(Əvvəli dünənki sayımızda)
Bir sözlə, Maskın gələcəyi yaxınlaşdırmaq məqsədini güdən elektromobili Çin istehsalı ilə rəqabətdə uduzmalı oldu və onun satışı həm öz ölkəsində, həm də Avropada və Çində aşağı düşdü, hətta 42 faizə qədər azaldı. Mask isə Nevadada, vətənindəki digər iki ştatda, həmçinin Çinin Şanxay şəhərində və Almaniyada çox iri zavodlar tikmişdi. Məhsulun satılmaması həmin zavodları da ağır problemlərlə üzləşdirir.
Həm də bu böyük istedad sahibinə Trampın himayə göstərməsi, Maska baha başa gəlir. Dövlət sifarişlərini aldıqda, edilən güzəştlər hesabına milyardlarla dollar gəlir götürməkdə onu ittiham edirlər. Federal məhkəmə onu manipulyasiya ilə məşğul olmaqda, digərlərinin elmi və texnoloji yeniliklərini qanunsuz mənimsəməkdə günahlandırır. Onu da nəzərə çatdırır ki, qanun istənilən milyarderdən və elmi kəşflər müəllifindən yuxarıda dayanır. Mask heç də müqəddəs deyildir, Amerika mühitinin məhsuludur, xüsusi mövqeyi hesabına, onun qanunu pozmağa yol verə bilməsi də istisna olunmur.
Lakin bu deyilənlər İlon Maskın novatorluq istedadına, ecazkar dühasına kölgə salmamalıdır. Bu adam hansı sahəyə əl atırsa, orada ağıla gəlməyən kəşflər edir. Onun kosmosa uçub geri qayıdan raketləri "Shattle" - "Məkik" prinsipi üzrə uçur və qayıtdıqda şaquli vəziyyətdə yerə enir. O, dövlətdən asılı olmamaq üçün raketləri üçün özəl kosmodrom da tikmişdir. Dəmiryol nəqliyyatında da iti sürətli elektrovozlar ixtira etməklə, yer üzərində təyyarə sürətini əldə etməyə nail olmuşdur. Lakin onun ixtirasının Amerikada tətbiqi çətinliklərlə üzləşmişdir, bu da dəmiryol infrastrukturasının bütünlüklə yenidən qurulması problemi ilə əlaqədardır. Çünki 1930-cu illərdən Amerika yükdaşımada avtomobil nəqliyyatına üstünlük verdiyindən, dəmiryol nəqliyyatına qayğı azalmış, inkişafa lazımi diqqət yetirilməmişdi.
Mask elə bil ki, yeni piramida yaradana bənzəyir, onun tikintisində bəlkə də özününkü olmayan bloklardan da isifadə etmişdir. Misirdəki Xeops piramidası zamanın təsirinə məhəl qoymadan 4 min ildir ki, yaşayır. İlon Maskın piramidası da hər cür əsaslı, ya əsassız təzyiqlərə məruz qalsa da, əsla dağılmayacaqdır, çünki gələcəyə ecazkar xidmət göstərməsi ilə başqalarından tam fərqlənir.
Çin dünya bazarında üstünlüyə malik olmaq üçün avtomobil sənayesində də keyfiyyət göstəricilərinə xüsusi fikir verir, yaxşı başa düşür ki, özündən daha təcrübəli istehsalçı ölkələrlə rəqabət olduqca ciddidir. Onun istehsal etdiyi maşınlar həm də çox səssiz işləmələri ilə seçilir. Sovet İttifaqı və Rusiya avtomobilləri isə, özünün digər böyük texniki qüsurları ilə yanaşı, tank gurultusu salması ilə seçilir. "Jiquli" və "Uaz" markalı maşınlar zavoddan çıxdıqdan sonra, onları sürmək mümkün olmadığından, bir neçə gün təmirdə dayanmalıdır. Olduqca gülünc haldır ki, zavodun nöqsanlarını yalnız təmir vasitəsilə aradan qaldırmaq mümkün olur. Ona görə də bu maşınlar sovet və postsovet məkanında satılırdı, digər ölkələrə kiçik ixrac isə qiymətlərin çox aşağı olmasına əsaslanırdı.
