|
|
|
|
Azərbaycanla Çin Xalq Respublikası (ÇXR) arasında yüksək səviyyəli münasibətlər qurulub. Qədim tarixi köklərə əsaslanan münasibətlər ötən il strateji tərəfdaşlıq Bəyannaməsinin imzalanması ilə daha yeni mərhələyə qədəm qoydu. Bu gün iki ölkə ən müxtəlif sahələrdə əməkdaşlıq edir və bu əməkdaşlığın daha da inkişafında, irəliyə aparılmasında maraqlıdırlar.
Azərbaycan Prezidenti İlham Əliyev "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda çıxışı zamanı Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlıq haqqında Bəyannaməni ikitərəfli münasibətlər üçün çox əhəmiyyətli nailiyyət adlandırıb: "Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə ötən il mənim Sədr Si Cinpinlə görüşümün nəticəsində qəbul olunub. Bu isə ikitərəfli münasibətlərimiz üçün çox əhəmiyyətli nailiyyət oldu. Çünki Çin kimi nəhəng ölkə ilə strateji tərəfdaşlıq formatına nail olmaq bizim üçün olduqca vacibdir. Biz hazırda Çin şirkətləri ilə fəal çalışırıq. Biz onları müxtəlif sahələrdə strateji tərəfdaşımız olmağa dəvət etmişik, o cümlədən yaşıl enerji sahəsində. Deyə bilərəm ki, yaşıl ictimai nəqliyyat vasitələri istehsal edən Çin şirkəti tərəfimizdən seçilib və bu il artıq istehsal edilmiş ilk avtobuslar istifadəyə veriləcək. Bununla yanaşı, Çin şirkətləri Günəş panelləri təchizatçılarıdır və bu panellər Azərbaycanda başqa ölkələrin sərmayəsi ilə inşa edilən stansiyalarda istifadə olunur. Biz, həmçinin Çin şirkətləri ilə yaşıl enerji sahəsinə birbaşa sərmayə yatırılması istiqamətində də danışıqlar aparırıq".
Dövlət başçısı müdafiə sahəsində də əməkdaşlığa toxunub: "Müdafiə sahəsində də əməkdaşlıqla bağlı dialoqa başlayırıq. Hesab edirik ki, bu, uğurlu proses ola bilər. Çünki artıq qeyd etdiyim kimi, Azərbaycan Silahlı Qüvvələrini müasirləşdirməyə davam edir. Bizim üçün də təchizatın coğrafiyasını genişləndirmək və birgə istehsal müəssisələri yaratmaq maraqlı olar".
Azərbaycan və Çini birləşdirən mühüm layihələrdən biri də "Bir kəmər, bir yol" təşəbbüsüdür ki, Bakı ilk gündən bu layihəni dəstəkləyib. Prezident İlham Əliyev bununla bağlı bildirib: "Orta Dəhlizə - Sədr Si Cinpinin "Bir kəmər, bir yol" təşəbbüsünə gəldikdə, nədənsə onu Avropada "qlobal qapı" adlandırmağa çalışırlar. Səmimi desəm, mən bilmirəm bunun mənası nədir. Ancaq "Bir kəmər, bir yol" layihəsinə gəldikdə, biz bunu ilk gündən dəstəkləmişik. Biz bunu təkcə ictimai bəyanatlarla deyil, həm də sərmayə yatırmaqla etdik. Biz Xəzər dənizinin ən böyük limanını inşa etdik. Bu gün bizim gəmiqayırma zavodumuzda altı gəmi inşa olunur. Bu zavodun sifariş siyahısı doludur. Biz dəmir yollarımızı müasirləşdirdik, hətta Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstandan keçən hissəsinə əlavə investisiya yatırdıq. Hazırda onun yükötürmə qabiliyyəti 5 milyon tondur. Zənnimizcə, Çindən gələn yüklərin bir hissəsi Zəngəzurdan, Zəngilan istiqamətindən keçə bilər".
Azərbaycan və Çin eyni zamanda Qlobal Cənubun fəal ölkələridirlər və hər iki tərəf Qlobal Cənub dövlətlərinin inkişafı üçün səylərini birləşdirirlər.
