|
|
|
|
Doğma Türkiyəmiz təlatümlü, gərginlik dolu günlər yaşayır. Hamımız baş verən prosesləri narahatlıqla izləyirik. Bir çoxları gündəmə soyuqqanlı, təmkinli, səmimi nigarançılıqla münasibət bildirsələr də, emosiyalarına hakim ola bilməyənlər, qarşı tərəflərdən biri barədə aşağılayıcı ifadələr səsləndirib çaşqınlıq yaradanlar da az deyil.
Nəzərə almalıyıq ki, tərəflərin hər birində dəyərli insanlar, istedadlı yaradıcı adamlar, nüfuzlu ziyalılar və siyasətçilər var, hər tərəfin arxasında geniş xalq kütlələri dayanır.
Rəğbətimizin ünvanından asılı olmayaraq, əsəblərin tarıma çəkildiyi belə günlərdə rəylərimizi, işlətdiyimiz ifadələri ciddi ölçüb-biçərək, gərginliyi, ictimai həssaslığı nəzərə alaraq bölüşmək çox vacibdir.
Xüsusilə Azərbaycan-Türkiyə qardaşlığına xələl gətirə biləcək leksikondan maksimum dərəcədə çəkinməliyik. Hamımızın arzusu bu çaxnaşmalı dünyada Türkiyəmizin güclü qalması, daxili sabitliyini və beynəlxalq nüfuzunu qorumasıdır. Böyük dövlətçilik ənənələri olan qardaş xalqın bu çalxantılı dönəmdən də üzüağ, qüdrətli çıxması üçün dua edək.
Tanrı Türkiyəmizi qorusun!
lll
Azərbaycan dili üzrə sertifikasiya imtahanının sınaq prosesində iştirak edəcəyəm.
Həmkarlarımı - yazıçıları, jurnalistləri, filoloqları da Azərbaycan dili bilgilərini yoxlamağa dəvət edirəm.
Dövlət İmtahan Mərkəzi "Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər" sertifikasiya imtahanı modeli hazırlayaraq ictimaiyyətə təqdim edib.
Ötən il Bakı Kitab Mərkəzində bu metodik vəsaitin təqdimatında iştirak etmişdim. Çıxış edən mütəxəssislər xüsusən xaricilərin Azərbaycan dili biliyi səviyyəsinin müəyyənləşdirilməsi, dilimizin inkişafına, işgüzar dilə çevrilməsinə kömək göstərəcək bu vəsaitin çapını yüksək qiymətləndirmişdilər.
İngilis, alman və başqa dillərdə biliyin səviyyəsini müəyyənləşdirən imtahanlar barədə hamımız bilirik.
Bəs bizim doğma Azərbaycan dili bilgilərini sertifikasiya edən imtahan prosesi niyə də keçirilməsin?
Dünən keçirilən təqdimatda Məleykə Abbaszadə imtahanın Azərbaycan dili üzrə bilik və bacarıqların qiymətləndirilməsi üçün etibarlı bir mexanizm kimi fəaliyyət göstərəcəyinə əmin olduğunu diqqətə çatdırıb və hər kəsi qeydiyyatdan keçərək yoxlama alətlərinin təkmilləşdirilməsi üçün bu prosesdə aktiv iştirak etməyə çağırıb.
Məleykə xanım ilkin 2000 datanın yaradılması üçün mütəxəssisləri, həmçinin yazıçıları sınaq prosesinə qoşulmağa dəvət edib. Qeyd olunub ki, iştirakçılar ödənişsiz şəkildə sınaq prosesində iştirak edə bilərlər. İmtahan nəticələri emal olunduqdan sonra iştirakçıların elektron poçt ünvanına göndəriləcək. Göründüyü kimi, anonimlik də saxlanacaq. Qorxulu nəsə yoxdu.