Amerikan maşınlarının sovet və Rusiya maşınları ilə müqayisə etmək ədalətsizlik olardı. Lakin amerikan avtomobil sənayesi də son vaxtlarda inkişaf yolunu lazımınca zəbt edə bilməmişdi.
Prezident Tramp tarif tətbirləri ilə əslində ticarət müharibəsinə start vermişdir. Bazar mexanizmini siyasi və iqtisadi təzyiq hesabına dəyişdirmək, bazar rəqabətini məhv etmək əsla mümkün deyildir, çünki bu məkan kiminsə diktəsinə, təzyiqinə məhəl qoymur, obyektiv qaydada öz prinsiplərini həyata keçirir. Bazarda qalib gəlməyin, tələbatı mənimsəməyin yeganə yolu malın keyfiyyəti və nisbətən ucuz qiymətə satılmasıdır. İstehsal da bu prinsipi hökmən nəzərə almalıdır, əks təqdirdə satış üçün yox, anbar üçün işləyəcəkdir.
Donald Trapmın beynəlxalq siyasətinin müəyyən uğursuzluğunun mühüm səbəblərindən biri, özünün reallığı nəzərə almaması ilə yanaşı, həm də ətrafındakı adamların səhvlərə müqavimətinin olmamasıdır. Belə vəziyyət təəssüf doğurmaya bilməz Onun dövlət işinə gətirdiyi milyarderlər biznesdə lider olsalar da, siyasətdə diletantdırlar. Trampın xarici siyasət sahəsindəki tədbirləri də səriştəliliyə o qədər dəlalət etmir. Prezidentliyin ilk 100 günü ona yiyələnmiş adamın sınaq dövrüdür. Bu müddətdə buraxılan nöqsanlar gələcək uğursuzluqlar seriyası üçün təməl rolunu oynayır. Start dövründə xalqın etimadını itirməmək üçün daha ehtiyatlı hərəkət etmək vacibdir.
Tramp ətrafına elə adamlar yığmışdır ki, onlar mümkün səhvlərə düzəliş vermək əvəzinə, öz vəzifələrinin icrasını prezidentə əsassız təriflər yağdırmaqda görürlər. Onlar elə bilirlər ki, keçmişi edama çəkməklə, guya yeni prezidentə xeyir-dua verirlər. İngilislər belə adamları "yesman", "bəli, bəli deyənlər, yaltaqlar" adlandırırlar, onlar tutuquşu timsalında nitq söyləyib, özlərinə vəzifə verəni göylərə qaldırırlar. Belələrinə ingilis dilindəki sərrast ifadə ilə "mouthpiece" - "muştuq" titulunu vermək daha düzgün olardı.
Tramp, siyasətə alver vasitəsi kimi baxan öz keçmiş biznes sirdaşını Yaxın Şərq və Rusiya- Ukrayna müharibəsi üzrə xüsusi emissar təyin etmişdir. Onun ötürməsi ilə, prezident aqressiyanın həqiqi müəllifi əvəzinə, Ukraynanı müharibəni başlamaqda təqsirləndirir. Siyasətə tam yad olan bu adam hətta konstitusion vəzifə sahiblərini əvəz etməklə, siyasətdə birinci skripka rolunu oynayır. Orkestr dirijorunun özü bu istedadsız musiqiçiyə belə imkan yaratmışdır. İqtisadi məsələlər üzrə müşavir olan Navarronu isə digər məmur kolleqası küt adam, kərpic dolu kisə adlandırmışdı.
Hələ seçkiqabağı yığıncaqlarda namizəd kimi Tramp "Make Amerika great again" - "Amerikanı yenidən böyük edək" şüarını irəli sürmüşdü. Lakin son tədbirlər böyüklüyün bərpasına deyil, bədbəxtlikdən, mövcud möhkəm mövqelərin itirilməsinə aparır. Ritorika ilə, söz bolluğu ilə öyünənlər böyüklük əldə etsəydilər, boşboğazlar uca zirvələri fəth etmək bir tərəfə qalsın, onu heç vaxt tərk etməzdilər.
