Hər iki dünyanın
ən eşqli musiqisini
kişi ürəyi, barmaqları yox,
eşqli qadın ayaqları bəstələr
Göyüzü ulduz bitirər,
ulduz da adam gətirər,
yeni qurbanlar yetirər,
rahat olar bütün çiyinlər
son baş vurular vurulmaz
Ayaqla düşünər min illər bəşər,
sevdiklərini də tapdayıb sevər,
sən də tapdalansan, lap aşağı bax,
hamı düşünəntək ən ucada yox,
ən aşağıda yaşar ən uca haqq da,
Anasu da orda, Anatorpaq da
Yenicə ailə – Sevgi Yuvası qurmuş
Fərid və Qismət bəylərə təzəcə nişanlanmış böyükçölə, o şairləri fəth edən
cəsur, gözəl xanımlarımıza bəy atlı təbriklərlə!
Məndən sonra subay
söz qalmayacaq
Mən şeir yazmayacaqdım,
ancaq çox sözləri
adamlardan daha çox fikirli, qəmli,
yurdsuz- yuvasız, yetim gördüm,
o sözlərin dərdini, qəmini dağıtmaq,
könlünü almaq istədim ancaq.
Gördüm, çox sözlər, çox fikirlər
ən çox şeirə çevriləndə,
şeirə dönəndə sevinirlər,
elə görən kimi də onları
göyüzünün sevgi qatına,söz qatına,
ordan da yuxarı şeir qatına –
sevginin, sözün alov, köz qatına
qanadlandırmaq istədim ancaq.
Hərənin bir eşqi var bu dünyada,
mən tək, tənha, yalqız gəzən sözləri
təklikdən, tənhalıqdan, yalqızlıqdan qurtarmaq,
heç sevilməyən sözləri bir-birinə,
Allaha, hətta şeytana da,
sevdirmək istədim ancaq,
məndən sonra bu dünyada
sevməyən, sevilməyən, tək, tənha, yalqız
oğlan, ya qız – bircəcə subay söz qalmayacaq.
lll
Şeir – təklikdən əzab çəkən
sözlərin ən gözəl qurtuluşu
Sən ey əbədi şeytanlar,
əbədi mələklər şəhəri
Can tacı eşqlər, diləklər,
acı gerçəklər şəhəri,
qatlanmaz, sınmaz biləklər,
sınan ürəklər şəhəri.
Əsəbi, doğma küləklər,
əsəbi, doğma çiçəklər,
əsəbi, əbədi, amma
doğma tənhalar, təklər,
doğma yalanlar, gerçəklər,
doğma kələklər şəhəri.
Sevişmələr, həyəcanlar,
həm can verər, həm can alar,
səni ancaq sevən anlar,
sən ey əbədi şeytanlar,
əbədi mələklər şəhəri.
lll
Duaların gözləritək
salavatçün açılıb göyə
ovuclar Allaha baxar
Dağ göy olar, düz dəniz,
Sultan qul olar, şah kəniz,
bu dünyadan daha qəliz
sirrə varılar varılmaz.
Göyüzü ulduz bitirər,
ulduz da adam gətirər,
yeni qurbanlar yetirər,
rahat olar bütün çiyinlər
son baş vurular vurulmaz.
Duaların gözləritək
salavatçün açılıb göyə
ovuclar Allaha baxar,
bütün kainat susmuşkən
qəfil kainata düşüb
səs salmasınlar deyə
gözlər göz yaşını boğar –
Son peyğəmbərini doğar
göylər yorular yorulmaz.
lll
Dünyadan dünyaya keçən anda da
boy sırası gedən qardaş dağlara
görüş vaxtını ver min il sonraya
Səni gözləyirsə, göylərdəki Vaxt,
“Vaxt” – decək canının əqrəblərinə,
qonşu çəpərini aşıb keçəntək
qonşu göyü aşan ayağına bax,
hər iki dünyada səni izləyən
bütün ulduzlara, göylərə, aya,
dünyadan dünyaya keçən anda da
boy sırası gedən qardaş dağlara
görüş vaxtını ver min il sonraya.
