Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk İnvestisiya Fondunun tezliklə fəaliyyətə başlayacağına ümidvar olduğunu bildirib.
525.az “Report”-a istinadən xəbər verir ki, o, bunu Türk Dövlətləri Təşkilatının sammitində deyib.
"Əminəm ki, ötən il yaradılan Türk İnvestisiya Fondu tezliklə fəaliyyətə başlayacaq və layihələrimizə dəstək verəcək", - Ərdoğan qeyd edib.
Türkiyə lideri çıxışında enerji və "yaşıl iqtisadiyyat” məsələlərinə diqqət çəkib, həmçinin elektron ticarət sahəsində əldə edilmiş razılaşmaları müsbət qiymətləndirib.
Bundan əlavə, o, bərpa olunan enerji layihələrinə investisiyaların artırılması üçün əməkdaşlıq səylərini birləşdirməyə və qalıq enerji mənbələrindən asılılığı azaltmağa çağırıb.
Qeyd edək ki, Türk İnvestisiya Fondunun yaradılmasının əsas məqsədi türk dövlətləri arasında iqtisadi və ticarət əlaqələrinin inkişafını təmin etməkdir. Fondun nizamnamə kapitalı 500 milyon ABŞ dollarıdır.