|
|
|
|

Türkiyənin Siirt şəhərində 5-ci mərtəbədən yıxılan azyaşlı möcüzəvi şəkildə sağ qalıb.
525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 1,5 yaşındakı Rabia Asel Dolas 5-ci mərtəbədəki evlərinin eyvanında oynayarkən müvazinətini itirərək aşağı yıxılıb. Azyaşlı küçədə dayanmış avtomobilin ön şüşəsinin üzərinə düşüb.
Dərhal xəstəxanaya qaldırılan Rabia Asel Dolasın ciddi xəsarət almadığı məlum olub. Şüşə bir qədər onun üzünü və qolunu kəsib. Hazırda azyaşlının müalicəsi uşaq cərrahiyyəsi şöbəsində davam edir.
Körpənin atası Naim Dolas övladının möcüzə nəticəsində sağ qaldığını bildirib. O qeyd edib ki, hadisədən xəbər tutduqdan sonra dərhal xəstəxanaya gəlib: “Mən xəstəxanaya çatanda övladım yaxşı idi. Maşın təsadüfən eyvanın altında dayanmışdı. Avtomobil o an orada olmasaydı... Allaha çox şükür ki, övladım möcüzə sayəsində salamatdır”.
Uşaq Cərrahiyyəsi Mütəxəssisi Dr.Gizem Bolova uşağın həyatı üçün təhlükə olmadığını açıqlayıb. Azyaşlının avtomobilin üzərinə təsadüfən yıxıldığını vurğulayan Bolova hazırda heç bir problem olmadığını söyləyib: “Ciddi orqan zədələnməsi və ya qanaxma yoxdur. 5 gün xəstəxanada müşahidə altında qalacaq. Başqa problem olmasa, evə buraxacağıq”.
İbrahim Cəfərov



