geri baxmadan maşınına sarı götürülür...
lll
Bax belə, Paşaxan sözünün sahibi olan kişilərdəndi, müfəttişlə aralarındakı o əhvalatı bir kimsəyə söyləyərmi heç?.. Danışsa, danışsa, yenə köhnə yurda yolu düşəndə, Qız yurdunda, At axırında görüb rastlaşacağı köhnə dost-tanışına danışar, o da ki, eh, kim bilir...
...Heç bilmirəm, bu əhvalatı bəs mən kimdən eşidib xəbər tutdum...
20 oktyabr 2024-cü il,
Köhnə koma