Bu günlərdə Azərbaycanda səfərdə olan Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Lyu Cyançao Çin və Azərbaycanın strateji tərəfdaşlar olduqlarını, iki ölkənin dostluğunun minillik tarixinə diqqət çəkərək Qlobal Cənub mövzusuna da toxunub: "Çin və Azərbaycan Qlobal Cənubun önəmli üzvləridir. Si Cin Pin həmişə deyib ki, beynəlxalq vəziyyət dəyişsə belə, Çin hər zaman Avrasiya qitəsində inkişaf edən dövlətlərin dəstəkçisi kimi qalacaq. Qlobal Cənub dövlətlərinin üstünlüyü böyükdür, bu dövlətlər terrora qarşı çıxış edirlər. Çin və Azərbaycan Qlobal Cənubun ən effektiv səsi olan dövlətlərinə çevrilib".
Çin, həmçinin Qoşulmama Hərəkatının üzvüdür. Azərbaycan bu təsisata 4 il uğurla sədrlik edib və bu çərçivədə də iki ölkənin əlaqələrində əhəmiyyətli inkişaf olub. Göründüyü kimi, Bakı və Pekin çoxşaxəli, hərtətəfli əməkdaşlığa malikdirlər və bütün bunlar gələcək üçün böyük potensialın mövcudluğunu bir daha nümayiş etdirir.
Onu da vurğulamaq lazımdır ki, münasibətlərin yüksək səviyyədə olmasında Prezident İlham Əliyev ilə Çin lideri Si Cinpin arasında qarşılıqlı inam və etimada əsaslanan dostluq münasibətləri xüsusi rol oynayır. Azərbaycan və Çin dövlət başçılarının dostluq münasibətləri iki ölkə arasındakı münasibətlərin dinamikasına xüsusi impuls verir və müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsində xüsusi rol oynayır. Başqa bir vacib məqam isə qarşılıqlı rəsmi səfərlərdir ki, bu da Azərbaycan-Çin əməkdaşlığının genişlənməsində, dərinləşməsində əhəmiyyət kəsb edir.
2019-cü ilin aprelində Pekində keçirilən "Bir kəmər, bir yol" beynəlxalq forumunda iştirak edən Prezident İlham Əliyevin bu səfəri çərçivəsində iqtisadiyyat, sənaye, investisiya sahələrini əhatə edən 10 mühüm sənəd imzalanıb. Onların həyata keçirilməsi nəticəsində Azərbaycan-Çin ticari-iqtisadi əməkdaşlığı sürətlənib.
İki ölkənin iqtisadi münasibətləri ildən-ilə inkişaf edir. Çin Azərbaycanın beş əsas ticarət tərəfdaşından biridir. 2023-cü ildə Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 3,1 milyard ABŞ dolları təşkil edib. 2024-cü ildə iki ölkə arasında xarici ticarət dövriyyəsi 20,7 artaraq 3.7 milyard ABŞ dollarına yüksəlib. Təkcə bu ilin yanvar-fevral aylarında Azərbaycanla Çin arasında ticarət əməliyyatlarının həcmi 745,4 milyon ABŞ dolları təşkil edib. Bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 262,1 milyon ABŞ dolları və ya 54,2 faiz çoxdur. Hesabat dövründə Çin ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 8,37 faizi həcmində olub. Bu cür yüksək dinamika nəticəsində Çin Azərbaycanın əsas ticarət tərəfdaşlarından birinə çevrilib. Əgər 2018-ci ildə Çin Azərbaycanın 6-cı ticarət tərəfdaşı idisə, indi 4-cü iri ticarət tərəfdaşıdır. Bu rəqəmlərin müqayisəsi göstərir ki, son illərdə ticari-iqtisadi sahədə artan xətlə davam edən əməkdaşlıqların əsası qoyulub. Bu, digər sahə və istiqamətlərdə də əlaqələrin genişlənməsinin möhkəm bazası kimi çıxış edir.
