|
|
|
|
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda mühüm mesajlar verdi, həm regional, həm də qlobal məsələlərlə bağlı mövqeyini açıqladı. Dövlət başçısının səsləndirdiyi fikirlər dünya gündəminin də aparıcı mövzusuna çevrilib. Azərbaycan lideri Ermənistan-Azərbaycan sülh prosesi, ölkəmizin bu istiqamətdə atdığı addımlar, region, eyni zamanda Qərb və Şərq ölkələri, Afrika qitəsi ilə əlaqələrə toxundu, dünyada baş verən proseslər, çağırışlar barədə ətraflı danışdı.
Prezident bildirdi ki, hazırda Qərb ölkələri Mərkəzi Asiya ilə dərin əlaqələr qurmaq niyyətindədirlər. Amma Avropa ölkələrinin Mərkəzi Asiya ilə hansısa əlaqələr qurması Azərbaycanın iştirakı olmadan mümkün deyil: "Biz indi istər Avropa İttifaqı və ya Amerika Birləşmiş Ştatları olsun, istərsə də digər beynəlxalq təşkilatlar olsun, Qərbdən Mərkəzi Asiyaya və əlbəttə ki, həmin regionla uzunmüddətli əməkdaşlığın qurulmasının planlaşdırılmasına böyük marağın olduğunu bilirik. Azərbaycanın nəzərə alınmamasının mümkünsüz olduğunu anlamaq üçün, sadəcə, xəritəyə nəzər salmaq kifayət edər. Baxmayaraq ki, Avropada Azərbaycanı nəinki bu prosesdən ayırmağı, eyni zamanda, Qafqazda, xüsusilə Cənubi Qafqazda ayırıcı xətlər yaratmaq istəyən bəzi qüvvələr var. Lakin bu səylər əlbəttə ki, uğurla nəticələnməyəcək. Çünki Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında nəinki coğrafiya, eyni zamanda, siyasi, iqtisadi, mədəni əlaqələr tərəfdaşlığın bu unikal ab-havasını yaradır. Beləliklə, Azərbaycan geosiyasi cəhətdən Cənubi Qafqazda, Xəzər dənizinin sahilində yerləşən bir ölkədir, lakin, eyni zamanda, biz Mərkəzi Asiyaya yaxınıq".
Ermənistanla sülh prosesinə toxunan dövlət başçısı deyib ki, iki ölkə arasında saziş imzalandığı təqdirdə əməkdaşlığın başlanılmasına heç bir maneə qalmayacaq: "Hesab edirəm ki, biz vaxt itirməməliyik, çünki yenə də sülh sazişinə gəldikdə, top Ermənistandadır. Mən bir çox hallarda Ermənistandan ərazi bütövlüyümüz və onların konstitusiyası ilə bağlı gözlədiklərimizi dəfələrlə açıq şəkildə bildirmişəm. Bunlar məlumdur. Beləliklə, bütün bu işlər tamamlanan və sülh sazişi imzalanan kimi Cənubi Qafqazı inteqrasiya olunmuş regiona çevirməyə cəhd etmək üçün heç bir maneə qalmayacaq".
Ermənistanda güclü revanşist qrupların olduğu məlumdur. Amma təkcə müxalifətdə deyil, hakimiyyətdə də revanşist meyllər hökm sürür. Prezident İlham Əliyev öz çıxışında onları iki qrupa bölüb: 30 illik işğala görə məsuliyyət daşıyan fəal revanşistlər və guya konstruktiv yanaşma sərgiləməyə cəhd göstərən, lakin əslində, eyni revanş və intiqam hissi ilə yaşayan bugünkü hökumət olan passiv revanşistlər. Dövlət başçısı deyib ki, onların ölümcül silahları almasının səbəbi də budur. Bəzi silahları pulsuz əldə edirlər və bu, onların Azərbaycana qarşı yeni hərbi əməliyyatları planlaşdırmalarının səbəbidir. ATƏT-in Minsk qrupunun buraxılmasına dair Bakının legitim təklifini qəbul etmək istəməmələri də bundan irəli gəlir.
Forumda diqqətdə olan mövzulardan biri də Azərbaycan-ABŞ münasibətləri idi. Bakı hər zaman Vaşinqtonla münasibətlərin inkişafında maraqlı olub. Prezident Corc Buşun dövründə iki ölkə arasında yaxşı münasibətlər olub. Lakin Bayden-Blinken administrasiyası dövründə münasibətlərdə böhran hökm sürüb.
