Dekabrın 9-da M.F.Axundzadə adına Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyinin və TÜRKSOY-un birgə təşkilatçılığı ilə, görkəmli qırğız şairi, ozanı və bəstəkarı Toktoqulun 150 illiyi ilə əlaqədar beynəlxalq elmi konfrans olub.
Tədbirdə Toktoqulun TÜRKSOY tərəfindən türk dilinə tərcümə olunmuş “Seçilmiş əsərləri” və Türkiyə Eskişehir valiliyi tərəfindən 6 dildə (Azərbaycan, türk, özbək, qazax, qırğız, türkmən) nəşr edilmiş “Şeirə, nəğməyə çevrilən ömür” kitablarının təqdimat mərasimi keçirilib.
Konfransı Milli Kitabxanın direktoru, professor Kərim Tahirov açaraq qonaqları salamlayıb, giriş üçün sözü Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevə verib. Nazir öz çıxışında TÜRKSOY tərəfindən belə tədbirlərin keçirilməsini alqışlayıb, hər bir türk xalqının dahilərinin öyrənilməsi və irsinin gələcək nəsillərə çatdırılması məqsədi ilə keçirilən belə tədbirlərin davamlı olmasını arzulayıb.
Sonra Toktoqul haqqında 5 dəqiqəlik film nümayiş olunub. Filmin nümayişindən sonra Qırğızıstanın komuz sənətçisi çıxış edib.
TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Türk Şurasının Baş katibinin müavini Adaxan Madumarov, Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin müstəşar yardımcısı Nihat Gül, Qırğızıstan “Toktoqul ili” Dövlət Təşkilat Komitəsinin sədr müavini Osmanbek Artıkbayev, Türkiyənin Əskişəhir valisi Güngör Asim Tuna çıxışlarında TÜRKSOY təşkilatı tərəfindən keçirilən tədbirlərdən, bu tədbirlərin əhəmiyyətindən danışıblar.
Ankara Universitetinin professoru Gülzura Cumakunova Toktoqulun həyat və yaradıcılığı haqqında geniş məruzə edib.
Çıxışçılar - Azərbaycan Atatürk Mərkəzinin direktoru, professor Nizami Cəfərov, Abay adına Qazaxıstan Dövlət Pedaqoji Universitetinin professoru Temirhan Tebegenov, Bakı Dövlət Universitetinin Türk xalqları ədəbiyyatı kafedrasının müdiri, professor Ramiz Əsgər, Özbəkistan Elmlər Akademiyasının dosenti Zuhriddin İsomuddinov, Qırğızıstanın TÜRKSOY-dakı nümayəndəsi Kocagəldi Kuluyev Toktoqul yaradıcılığından, onun əsərlərindən söz açıblar.
Sonra TÜRKSOY-un Baş katibi Düsen Kaseinov və Qırğızıstan “Toktoqul ili” Dövlət Təşkilat Komitəsinin sədr müavini Osmanbek Artıkbayev tərəfindən Azərbaycanın Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevə, Türk Şurasının Baş katibinin müavini Adaxan Madumarova, Azərbaycan Yazıçılar Birliyinin sədri Anara, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin müsteşar yardımcısı Nihat Gülə, Azərbaycan Milli
Kitabxanasının direktoru Kərim Tahirova, Türkiyənin Əskişəhir valisi Güngör Asim Tuna, Azərbaycan Atatürk Mərkəzinin direktoru Nizami Cəfərova və kitabın tərcüməçilərinə Toktoqul medalları təqdim edilib.
Tədbirin sonunda iştirakçılar Toktoqulun Milli Kitabxananın fondunda mühafizə edilən kitablarından ibarət sərgi ilə tanış olublar.