Çin şirkətlərinin Azərbaycana marağı da artmaqdadır. Azərbaycanda 300-dən çox Çin şirkəti qeydiyyata alınıb və onlar sənaye, kənd təsərrüfatı, tikinti, ticarət, nəqliyyat və xidmət sahələrində aktiv fəaliyyət göstərirlər.
Çin güclü imkanlara malik ölkədir və iqtisadiyyatına görə dünyada ikincidir. Qlobal iqtisadi böhran vəziyyətində belə, bu ölkə diqqət mərkəzində qalmaqda davam edir.
2024-cü ilin statistikasına əsasən Çin ardıcıl səkkizinci ildir ki, ümumi ticarət həcminə görə dünyada birinci yerdədir və xidmətlər sahəsində ümumi xarici ticarəti ilk dəfə olaraq 1 trilyon ABŞ dollarını keçib. 400 milyondan çox orta gəlirli istehlakçıya malik böyük daxili bazar transmilli şirkətlərin əməliyyat artımına təkan verir. Çinin hərtərəfli istehsal sistemi və yaxşı inkişaf etmiş təchizat infrastrukturu transmilli şirkətlərə istehsalın səmərəliliyini artırmaq və bazar risklərini azaltmaq üçün möhkəm zəmin yaradıb. "ThyssenKrupp"un baş direktoru Migel Lopez qeyd edib ki, Çin təkcə ən böyük bazarlardan biri deyil, həm də dünyada ən inkişaf etmiş istehsal və təchizat zəncirinə, eləcə də yaxşı logistika sisteminə malik ölkədir. Çin həmişə inkişaf imkanları axtaran iddialı transmilli şirkətlər üçün prioritet bazar olub.
Çin bazarına möhkəm inam əlaməti olaraq Britaniyanın əczaçılıq nəhəngi AstraZeneca mart ayında Pekində altıncı qlobal tədqiqat və inkişaf mərkəzini tikmək planlarını açıqlayıb. Bundan əlavə, ABŞ-ın pərakəndə nəhəngi "Costco"da daxil olmaqla 13 transmilli korporasiya bu yaxınlarda Şanxayın Pudon yeni bölgəsində regional qərargahlarını açmaq qərarına gəliblər. Analitiklər xəbərdarlıq edirlər ki, Çinin iştirakı olmadan qlobal iqtisadi artım ciddi maneələrlə üzləşəcək. Dünyanın ikinci ən böyük iqtisadiyyatı illərdir qlobal artımın təxminən 30 faizini təşkil edən qlobal genişlənmənin əsas mühərriki rolunu oynayır. Dünyada artan qlobal qeyri-müəyyənliyə baxmayaraq, Çin iqtisadiyyatı güclü əsaslar nümayiş etdirməkdə davam edir, möhkəm və sabitdir. Çinin böyük daxili bazarı, yaxşılaşan biznes mühiti və yüksək səviyyəli açıq siyasət birləşərək qlobal müəssisələr üçün uzunmüddətli sabit investisiya mühiti yaradıb. Ölkə transmilli investisiyalar üçün əsas istiqamətlərdən biri olaraq qalır.
Təkcə 2024-cü ildə Çində 60 minə yaxın xarici investisiyalı müəssisə yaradılıb, bu da 2023-cü ilə nisbətən 9,9 faiz çoxdur. Çinə birbaşa xarici investisiyaların gəlirliliyi son beş ildə təxminən 9 faiz səviyyəsində qalıb ki, bu da dünyada ən yüksək göstəricilərdən biridir.
Göründüyü kimi, Çin keçmişdə olduğu kimi, bu gün də və gələcəkdə çoxlu imkanlara malik cəlbedici ölkə olaraq qalacaq. Təbii ki, Azərbaycan da geniş potensiala, xüsusilə nəqliyyat-logistika imkanlarına sahibdir. Üstəgəl, tarixi bağlar, əlaqələr iki dövlətin münasibətlərinin təməlini daha da möhkəmləndirir və gələcəyini daha parlaq edir.
Pərvanə SULTANOVA