Amerika, Şimali qitəyə Avropadan gələnlər burada məskunlaşmağa başladığı vaxtdan immiqrantlar ölkəsi sayılır. Niderlandlılar, ingilislər, fransızlar, ispanlar bura köçüb gəldikdən sonra aborigen əhali olan hindular sıxışdırılmağa başlandı. Qısa müddətə ölkə ağdərililərin vətəninə, sonra isə Afrikadan qulların gətirilməsi ilə həm də afroamerikanların yaşadığı məkana çevrildi. Tramp isə qeyri-leqal immiqrantlara qarşı mübarizə adı altında heç bir cinayətkar qrupa aid olmayanları da, Salvadora göndərməyə başlamışdır. Məhkəmə haqsız təqib olunanları müdafiə etsə də, zorakılıq nəticəsində immiqrantlar sürgün edilir. Ali Məhkəmə nəhayət immiqrantların ölkədən çıxarılmasının dayandırılması barədə qərar qəbul etdi. Vaxtilə "Azadlıq" heykəli əlindəki məşəllə zülmə məruz qalanları azadlığa qatılmaq üçün Amerikaya dəvət etdiyi halda, indi onlara qeyri-loyal münasibət bəslənməyə başlanmışdır. İmmiqrantların qovulması, yalnız onların guya cinayətkar olması ilə izah edilir. Cinayətkar ünsürlər cəzalandırılmalıdır, onlara güzəşt edilməməlidir, lakin bu yarlıkdan adamlara qarşı kütləvi qaydada istifadə edilməsi insan haqlarına qarşı Səlib yürüşünü yada salır, bədnam irqçiliyin bərpa edilməsi təsiri bağışlayır.
Uzun müddət ərzində insanlar öz doğma ölkəsində haqsızlıqlarla, təqiblərlə, ağır ehtiyaclarla üzləşdikdə Amerikaya üz tutmuşdular. Bu əsl imkanlar ölkəsi onlara təkcə sığınacaq verməyib, həm də fərqli, xoşbəxt həyata malik olmalarına şərait yaratmışdı. Doğulduğu ölkədəki tufandan əziyyət çəkənlər, Birləşmiş Ştatları sakit liman hesab edib, orada dərdlərindən xilas olurdular. Amerika ona pənah gətirən yad adamlara da doğma övladı kimi yanaşırdı. İndi isə vəziyyət dəyişmişdir, Amerikanı qapalı, uca divarları olan qəsrə çevirmək həvəsi meydana gəlmişdir və immiqrasiyanı ləğv etmək isə ölkənin nüfuzuna mənfi təsir göstərməyə bilməz.
Donald Tramp yeni tədbirlərinə imza atmaqla, dünyadakı mövcud, kövrək tarazlığın da pozulmasına şərait yaradır. O, kommunizmə nifrət etsə də, Kommunist İnternasionalında irəli sürülən ali vəzifəyə aid sözləri təkrar edir: "Biz bütün dünyanı məhv edəcəyik, // Biz özümüzün yeni dünyamızı yaradacağıq". Bəzi amerikanlar isə İnternasionalın yeni dünya qurmaq barədəki sözlərini bir qədər dəyişib, "biz yaranan yeni dünyanı qarət edəcəyik" kəlmələri ilə əvəz etməyi təklif edirlər.
