Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) "yaşıl keçid" proqramı çərçivəsində yaxın illərdə Qazaxıstan iqtisadiyyatına 2 milyard avro investisiya yatırmaq niyyətindədir.
525.az xəbər verir ki, bu barədə AYİB-in rəhbəri Odil Reno-Basso Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşdə bildirib.
Onun sözlərinə görə, bu il Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən 22 layihənin həyata keçirilməsi üçün ölkəyə 650 milyon dollar sərmayə qoyulacaq.
Tərəflər iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən kiçik və orta biznes, maliyyə, mənzil-kommunal təsərrüfatı, enerji, tibb, kənd təsərrüfatı, nəqliyyat infrastrukturu və informasiya texnologiyaları sahələrində bir sıra birgə investisiya layihələrinin həyata keçirilməsi perspektivlərini müzakirə ediblər.
Qazaxıstan lideri AYİB-lə əməkdaşlığın strateji xarakterini, eləcə də ölkə iqtisadiyyatının tərəqqisinə verdiyi töhfəni yüksək qiymətləndirib.
AYİB-in rəhbəri Qazaxıstanda investisiya layihələrini diqqətlə öyrəndiklərini və infrastrukturun inkişafının bundan sonra da dəstəklənməsində maraqlı olduqlarını bildirib. O, “Samruk-Kazına” SC-nin satınalma prosedurunu da müsbət qiymətləndirərək qeyd edib ki, kreditor şirkətlər satınalmaları fondun qaydalarına uyğun həyata keçirirlər ki, bu da onun satınalma proseslərinə və onların şəffaflığına inamdan xəbər verir.
Pərvanə Sultanova