|
|
|
|
Bu gün Moldovada prezident seçkilərinin ikinci turu keçiriləcək.
525.az “Report”a istinadən xəbər verir ki, prezidentlik uğrunda PAS (Hərəkət və Həmrəylik) Partiyasının dəstəklədiyi hazırkı Prezident Maya Sandu və müxalifətdə olan Sosialist Partiyası tərəfindən dövlət başçısı vəzifəsinə namizədliyi irəli sürülmüş keçmiş baş prokuror Aleksandr Stoyanoqlo mübarizə aparır. Oktyabrın 20-də keçirilən səsvermənin birinci turunda Sandu 42,49 % (656 852 seçici), Stoyanoqlo isə 25,95 % səs (401 215 seçici) toplayıb.
Seçkilərin birinci turunda seçkilərdə 1 milyon 562 min 705 seçici iştirak edib ki, bu da səsvermə siyahılarına daxil edilmiş seçicilərin sayının 51,68 faizini təşkil edir. Birinci turda prezidentliyə 11 namizəd mübarizə aparıb, onlardan dördü səslərin bir faizindən azını toplayıb.
Mərkəzi Seçki Komissiyasının (MSK) qərarına əsasən, səsvermələr üçün 2219 seçki məntəqəsi açıq olacaq. Moldova ərazisində 1 988 seçki məntəqəsi, o cümlədən Dnestr çayının sol sahilində yaşayan Moldova vətəndaşları üçün 30 seçki məntəqəsi açılacaq.
MSK səsvermənin ikinci turu üçün ümumilikdə 3 milyon 659 min 696 bülleten çap edib ki, onlardan 2 milyon 820 min 496-sı ölkədə, 839,2 min ədədi isə xaricdəki seçki məntəqələri üçündür. Onlardan 2 906 891-i rumın, 746 929-u rus, 3 900-ü qaqauz və digər dillərdədir.
Bu seçki ilk dəfədir ki, poçtla səsvermə üçün pilot layihə tətbiq edilir. Altı ölkədə - ABŞ, Kanada, İsveç, Finlandiya, Norveç və İslandiyada yerləşən Moldova vətəndaşları poçt vasitəsilə səs verə bilərlər. 1 809 seçici poçt vasitəsilə səs vermək üçün qeydiyyatdan keçib.