Prezident Tramp lazım feilini çox sevdiyindən, "Mən prezident olsaydım (əsasən müharibəni nəzərdə tutaraq), bu, baş verməzdi" sözlərini mantra kimi təkrarlayır. Bəlkə də, bu yolla özünün üçüncü dəfə, hətta ömürlük prezident olması arzusunu dolayı yolla dilinə gətirir. Lakin o, hələlik yalnız ticarət müharibəsinə start vermişdir, bunu isə heç də onun uğuru saymaq olmaz. Tarif dərəcələrinin artırılması təkcə ölkədə iqtisadi və sosial vəziyyətin pisləşməsinə gətirib çıxarmamışdır, həm də seçkiləri öz zəfərinə çevirmiş yeni prezidentin reytinqinin aşağı düşməsinə səbəb olmuşdur. Prezidentin iqtisadi siyasətinə münasbət isə ürəkaçan olmaması ilə daha çox fərqlənir.
Dünya, ziddiyyətlər dənizində üzməyə məcbur ediləcəyi, sunami meydana gətirməklə, gəmiləri batırmaq gücündə olacaq dalğalar yaranması ilə hədələnir. Yəqin ki, müstəqil dövlətlərin birgə müqaviməti buna imkan verməyəcəkdir. Ritorika heç də həmişə əmələ çevrilə bilmir, məğrurluqla "İ never sarrander" - "Mən heç vaxt təslim olmuram" söyləyən prezident iki gün sonra tarif barədəki qərarını əsasən ləğv etdi.
Dünyanı problemlərlə üzləşdirmək heç də yaxşı siyasət deyildir. Siyasi və iqtisadi təzyiq haradasa müvəqqəti fayda gətirsə də, sonradan öz acı nəticəsini göstərir. Hədələrdən, təqiblərdən diplomatiyaya keçid, sivilizasiyalanmış dövlətin siyasətinin əsasını təşkil etməlidir. Dünya, gücün hakim kəsildiyi cəngəllik, yırtıcılar və onların qurbanları aləmi deyildir, ağıllı insanların yaşadığı mühitdir. Onu dağıtmaq heç kəsə şərəf gətirə bilməz. Quzğunlar yenidən tarix səhnəsinə gələ bilməz, balın idarəçiliyini İblisə həvalə etmək olmaz.
Qədim yunan mifologiyasında hamını məhv etməyə hazır olan Meduza adlı bir varlıq mövcud idi. Meduza bir baxışı ilə istənilən adamı daşa döndərirdi. Bəzi siyasi xadimlər öz səs tellərini işə salmaqla, sözlərinin Meduzanın gözü gücündə olduğunu güman edirlər. Söz bolluğu, özünü öymək heç də həqiqi qüdrət sahibi olmaq deyildir. Ali vəzifə sahiblərini, sap kimi çözələnən nitq deyil, yalnız əməl, yaradıcılıq böyük etməklə, onu şərəfə çatdırır. Populyarlıq qazanmağın da sıradan çıxmayan yolu budur. Keçmişi bütünlüklə bəyənməmək, inkar etmək bu günün qiymətini artırmaq əvəzinə, zaman əlaqəsini pozmağa xidmət edir. Zaman isə keçmişdən gəlib, bu gündən keçməklə, gələcəyə ünvanlanır. Burada yolu qısaltmaq istəyi və həvəsi fayda vermir.
Kim ki, dünyada sülhdən də vacib şey olduğunu dilə gətirirsə, o, insanlığa qarşı olan müharibələrə haqq qazandırır. Təəssüf ki, belələri də vardır. 1970-ci illərdə NATO Baş katibi olan Yozef Lunts bu sərsəm sözləri bəlağətli nitq şəklində tələffüz etmişdi.
Seçkidə qalib gəlmək heç də yeni vəzifəni icra edəndə, həmin sevincdən yaranan eyforiya davam etsə, bu, karnaval effekti yaradır. Seçkidə qazanılan böyük qələbə həmin adama bu ali vəzifəni tutmağa imkan vermişdir. Vəzifədə isə onun təklif etdiyi məstedici ağuşdan hökmən uzaqlaşmaq lazımdır.