Bax, bax, bax, dağ axır, bax, bax, düz axır,
yer axır, göy axır, sən də, sən də ax,
bütün kainattək durma bir an da,
ayağın altından sürüşkən, çılpaq
bir göy daşı kimi Yer qaçanda da,
son dam örtüyütək Göy düşəndə də,
lap yetmiş yetişib, yüz aşanda da
özünü özündən qabaqda gözlə,
bütün ulduzlara, günəşə, aya,
göylərə görüş ver min il sonraya.
Ayaqla düşünər min illər bəşər,
sevdiklərini də tapdayıb sevər,
sən də tapdalansan, lap aşağı bax,
hamı düşünəntək lap ucada yox,
ən aşağıda yaşar ən uca haqq da,
Anasu da orda, Anatorpaq da,
sutək, torpaqtək ol, anlarsan belə –
elə sən özünsən əbədiyyət də,
həyatın həmişə qabaqda hələ.
lll
Tək-tək xanımların ayaq səsləri tək-tək
tək-tək çiçəklərin açması səsləritək
Bəs qadın ayaq səsləri nə deyər, nə istər?
Mən ancaq deyə bilərəm, kişilər heç bir zaman
qadın ayaqlarının nə dediyini, nə istədiyini
anlaya bilməyəcəklər axıracan,
bunu bəzən qadınlar özləri də dəqiq bilməzlər,
ancaq o dəqiq bilmədiklərini
bütün dəqiqlikləriylə kişilərdən istərlər.
Qadın ayaq səsləri nə deyər, nə istər?!
Dünyanı kişilər idarə edər,
kişiləri də qadınlar, yarımçıq sözdü, dədə,
əslində qadınlar eyni anda kişiləri də,
dünyanı da idarə edə-edə
özləri də bilmədən həm də,
özlərinin də idarə olunmalarını istərlər.
Qadın ayaq səsləri nə deyər, nə istər?
Sevənlər hər şeyi sevdikləriyçün istər,
Hərdən Allahçün da maraqlı olar
sevdikləriçün daha nə istəyəcək onlar,
o anlar qadın düşüncəsi, sevgisi
kişi düşüncəsindən daha doğma,
daha maraqlı gələr Allaha.
Qadın ayaq səsləri nə deyər, nə istər?
Bir cavab bütün cavabları üstələr:
Hər iki dünyanın ən eşqli musiqisini
kişi ürəyi, barmaqları yox,
eşqli qadın ayaqları bəstələr.
lll
Gedin, siz vəfasızlar həddindən artıq ayıqsınız,
mən min illərin sərxoşlar sərxoşu,
siz min illərin ayıqlar ayığısınız, şərablar
Bu gün dünyanın canından
bir az da şərab qoxusu gəlir elə bil,
bütün göyüzü, kainat elə bil bir az sərxoş,
ancaq sən mənə çox gecikmisən, şərab qoxusu,
ay alagöz, incəbel badə, sən də gecikmisən,
siz də, siz də naz-qəmzəli, dilbər, xanım şərablar,
daha naz-qəmzəylə yoldan çıxara bilməzsiniz məni,
düzdür, siz bu sərt dünyanı bir az yumşaldırsınız,
bu yumşalmadan xoşbəxt olanlar da olur,
bəzi anlar onlara siz hətta
hamıdan daha doğma, dost gəlirsiniz,
bütün doğmalardan ayrılmaq zordur,
ancaq badələr tarixi, ayrılıqlar tarixi deyir:
ən çətini, ən zoru həm də hamıdan doğma,
hamıdan dost, sədaqətli içkilərdən ayrılmaqdı.
