Noyabrın 6-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda yazıçı-publisist Günel Anarqızının “Sərhədsiz səma” adlı yeni kitabının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, Zəfər Günü və Dövlət Bayrağı Günü ərəfəsində işıq üzü görən və tariximizin bu şanlı günlərinə həsr olunan kitabın təqdimat mərasimində tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər.
Kitabın “Ön söz”ünün müəllifi, Azərbaycan Yazıçılar Birliyinin katibi yazıçı-dramaturq İlqar Fəhmi Günel Anarqızının yaradıcılığından və yeni nəşrin məziyyətlərindən danışıb. Bildirib ki, onun sırf epistolyar janrda yazılmış məktub-esselərinin hərəsində bir kitablıq hiss və duyğular sığışıb. Amma onun digər kitabları da nədənsə gizli məqamları, sirli mətləbləri üzə çıxaran səmimi məktublar təəssüratı yaradır. Günelin həm məktubları, həm də kitabları birbaşa yaddaş faktoru ilə əlaqəlidir. Bu məktublar zahirən nə qədər bədbin və ümidsiz görünsə də, hər birində gizli bir ümid, sinmaz bir inam var.
AYB-nin katibi vurğulayıb ki, Günel Anarqızı sanki qısa duyğusal epistolyar mətnlər vasitəsilə Qarabağ hadisələrinin həm dünənini, həm bu gününü, həm də sabahını əhatə etməyə çalışır: “Əslində, Günelin məktublarındakı bu ikili duyğu bütün xalqımızın daxilindəki əhvali-ruhiyyəni əks elətdirir. Otuzillik bədbinlik, ümidsizlik, hətta yorğunluq və nəhayət böyük Zəfərin təntənəsi. O, əsərlərində öz təxəyyülü ilə sanki zamandan yuxarıda dayanır və bu təxəyyül bir müddət sonra reallığa çevrilir. Bunu mistika kimi də qəbul etmək olar, intuisiya kimi də...”.
“Daha bir maraqlı məqam da Azərbaycanda ilk dəfə məhz bu kitabın interaktiv formada təqdim olunmasıdır. Hər əsərin sonundakı QR kod vasitəsilə internetə daxil olan oxucular həm dinləyiciyə, həm də tamaşaçıya çevriləcək, əsərləri audiovizual formatlarda dinləyib izləyə biləcəklər”, - deyə İlqar Fəhmi diqqətə çatdırıb.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu Günel Anarqızını istedadlı bir qələm adamı kimi xarakterizə edərək onun əsərlərinin bizi daim qələbəyə səslədiyini söyləyib. Bildirib ki, istedadlı yazıçının əvvəlki əsərləri kimi, bu əsəri də oxucular tərəfindən maraqla qarşılanacaq.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli bildirib ki, Günel Anarqızı ədəbiyyatımızda öz dəst-xətti olan qələm sahiblərindəndir: “Onun ictimai fəaliyyəti, təşkilatçılıq bacarığı və yazıçılıq istedadı vəhdət təşkil edir. O, yaşadıqlarını, duyğularını, hisslərini sözlə ifadə etməklə yanaşı, həm də onu çox böyük ustalıqla oxucuya çatdırmağı bacarır. Bunu nəsrlə ifadə etməyin özü də onun böyük bacarığından xəbər verir. O, əsərlərini fərqli janrlarda qələmə alıb. Onun məktub janrına müraciət etməsi heç də təsadüfi deyil. Məktub, əslində, insanın hiss və duyğularını, fikir və düşüncələrini ifadə etmək üçün bir fürsətdir. Bu fürsətdən məharətlə yararlanan Günel xanım sanki onu bir nəfərə deyil, bütövlükdə çoxluğa, bütün oxuculara ünvanlamağı bacarır”.
Tədbirdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Xalq yazıçısı Elmira Axundova, tarixçi-alim Həsən Həsənov, Xalq artistləri Fəxrəddin Manafov, Mehriban Zəki, Əməkdar artist Nərgiz Cəlilova, Xalq yazıçıları Çingiz Abdullayev, Anar, ədəbi tənqidçi Əsəd Cahangir, AYB-nin katibləri şair-tərcüməçi Səlim Babullaoğlu və yazıçı Elçin Hüseynbəyli çıxış edərək Günel Anarqızının yaradıcılığı və onun yeni kitabı ilə bağlı fikirlərini bölüşüblər. Bildirilib ki, müasir Azərbaycan nasiri və publisisti Günel Anarqızı 10-dan çox kitabın müəllifidir. Əsərləri bir neçə xarici dilə tərcümə olunub və geniş oxucu kütləsi tərəfindən maraqla qarşılanıb. Onun “Qarabağ hekayələri” adlı beynəlxalq layihəsi bir çox xarici ölkədə geniş oxucu kütləsinə təqdim edilib. “Sərhədsiz səma” kitabında Günel Anarqızının vətənpərvərlik ruhunda yazılmış və əvvəllər nəşr olunmamış yeni əsərləri yer alıb. Əsərlərdən biri, 44 günlük Vətən müharibəsindən xeyli əvvəl, Qələbədən tam 111 gün öncə yazılmış "Sərhədsiz səma" radiopyesi iki döyüşçünün dialoqu üzərində qurulub və Qarabağın azad olunmasının müjdəçisinə çevrilib.
Kitabda, həmçinin "Şuşam", "Ataya məktub", "Bayrağa ithaf", "Şəhərim", "Sonsuzluq" kimi hekayələr, Xalq yazıçısı Anarın "Beşmərtəbəli evin altıncı mərtəbəsi" romanının davamı olan "Altıncı" povesti və digər əsərlər də yer alıb.
Tədbirdə “16 səbəb”, “Bayrağa ithaf” və "Şəhərim" adlı videoçarxlar nümayiş olunub.
Sonda bütün iştirakçılara təşəkkürünü bildirən müəllif bundan sonra da Azərbaycan ədəbiyyatının inkişafı naminə yazıb-yaradacağını söyləyib.