Siyasətdə buraxılmış səhvi düzəltmək çətin olur. Napoleon Fransasının polis naziri Jozef Fuşenin dediyi kimi, elə səhv var ki, cinayətdən betərdir. Siyasətçi özünü belə səhvlərdən qorumalıdır, bunu ona etimad göstərənlər də arzulayır. Demokratiya xalq hakimiyyəti demək olduğundan, daha səmərəli siyasi sistem hesab olunur. Onu, ABŞ-ın bani-ataları qədim afinalıların irsini əxz etməklə, yenidən həyata gətirmişdilər. Onlar həm də yaratdıqları dövlətə zirehi andıran möhkəm təməl qoymuşdular. Ona görə də ölkə XIX əsrin əvvəlində britaniyalıların işğalından təbiətin də köməyi ilə xilas ola bilmiş, XXI əsrin əvvəlində isə islam terrorçularının ağır zərbəsindən sarsılmaq əlamətləri göstərməmişdi.
ABŞ nisbətən gənc dövlət olsa da, zəngin tarixə malikdir. Onun prezidentləri arasında uğurlular çox olduğu kimi, bu vəzifəyə layiq olmayanlar da olmuşdu. Bunu da demokratiyanın zəif cəhətinə aid etmək olar. İlk prezident Corc Vaşinqton İnqilab müharibəsinin qalibiyyətli sərkərdəsi olmuşdu. Üçüncü prezident Tomas Cefferson İstaqlaliyyət Deklarasiyasının müəllifi olmaqla, dəniz quldurlarını susdurmuş, ölkə ərazisini Fransadan alınmış torpaqlar hesabına, onun həcminin üçdə biri qədər böyütmüşdü. Abraham Linkoln Vətəndaş müharibəsində qalib gəlməklə, dövlətin parçalanmasına yol verməmiş, ölkədə quldarlığı ləğv etmişdi. Franklin Delano Ruzvelt Yeni Kursu tətbiq etməklə Böyük Depressiyaya son qoymuş, II Dünya müharibəsindəki qələbənin az saydakı arxitektorlarından biri olmuşdu. İlk qaradərili prezident Barak Obama idarəetmədə düzgün yol seçərək, ölkəsini təlatümlərdən kənarda saxlamağı bacarmışdı.
Uğursuz prezidentlər isə ölkəsinin nüfuzuna zərbə vurmamış keçinməmişdilər. XIX əsrdə Endryu Cekson ölkənin idarəçiliyini yaratdığı "mətbəx hökumətinə" həvalə etmişdi. XX əsrdə Herbert Huver Böyük Depressiya vaxtı fəaliyyətsizlik göstərməklə, ölkədəki böhranın dərinləşməsinə şərait yaratmışdı. XIX əsrdə Endryu Conson, XX əsrdə Riçard Nikson və Bill Klinton impiçmentdən güclə canlarını qurtarmışdılar. Donald Tramp birinci kadensiyasında iki dəfə impiçment təhlükəsi ilə üzləşmişdi. Prezidentlərin hər biri xalqın səsverməsi ilə bu vəzifəni tutmuşdur. Lakin təəssüf ki, onlardan xalqın etimadını doğrultmayanlar, onu layiqincə qiymətləndirməyənlər də olmuşdu.
Amerika həqiqi çoxtərəfli potensialına görə ilk fövqəldövlət olduğundan, onda meydana gələn sarsıntı bütün dünyaya təsir göstərə bilər. Çünki bu ölkə beynəlxalq aləmdə böyük nüfuza malikdir və onun bu qüdrəti və zirehi öz təsir gücünü itirməməlidir. Amerika özü də dünyanı sarsıntılara cəlb etməkdən çəkinməlidir, onun malik olduğu böyüklük, fiziki ölçülərindən, iqtisadi və hərbi imkanlarından daha çox, dünyanı bəlalardan xilas etməsi kimi tarixi roluna əsaslanır. Amerika qazandığı bu layiqli mövqeyindən başqalarına təsir göstərməkdə nəcib üsullara üstünlük verməklə və onları davam etdirməklə, sui-istifadə hallarına yol verməməlidir. Məhz bu xüsusiyyəti onu daha böyük edəcəkdir.
SON
20.04.2025