Təəssüf edirəm ki, bu cür vacib məsələnin müzakirəsi lüzumsuz istiqamətə yönəldi. Mən Azərbaycan dili bilgilərini yoxlamaq istəyən hər kəsi Məleykə xanımın çağırışına qoşulmağa, bu vacib sertifikasiya imtahanı üçün lazım olan ilkin 2000 datanın yaradılmasına töhfə verməyə çağırıram.
lll
İP yığmaq naminə psixoloji problemli adamların cəfəng fikirlərinə meydan vermək, dəyərləri silkələmək, həm də bunu Jurnalistlərin Etik Davranış Qaydalarına riayət etmədən, qarşı tərəfin fikirlərini öyrənmədən, mövqeyinə məhəl qoymadan, cəmiyyətdə yaradacağı reaksiyanı nəzərə almadan yaymaq böyük qüsur, ciddi peşə naqisliyidir. Daha çox oyuncaq, telefonda qurama İnternet TV-lərinə xas olan bu üsulu ciddi media subyektlərinin özlərinə rəva görməsi isə bədbinlik, təəssüf və məyusluq doğuran haldır. Neqativ, ağılsız, sərsəm fikirlərlə cəmiyyətdə ajiotaj yaratmaq dəyərləri ucuzlaşdırmaq, diletantların, qeyri-peşəkarların hər addımda gözdən saldıqları mediamızı daha da urvatsız etməkdir.
lll
Yuxuda qarlı-şaxtalı havada, buz bağlamış yolda tək yeriyən Zelenskini gördüm.
Dünənki görüşün videolarının və səngiməyən qarın təsiridir yəqin.
lll
Hər kəs öz maraqlarından baxır, öz arzularıyla qiymətləndirir...
lll
Hamının sevimlisi olmaq, xüsusən indiki sosial media dövründə mümkün deyil. Ona görə də hər addımbaşı özünüzdən bədgüman olmayın. Yaxşılıq etməkdən, mərhəmətli olmaqdan yorulmayın.
lll
Əziz və doğma Qadınlar!
Yeni Dünya düzəni istədiyiniz kimi qurulsun!
Hər şey ürəyinizcə olsun!
Həyatınızdan xoş anlar, üzünüzdən təbəssüm əskik olmasın!
Sevgisiz qalmayasınız!
Ecazınız və cazibəniz heç vaxt azalmasın!
lll
Səhər erkən, qar hələ adda-budda qalırkən quşların kövrək civiltilərini eşitmək martın gəlişini müjdələyirdi.
lll
Deyir, Paris qocalıb, harsuna oxşayır...
lll
Kişilərin soyqırımı günü...
lll
Qəzetlərdə redaktorlar məsuliyyət hiss edirdilər; sərsəm, zərərli fikirləri, yanlış düşüncələri ya redaktə edir, ya da mətndən çıxarırdılar. Yeni mediada - saytlarda təəssüf ki, redaktorlar bəzən əksini edirlər - İP, çox baxış və hay-küy naminə hər hərzə-hədyana meydan verirlər. Sosial mediadan isə ümumiyyətlə danışmağa dəyməz. Xəbər və düşüncənin fərqliliyi və anormallığı nə qədər cazibədar olsa da, cəmiyyət, tarix, xalq qarşısında məsuliyyət hissi heç vaxt arxa plana keçməməlidir.
lll
Yaddan çıxan qadınlar...
lll
Bütün həqiqətlər keçmişdə, atalar sözlərində gizlənib.
lll
Təcrübə keçən tələbələrə tamaşaya baxıb fikirlərini, düşüncələrini yazmağı tapşırmışıq. Gedib süni intellektin dediklərini köçürüb gətiriblər.
lll
Həsən Həsənovun tariximizlə bağlı qeyri-adi, inqilabi və düşündürücü fikirlərini həmişə diqqətlə izləyirəm. Bu dəfə Novruz bayramı barədə mülahizələrini bölüşüb. Bayram şirniyyatlarımızın izahı isə lap qəribə gəldi; həm gülümsədim, həm düşündüm. Tabitini təpitməylə bağlamasına isə ürəkdən güldüm. Belə ideyaların tərəfdarıyam; tarixi biliklərlə əfsanələrin, elmlə arzuların çulğaşması düşüncələrə təsir edir, zamanla yeni gerçəkliklər ortaya çıxarır.
