
ABŞ və Ukrayna artıq bir müddətdir ki, masada olan minerallara dair sazişi imzalayıblar. Bu saziş ABŞ-a Ukraynanın nadir minerallarına və təbii sərvətlərinə çıxış imkanı verəcək. Aprelin 30-da ABŞ Xəzinədarlıq Departamentində imzalanan saziş çərçivəsində həm də ABŞ - Ukrayna İnvestisiyaların Bərpası Fondunun yaradılmasına dair razılıq da əldə olunub. Sənədə imza atan Ukraynanın iqtisadiyyat naziri Yuliya Svırıdenko deyib ki, fond ölkəyə qlobal sərmayələrin cəlb edilməsinə yol açacaq. ABŞ xəzinədarlıq katibi Skot Bessent isə bildirib ki, Tramp administrasiyası uzunmüddətli perspektivdə azad, suveren və firavan Ukrayna naminə sülh prosesinə sadiqdir. Sənədə əsasən, Ukrayna yeni sahələrdə faydalı qazıntıların çıxarılması üçün lisenziyalardan əldə olunacaq bütün gəlirin 50 %-ni bu fonda verəcək. ABŞ və Ukrayna fondun idarə olunmasında bərabər səsə sahib olacaqlar.
Yada salaq ki, bu saziş layihəsi Vaşinqtonla Kiyev arasında münasibətlərin gərginləşməsi ilə nəticələnib. Prezident Zelenski ilk günlər Tramp administrasiyasının bu təklifini qəbul etmək istəmirdi, fevralda Ağ Evdə Tramp-Zelenski görüşündə baş verənlərə də bu, səbəb olub. Həmin hadisədən sonra ABŞ Ukraynana təzyiq göstərirdi. Hətta prezident Tramp əks halda, Ukraynaya yardımları tam dayandıracağını bəyan etdi. Təbii ki, bu məqam Kiyevi daha çıxılmaz vəziyyətə sala bilərdi. Onsuz da indi Ukrayna ciddi çətinliklərlə üz-üzədir, istənilən sülh Kiyev üçün itkilər hesabına başa gələcək. Buna görə də hakimiyyət Vaşinqtonla bu sazişi imzaladı. Ukraynada anlayırlar ki, ABŞ-ın iştirakçılığı onların var olmasıdır.
Prezident Donald Tramp sazişlə bağlı danışarkən deyib ki, Kiyev və Vaşinqton arasında bağlanmış Ukrayna mineral sövdələşməsi sazişi ABŞ-a üç ildən artıqdır Ukraynanı dəstəkləmək üçün xərclədiyi milyardları kompensasiya etməyə kömək edəcək. Eyni zamanda, ABŞ bu yardım üçün xərclənən 350 milyard dollardan da çox gəlir əldə edəcək. Onun sözlərinə görə, bunu etməyinin səbəbi odur ki, Avropanın 100 milyard dollar sərmayə qoyduğu halda, Birləşmiş Ştatlar 350 milyard dollar və ya buna yaxın pul xərcləyib: "Keçmiş prezident Bayden onlara 350 milyard dollar pul və hərbi texnika verib və heç nə almamışıq. Avropa pulunu geri qaytaracaq. Baxmayaraq ki, bu, daha az məbləğdir, biz isə heç nə almayacaqdıq. Ona görə də onların (ukraynalıların - red.) yanına gedib dedim: "Qulaq asın, biz nadir torpaq metalları alacağıq". Onların başqa yerlərdə olmayan bir çox gözəl nadir torpaq metalları var, bu, böyük bir sərvətdir".
Yeraltı sərvətlərə dair saziş 57 faydalı qazıntını əhatə edir. Sənəd yeraltı sərvətlərin işlənilməsi, faydalı qazıntıların satışı, habelə Amerika yardımı, o cümlədən Ukraynanın gələcəkdə alacağı hərbi yardım sahəsində hökumətlər arasında əməkdaşlığın siyasi parametrlərini müəyyən edir.
Tramp əlavə edib ki, Ukrayna da müharibəyə son qoymaq istəyir, çünki "orada hər həftə orta hesabla 5000 gənc əsgər ölür - ruslar və ukraynalılar. Onlar amerikalı deyillər, amma insanlardır və bu, çox üzücüdür".
Bu arada Britaniya mediası ABŞ-ın Ukraynaya yardım üçün xərclədiyi ümumi məbləğin Donald Trampın bəhs etdiyi 350 milyard dollardan çox az olduğunu yazıb.
Ukraynanın iqtisadiyyat naziri isə bildirib ki, fond "50/50" prinsipi əsasında yaradılıb, bu, onun birgə idarə olunmasında Kiyev və Vaşinqtonun bərabər payları deməkdir. Tərəflərdən heç biri dominant səsə malik olmayacaq və bu, Ukrayna ilə ABŞ arasında bərabərhüquqlu tərəfdaşlığı əks etdirəcək. Bundan əlavə, Ukrayna-Amerika fondunun fəaliyyətinin ilk 10 ilində onun gəlirləri yalnız yeni layihələrə və ya Ukraynanın yenidən qurulmasına yatırılacaq.
