|
|
|
|
Gürcüstan prezidenti Salome Zurabişvili mümkün seçki saxtakarlığı işi üzrə istintaq çərçivəsində Baş Prokurorluqda dindirilmək niyyətində deyil.
525.az “Formula” portalına istinadən xəbər verir ki, bu barədə o, keçirdiyi brifinqdə deyib.
Oktyabrın 30-da, Gürcüstanda parlament seçkilərində mümkün saxtakarlıqla bağlı araşdırma başlayıb. Araşdırma Mərkəzi Seçki Komissiyasının (MSK) müraciəti əsasında aparılır.
Gürcüstan prezidenti oktyabrın 31-də müstəntiqlər qarşısına çıxmalıdır. MSK-nın bəyanatına görə, Zurabişvilinin əlində mümkün saxtakarlığa dair sübutlar olmalıdır.
“Prokurorluq məndən saxtakarlığa dair sübutlar təqdim etməyimi gözləyir, amma bunun əksi baş verməlidir. Ona görə də mən prokurorluğa məsləhət görərdim ki, öz işləri ilə məşğul olsunlar, prezident də öz işi ilə məşğul olsun”, - deyə Salome Zurabişvili bildirib.
Bundan əvvəl Gürcüstanın Baş naziri İrakli Kobaxidze xəbərdarlıq edib ki, prezident və digər müxalifət nümayəndələri parlament seçkilərində mümkün saxtakarlıq halları ilə bağlı prokurorluğa dindirilmək üçün gəlməsələr, bu, onların ittihamlarının yalan olduğunun təsdiqi sayılacaq.
Xatırladaq ki, oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçirilib. Ölkənin ali qanunverici orqanında 150 deputatdan ibarət yer uğrunda 18 partiya mübarizə aparıb. Ardıcıl 12 il hakimiyyətdə olan hakim “Gürcü arzusu” partiyası 54,3 faiz səslə seçkidə qalib gəlib.
İbrahim Cəfərov