Həsən müəllimin şövqünə, enerjisinə, təlqin etdiyi fikirlərə sonsuz inamına, çılğın sevgisinə heyranam.
Bu fikirlərə meydan verdiyinə görə ARB kanalının rəhbərliyinə də ayrıca təşəkkürümü bildirirəm.
lll
Azərbaycan Dili üzrə Sertifikasiya İmtahanında dil bilgilərindən, dilimizi hiss etmək bacarığından savayı, həm də bədii təxəyyül, ədəbi yaradıcılıq, dolğun və səlis mətnlər yazmaq qabiliyyəti tələb olunur. Məhz buna görə də DİM sədri Məleykə xanım mütəxəssislərə, yazıçılara müraciət edib, ilkin 2000 datalıq səviyyəli bazanın yaradılmasına dəstək olmağa çağırıb. Həmkarlarımı bir daha bu bayram günlərindəki asudə vaxtdan istifadə edib sınaq prosesinə qoşulmağa, imtahanın onlayn platformasında iştirak etməyə çağırıram. Ödənişsiz və asan prosesdir. Bir az vaxt və səbr lazımdır. Gəlin birlikdə bu vacib prosesə dəstək olaq.
lll
Ən nikbin, pozitiv yalanı kim danışacaq?
lll
Gözəl şairimiz Vaqif Bəhmənli hələ 10 il qabaq qızların telefon sevgisini belə vəsf edib:
Telefon söyləmək ona, azdı, az -
fanardı, oyundu, şəkilçəkəndi.
...Atanı, ananı eşidən kimdi? -
Hamı telefonun sözünə baxır...
...Balaca əllərdə balaca qızlar
Elə bil, balaca can gəzdirirlər.
...Telefonla gəzir qumlu sahili,
Telefonla girir dənizə qızlar...
...Telefon yollayır qızları dərsə,
elə telefon da... ötürür evə.
lll
Bir mahnının gücü
Deməli, bir fərqli musiqi, bir qeyri-adi mahnı hətta dünyanın indiki gərgin dönəmində də insanları xoş təsirlə ovsunlamaq, diqqəti müəlliflərə və onların mənsub olduğu xalqa yönəltmək gücünə malik imiş...
Neçə gündür, başqırdların "Ay yola" qrupunun "Humay" mahnısı çox geniş auditoriyanı, sosial şəbəkələri öz sirli cazibəsinə salıb. Milyonlarla baxış olan bu mahnı haqqında minlərlə təqdir və təhlil paylaşılıb.
Qədimdən gələn ilahi ab-hava, sehrli aura, mistik musiqi başqırd xalqını sanki dünyaya yenidən tanıdıb. Qədim başqırd dastanı "Ural-Batır" qəhrəmanına həsr olunmuş, doğma dildə səslənən misralarla, qədim alətlərlə müşayiət olunan ecazkar musiqi başqırd gənclərində ana dillərinə, tarixlərinə güclü maraq oyadıb. Dünyanın bir mahnıya heyrəti başqırdlarda milli özünədərk hissini xeyli gücləndirib.
Hətta ruslar bu populyarlığı öz adına çıxmağa çalışır, bunu rus musiqisinin uğuru kimi təqdim etməklə guya qısqanclıqlarını gizlətmək istəyirlər.
Mədəniyyətin sirli gücü burdadır: milyonlarla vəsait xərclənib qurulan təbliğat belə başqırd xalqına bu qədər maraq yarada, onu populyar edə, diqqət mərkəzinə gətirə, bu dərəcədə müsbət yöndə təqdim edə bilməzdi. Bir mahnının gücü başqırdları milli oyanışa, ana dilini və milli tarixi dərindən öyrənməyə yönəldib.
Mahnının populyarlıq dalğasında tarixin incələnməsi, bu rəylərdə başqırd xalqının böyük oğlu Zəki Vəlidi Toğanın adının səslənməsi və onun Türk dünyasıyla bağlı ideyalarının xatırlanması da diqqətimi çəkdi. Uğurlar olsun, "Ay yola"!