ABŞ ordusunun istefada olan polkovnik-leytenantı, politoloq Erl Rasmussen tərəflərin yataqları birgə işlədəcəyinə və gəlirləri bərabər şəkildə bölüşdürəcəklərinə diqqət çəkərək deyib ki, sənəddə bu prosesdə konkret kimin iştirak edəcəyi barədə təfərrüatlar yoxdur: "Mən güman edirəm ki, bu, Ukrayna və Amerika şirkətlərinin birləşməsindən ibarət olacaq. Onu vurğulamaq olar ki, Rusiya ilə əməkdaşlıq etmiş şirkətlər tenderlərdə iştirak edə bilməyəcəklər".
Rasmussen, həmçinin qeyd edib ki, sazişin bağlanması ABŞ-ın Ukrayna iqtisadiyyatının bu sektorunda təsirinin artmasına gətirib çıxaracaq: "Digər vacib məqam faydalı qazıntıların harada yerləşməsi ilə bağlıdır. Onların əhəmiyyətli bir hissəsi hazırda Rusiyanın işğal etdiyi ərazilərdə yerləşir. Deməli, bu zona mahiyyətcə əlçatmazdır".
Yeri gəlmişkən, ABŞ Dövlət katibi Marko Rubio Kiyevlə Vaşinqton arasında təbii sərvətlərə dair sazişin imzalanmasını "müharibənin dayandırılması istiqamətində atılan addım" adlandırıb. O, ABŞ və Ukraynanın Yenidənqurma İnvestisiya Fondu haqqında müqaviləni Amerika rəhbərliyinin və şəxsən prezident Donald Trampın sayəsində imzaladıqlarını vurğulayıb.
Donald Tramp hələ prezidentliyə namizəd olan zaman Rusiya ilə Ukrayna arasında münaqişənin mümkün qədər tez həll etmək niyyətində olduğunu bəyan etmişdi və danışıqların "bir neçə günə" başa çatdırıla biləcəyini demişdi. Trampın Ağ Evə qayıtmasının 100 günü tamam oldu, hazırda sülh səylərində inkişaf nəzərə çarpmır.
Ukraynanın faktiki olaraq NATO-ya üzvlük istəklərindən əl çəkməsinə, status-kvonu təkcə formal deyil, həm də kağız üzərində qəbul etməsinə, Krımın itirilməsi ilə razılaşmasına dair şərtlərin gündəmdə olduğuna dair məlumatlar tirajlanır. Görünən odur ki, sülh Ukrayna üçün çox baha başa gələcək. Hətta mənbələr Ukrayna ilə ABŞ arasında son anda yeraltı sərvətlər üzrə sazişlə bağlı fikir ayrılıqlarının yarandığını və onun imzalanmasının uğursuzluğa düçar ola biləcəyini yazmışdılar.
Bununla belə, Ukrayna sazişi imzalamaqla bir addım atdı.
Ukraynada sazişlə bağlı fikirlər birmənalı deyil. Məsələn, Ali Radanın deputatı Yaroslav Jeleznyak bəyan edib ki, imzalanmış variantı fevralın 28-də Ağ Evdə keçirilən görüşdə Vladimir Zelenskinin imzalamağı təklif etdiyi variantdan daha pisdir: "Fevralın 28-də Oval kabinetdəki həmin görüşdən əvvəl sözün əsl mənasında masanın üstündə olan versiya daha yaxşı idi... Hazırkı versiya xəyanət deyil, amma mən burada böyük qələbə görmürəm".
Sazişin heç bir təhlükəsizlik zəmanəti olmadan imzalanması tənqid olunur.
Bir sıra ekspertlər isə hesab edirlər ki, Vaşinqton üçün fondla bağlı saziş eyni anda bir neçə problemi həll edir: o, uzun sürən münaqişə kontekstində Ukraynaya dəstəyi nümayiş etdirir, Amerika şirkətlərinə perspektivli depozitlərə çıxış imkanı verir və Ukraynanı "tərk etmək" niyyətində ittiham olunan Trampa qarşı tənqidləri azaltmağa kömək edir.
Ukraynalı politoloq İqor Çalenko isə hesab edir ki, ABŞ-la imzalanmış saziş göstərdi ki, Ukrayna danışıqlar aparan etibarlı tərəfdaşdır: "Bu, bizə ABŞ-ın nöqteyi-nəzərini dəyişməyə kömək edəcək. Əgər ABŞ apreli qaçırmasaydı, mən hesab edirəm ki, nəticə daha yaxın olacaqdı. Lakin Putin düşünür ki, yay kampaniyası keçirib öz mövqeyini gücləndirə bilər".
Onun sözlərinə görə, ABŞ və Aİ-dən Rusiya Federasiyasına qarşı sanksiyaları gücləndirmək üçün sinxron siqnallar var - bu, ritorikada dəyişiklikdir, onu qeydə almaq lazımdır: "Ancaq bu, kifayət deyil və ukraynalılar bunu başa düşürlər".
Çalenkonun sözlərinə görə, ABŞ tərəfindən mövqe dəyişikliyi tamamilə mümkündür və qəti olaraq radikal dəyişikliklər gözləmək olmaz.