Prezident bu məqama diqqət çəkərək deyib ki, böhran vəziyyəti Blinkenin rəhbərlik etdiyi Dövlət Departamentinin yürütdüyü antiazərbaycan siyasəti və Prezident Bayden administrasiyasında olan antiazərbaycan mövqeli bir çox şəxslər üzündən baş verdi: "ABŞ-ın Azərbaycana ehtiyacı olanda Azərbaycana münasibətdə ayrı-seçkiliyi nümayiş etdirən Azadlığa Dəstək Aktına "907-ci düzəliş" müvəqqəti olaraq dayandırılırdı. ABŞ-ın hər bir prezidenti hər il bunu dayandırırdı. Lakin Bayden-Blinken administrasiyası Əfqanıstandan qaçan kimi, - bunu onların necə etdiyini hamımız gördük, - onlar bizə qarşı bu düzəlişi yenidən tətbiq etdilər. Belə nankor olmaq administrasiyanın özünə də ziyan verir. Çünki bundan sonra onlara kim etimad edəcəkdi? Bizim Bayden-Blinken komandasına etimad səviyyəmiz sıfıra bərabər idi. Münasibətlərimiz dərin böhran içərisində idi".
Dövlət başçısı söyləyib ki, Bayden-Blinken komandasının rəhbərliyi dövründə ABŞ Ermənistana münasibətdə birtərəfli mövqe tutdu: "Bu, Ermənistan-Azərbaycan münaqişəsi başlayandan bəri ilk dəfə idi ki, rəsmi şəkildə baş verirdi. Bəli, demokratların hakimiyyətdə olduğu bütün administrasiyalar dövründə Ermənistanın necə dəstəkləndiyini biz hamımız bilirdik. Lakin buna baxmayaraq, Amerikanın prosesdə vasitəçilik tarixində heç vaxt onlar Ermənistana münasibətdə birtərəfli mövqe tutmamışdılar. Ötən il aprelin 5-də cənab Blinken, xanım Ursula Fon der Lyayen, cənab Borell və cənab Paşinyanın iştirakı ilə Brüsseldə keçirilmiş çox qəribə görüşü xatırlamaq kifayətdir - ABŞ və Avropa siyasətçilərindən ibarət komandanın nəinki postsovet məkanının, dünyanın heç bir ölkəsi ilə indiyədək keçirmədiyi bir görüş. Bizdə kifayət qədər etibarlı məlumat var ki, razılaşdırılmış protokolun bir hissəsi hərbi potensialın artırılmasına həsr olunmuşdu. Biz bunun qarşısını almaq üçün bu məsələni əvvəlcədən qaldırmışdıq. Sonradan bu, sənədin mətnindən çıxarılmışdı. Lakin de-fakto bu mövcud idi. Buna əsaslanaraq qondarma "Avropa Sülh Fondu" silah almaq üçün Ermənistana ilk tranşını ayırdı".
Blinkenin dövründə ABŞ-Azərbaycan münasibətlərinin pisləşməsində başqa mühüm bir amil isə Prezident Trampın səlahiyyətlərinin icrasına başlamazdan 5 gün əvvəl imzalanmış strateji tərəfdaşlıq bəyannaməsi oldu. Dövlət başçısı bunu Blinkenin növbəti antiazərbaycan addımı adlandırıb: "Bayden-Blinken komandası hakimiyyətdən gedən kimi, Azərbaycana qarşı bütün bu insinuasiyalar dərhal dayandırıldı. Onların "Washington Post", "New York Times", "Politico" və s. kimi bizə qarşı çox aqressiv olan, Prezident Trampın "feyk xəbərlər" adlandırdığı mediası Azərbaycan haqqında çirkin məqalələr dərc etməyi dərhal dayandırdı. Biz bilirdik ki, bu məqalələrin mənbəyi Dövlət Departamentidir. USAID-lə də bağlı vəziyyət eyni idi".
USAID-in Azərbaycana münasibəti hər zaman qərəzli olub, bu qurumun rəhbər şəxsləri ermənipərəst mövqe nümayiş etdiriblər. Bu gün artıq demək mümkündür ki, ABŞ siyasətində antiazərbaycan trendi dayandırılıb. Artıq Tramp administrasiyasının üzvləri ilə Azərbaycan nümayəndə heyəti arasında müxtəlif səviyyələrdə yüksəksəviyyəli təmaslar baş tutub.
Azərbaycan regionun lider dövlətidir, böyük potensiala və imkanlara malikdir, eynu zamanda etibarlı tərəfdaşdır. Tramp administrasiyası təbii ki, Azərbaycanın bu imkanlarını qiymətləndirir.
