Polşada terror aktları, o cümlədən məktəbə hücum planlaşdırmaqda şübhəli bilinən 19 yaşlı gənc saxlanılıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Polşa Daxili İşlər Nazirliyinin mətbuat katibi Yaçek Dobrzinski bildirib.
O qeyd edib ki, aprel ayında terror aktı hazırlamaqda şübhəli bilinən 19 yaşlı iki gəncə daha bir əlavə edilib.
Dobrzinskinin sözlərinə görə, saxlanılan şəxslər internetdə odlu silahdan istifadə, atəş mövqeləri, açıq və qapalı ərazilərdə döyüş fəaliyyəti ilə bağlı məlumatlar toplayıblar. Şübhəlilərin təlim məqsədi ilə atış poliqonlarında məşq etdiklərinin müəyyən edildiyini söyləyən Yaçek Dobrzinski, bu şəxslərin partlayıcı qurğuların necə hazırlanması ilə bağlı təlimat topladıqlarını da əlavə edib.
“Şübhəlilərin ilham qaynaqları arasında Anders Breyvik, Brenton Tarrant və Timoti MkVeiq kimi qatillər var. Onların bu şəxslərin ideologiyalarından təsirləndikləri və həyata keçirdikləri hücumları və buraxdıqları səhvləri təhlil etdikləri məlum olub”, - deyə Daxili İşlər Nazirliyinin mətbuat katibi vurğulayıb.
İbrahim Cəfərov