|
|
|
|
Noyabrın 1-də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin yaradılmasının 85 illiyi tamam olub. Bu münasibətlə mədəniyyət naziri Adil Kərimli muzeydə olub, kollektivlə görüşüb.
Mədəniyyət Nazirliyindən 525.az-a bildirilib ki, muzeyin direktoru, Milli Məclisin sədr müavini, akademik Rafael Hüseynov mədəniyyət ocağının tarixindən söz açıb. Qeyd edib ki, muzey dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 800 illik yubileyinə hazırlıq ərəfəsində Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1939-cu il 1 noyabr tarixli qərarı ilə yaradılıb. Lakin II Dünya müharibəsi səbəbindən muzeyin açılışı 1945-ci il mayın 14-də olub.
Akademik bildirib ki, xalqımızın bütün ədəbiyyat tarixini ən qədim zamanlardan müasir dövrə qədər özündə əks etdirən yeganə ədəbiyyat muzeyi olan bu müqəddəs söz sarayı artıq bir əsrə yaxındır ki, Azərbaycan xalqının mədəniyyətinin, zəngin ədəbi irsinin təbliğatçısı olmaq kimi şərəfli missiyanı həyata keçirir. Bu gün muzeyin müasir dünya standartlarına cavab verən, yenidən qurulmuş, tam kompüterləşdirilmiş, innovativ vasitələrlə zənginləşdirilmiş ekspozisiyasında Azərbaycan ədəbiyyatının inkişaf mərhələləri öz əksini tapıb. Dünyanın hər yerindən Azərbaycana gələn qonaqlar Ədəbiyyat Muzeyini məmnunluq hissi ilə ziyarət edirlər. Ekspozisiyada qədim əlyazmalar, rəsm əsərləri, xalçalar, nadir çap kitabları, nəfis miniatürlər, məşhur xəttatların əlyazmaları, numizmatika nümunələri, yazıçıların xatirə əşyaları, sənədli fotoşəkillər və s. qorunur, nümayiş etdirilir.
Diqqətə çatdırılıb ki, muzeyin yenilənmiş ekspozisiyasında monitorlar vasitəsilə ziyarətçilər qiymətli audio-video materiallarla – müxtəlif filmlərdən, səhnə əsərlərindən fraqmentlərlə, görkəmli Azərbaycan bəstəkarlarının əsərləri, tanınmış aktyorların ifasında poeziya nümunələri ilə tanış ola bilərlər.
Muzeydə bir çox ədəbiyyat və sənət xadimlərimizin xatirə fondları tədqiqatçı alimlər üçün geniş imkanlar yaradır.
Mədəniyyət naziri Adil Kərimli bildirib ki, Milli Azərbaycan Ədəbiyyatı Muzeyi milli dəyərlərimizi yaşadan bir ocaqdır: “Muzeyin yaranma tarixi Nizami Gəncəvinin adı ilə bağlı olsa da, o, Azərbaycanın zəngin ədəbiyyat tarixini və bütövlükdə qeyri-maddi mədəni irsini özündə ehtiva edən böyük bir mərkəzdir. Muzey uzun illər Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərərək böyük bir dəst-xət qoyub. Muzeyin hazırda Mədəniyyət Nazirliyi sistemində olması bizim üçün xüsusi əhəmiyyət daşıyır. Bu gün Azərbaycanın mədəniyyət siyasəti elmə, təhsilə, ümumiyyətlə, maarifləndirməyə köklənmiş bir istiqamət götürüb. Bu, Prezident İlham Əliyevin siyasətinin əsas istiqamətidir. Azərbaycanın ədəbiyyat və mədəniyyətinin qorunmasında, təbliğində bu muzeyin xüsusi rolu var”.
Nazir 85 illik yubiley münasibətilə muzeyin kollektivini təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə və muzeyin yaradılmasının 85 illik yubileyi münasibətilə kollektiv Mədəniyyət Nazirliyinin Fəxri diplomu ilə təltif olunub.
Adil Kərimli Fəxri diplomu direktor Rafael Hüseynova təqdim edib.
Görüşdən sonra nazir muzeyin zəngin ekspozisiyası ilə tanış olub.