Milli Məclisin deputatı Hikmət Babaoğlu "525"ə deyib ki, ADA Universitetində keçirilən Beynəlxalq Forumda Azərbaycanın Prezidenti bir sıra mühüm məsələlərə toxundu. Dövlət başçısı mümkün yeni dünya nizamında bu nizamı təyin edən qlobal aktorlarla Azərbaycanın münasibətini şərh etdi. Onun sözlərinə görə, əslində dövlət başçısı yeni dünya nizamının hansı paradiqmalar üzərində qurulacağı və beynəlxalq münasibətlər sisteminə nəyi gətirəcəyi ilə bağlı olan mühüm məsələləri Azərbaycanın milli maraqları konteksti ilə şərh etdi:
"Prezident İlham Əliyev bu kontekstdə ABŞ, Almaniya, İsrail, Türkiyə, İran, Rusiya, Fransa və sair kimi ölkələrlə Azərbaycanın münasibətlərinə toxunaraq hazırda bu münasibətlər kontekstində regionumuzda mümkün yeni nizamın hansı şəkildə formalaşması ilə bağlı fikirlərini səsləndirdi. Bəlli oldu ki, Azərbaycan beynəlxalq münasibətlərin kifayət qədər nüfuzlu aktorudur. Azərbaycan Prezidentinin siyasəti sülhə, qarşılıqlı əməkdaşlığa və inteqrasiyaya əsaslanır. Bu kontekstdə dövlət başçısı çox maraqlı nümunə təqdim edərək regional aktorlarla müttəfiqlərimiz və dostlarımız arasında olan münasibətlərin yaxşılaşmasında və inkişaf etməsində mühüm vasitəçilik rolu oynadığını bildirdi. Türkiyə-İsrail münasibətlərinin yaxşılaşmasını buna nümunə göstərdi və bəlli oldu ki, Azərbaycan bundan sonrakı mərhələdə də eyni mövqedən çıxış edəcəkdir. Düşünürəm ki, bu, regional sabitlik üçün geniş mənada Yaxın Şərqdən Orta Asiyaya qədər uzanan böyük coğrafiyada sabitliyin təmin olunması üçün mühüm mövqedir. Çünki Azərbaycan bu regionun mühüm aktorlarından biridir".
Deputat əlavə edib ki, ən çox maraq doğuran məsələlərdən biri Ermənistanla Azərbaycan arasında mümkün sülhlə bağlı məsələlərdir ki, Prezident bunu da şərh etdi və çox doğru təsbitlər dilə gətirdi:
"Dövlət başçısı qeyd etdi ki, Ermənistanda Azərbaycana münasibətdə hər hansı bir siyasi cərəyanın liberal, yaxud konstruktiv mövqeyi yox, sadəcə revanşistləri iki yerə bölmək olar. Bunlar radikal revanşistlər aktiv və passiv revanşistlərdir. Bu isə onu göstərdi ki, Ermənistan və Azərbaycan arasında problemlər sülh müqaviləsi imzalansa belə, bir gündə həll olunmayacaq. Azərbaycan Prezidenti bunu çox aydın ifadə edərək dedi ki, biz sülh müqaviləsi imzalasaq belə, bir gündə Ermənistan və Azərbaycan dost ölkələr olmayacaq. İmzalanması nəzərdə tutulan mümkün sülh müqaviləsi, şübhəsiz ki, müəyyən inteqrasiya və iqtisadi əlaqələri ilkin mərhələdə fürsətlər yarada bilər. Amma nə qədər ki, erməni cəmiyyətində azərbaycanlılara qarşı etnik nifrət var, Azərbaycana qarşı ürəklərində ərazi iddiası ilə gəzirlərsə, bir o qədər də Ermənistan-Azərbaycan münasibətləri normal münasibətlər hesab edilə bilməyəcək. Düşünürəm ki, bu, sadəcə bir mövqe deyil, həm də çağırış idi. Hansı vəziyyətdə və Ermənistana münasibətdə hansı mövqedə olmağımızla bağlı obyektiv dəyərləndirmə idi. Bütövlükdə isə Azərbaycan Prezidentinin ADA-da keçirilən Beynəlxalq Forumda səsləndirdiyi fikirlər konseptual fikirlər idi. Dünya nizamının gələcəyini və bu nizamda Azərbaycanın yerinin də rolunun necə müəyyənləşəcəyinə həsr edilmişdi".