İnciməyin, badələr, mənim tək canım yox,
ruhum da çoxdan, sizsiz də sərxoş,
mən indi içəndə sərxoşluqdan ayılıram ancaq,
sevimli rənglərinizə, sevgiylə gülümsəmənizə,
naz-qəmzəylə süzülmənizə də baxıram,
daha yoldan çıxara bilməzsiniz məni,
canım eşqlə dopdolu,
canımda bir qram da boş yer yox,
mən çoxdan dünyanın ən sərxoş eşqi,
canı eşqlə dolu ən sərxoş badəsiyəm,
gedin, siz vəfasızlar həddən artıq ayıqsınız.
Mən min illərin sərxoşlar sərxoşu,
siz min illərin ayıqlar ayığısınız, şərablar.
lll
Şeir Şərqdən doğar, elə Günəş də,
Günəşin yanından eşqlə baxmaq da,
Lap ən ağıllı da, lap ən axmaq da
Küçədən keçənlər, yoldan ötənlər
hərəsi bir yandan məni silkələr,
biri ağlamalı, biri gülməli:
– Mən ağac deyiləm, əziz yurtdaşım,
yerişinə qurban bütün vətənlər,
duruşuna qurban bütün ölkələr,
yürü ağlamalı, yürü gülməli.
Bilirəm öz qəmin, öz qədəmin var,
özgə cür vurmağın, özgə dəmin var,
ölənlərin ölmür, can qurtarırlar,
hər ölün təbriklik, dirin rəhmətlik,
dirin ağlamalı, dirin gülməli.
Mən yad deyiləm ki, sizlərə güləm,
həm də həvəsim yox hər gün döyüləm:
hamıya baş əyib bir-bir deyirəm:
– Mən sizi sevsəm də, sizdən deyiləm,
sürü ağlamalı, sürü gülməli.
Kim məni tutmaqda, kim haqlamaqda,
kim mənə gülməkdə, kim ağlamaqda,
ancaq, hamımız bir, birgə axmaqda,
lap ən ağıllı da, lap ən axmaq da
yarı ağlamalı, yarı gülməli.
lll
Qəhrəmanlıq – Tanrının bir anlıq qəlbi
və ya çiyninizdən vurulandan daha gözəl
boyunlar, başlar cücərər
İranda, İraqda, Çində, Suriyada, Əfqanıstanda, Rusiyada, Moldovada, Bolqarıstanda, Gürcüstanda ölümsüzlük mübarizəsi aparan türk bacı-qardaşlarımıza, qürur tariximizi yazanlara
Bir cana min yol fərman verilər,
min yol dar ağacı qurular,
bir boyun da min yol vurular,
fərman verən dillər yorular,
boyun vuran əllər yorular,
heç yıxılmadan, yerdən göyə
dimdik qalxan başsız bədənlər,
dimdik baxan başlar yorulmaz.
Yorular qısmalar, boğmalar,
sizlərə ağlayan doğmalar,
sizlərə qoşulan nəğmələr,
ancaq sizə dəycək, daha bərkdən
siz deyən nəğmələri deməkdən
çiçək açan dar ağacları,
sizi döyən dəyənəklər,
sizə dəyən daşlar yorulmaz.
Hökm verənlər də qaçar sizdən, –
bircəcə anda çiyninizdən
vurulandan daha gözəl
boyunlar, başlar cücərər,
üzlər, gözlər, qaşlar cücərər,
bu dünyada hamı yorular,
ancaq vətənçün vurulmağa
boy atan boyunlar, başlar,
üzlər, gözlər, qaşlar yorulmaz.
Dünya ancaq eşqlə yeni olar,
qatılaşar, eşqlə durular,
bir doğma anadan doğulanlar
bir-birin sevməkdən yorular,
ancaq vətən eşqindən doğulan,
doğmalardan da doğma olan,
doğulcaq bayraqlarla qalxan
əsl bacı-qardaşlar yorulmaz,
bütün savaşlar yorular, durar,
siz qalxan savaşlar yorulmaz.