|
|
|
|
Marina Svetayeva (1892-1941)
Nə yaxşı mübtəla deyilsiz mənə...
Nə yaxşı mübtəla deyilsiz mənə,
Nə yaxşı mübtəla deyiləm sizə,
Rahat güvənirik yer kürəsinə,
Qaçmır, dayaq tutur qədəmimizə.
Xoşdur yüngülməcaz, gülməli olum,
Xoşdur uzaq durum söz oyunundan.
Xoşdur dəycək sizə yüngülcə qolum
Qəfil allanmıram həyəcanımdan.
Nə yaxşı sakitcə lap yanımdaca
Qucaq açırsınız başqa birinə.
Busəsiz qoyuram sizi, yanacam
Cəhənnəm odunda - demirsiz mənə.
Salmırsız adımı ürəyinizə,
Sakit ahənginiz əbəs pozulmaz.
Bir kilsə hüzuru içində bizə
Heç vaxt "Alliluya!" oxuyan olmaz.
Şükranam ürəkdən sizə, beləcə
Sevirsiniz çünki məni duymadan:
Bax rahat yatıram deyə gecələr,
Seyrək görüşlərə artıq uymadan.
Salmamış ay nuru bizi çətinə,
Çıxan günəşin də dəxli yox bizə.
Eh, siz də mübtəla deyilsiz mənə.
Eh, mən də mübtəla deyiləm Sizə.
Cüt günəş soyuyur
Cüt günəş soyuyur, ya rəbb, aləmdə -
Biri göy üzündə, biri sinəmdə.
Necə də od qoymuş bir zaman mənə,
Eyləmiş naqəfil məni divanə!
Cütü də soyuyur - ağrısız gerçək!
Odu çox olanı ilkin sönəcək.
Nikolay Zabolotskiy (1903-1958)
Etiraf
Çox öpüldün, ovsunlandın dəmbədəm,
Nikahdaydın bir yel ilə nə vaxtsa
Kimsəsiz çöllükdə, zəncirli sənəm,
Dəyərlim, qadınım, qanunum-yasam.
Bilmirəm sən mənə sevincsən, ya qəm,
Qaranlıq səmadan enən ulduzum.
Nişan törənimdə oxunan nəğməm,
Nəğməmlə odlanan, sönən ulduzum.
Səcdənə əyilləm, dizlərin üstə
Alın qırışlarım şeir sətirlər.
Sən məndən yandıran göz yaşı istə
Ağrı-acıların bəlkə sərinlər.
Aç mənə hilallı üzünü birdən,
İtim bu gözlərin qaranlığında,
Şərqvari, əfsunlu bu kipriklərdə,
Yarılüt əlllərin yalınlığında.
Nə artsa azalan deyil, nə danım.
Nə də alınmasa - tale yox sanar.
Nədən bu göz yaşı, gözəl qadınım?
Bəlkə xəyalımdır təkcə islanan?
Sonuncu lalələr yerdən üzülür
Sonuncu lalələr yerdən üzülür,
Qopur durnalardan son qaqqıltılar.
Kefsizdir təbiət, o da üzülür,
Qapsamış ətrafı nəhs qaraltılar.
Kimsəsiz, lütlənən xiyaban boyu
Xışıldada-xışıldada xəzəli
Papaqsız gəzirsən, hava soyuyub,
Bax səni vurmasın sərt payız yeli.
Gözdən iraq düşmüş bitki həyatı
Qərib budaqların qırıntısında.
De, sənə nə olmuş, bu nə bayatı
Səslənir qəlbinin çırpıntısında?
Bu qəlb dilbərini de axı nədən
Buraxdın dolansın fani dünyanı,
Ölsün qəriblikdə səssiz, qəfildən,
Olmasın yanında onu duyanı!?
Nə qəm, qoysalar da səni çətində,
Qalsan da qaranlıq yolda piyada.
Bil ki, öz qəlbinə xəyanətindən
Kədərli xəyanət yoxdur dünyada.
Bulat Okucava (1924-1997)
Atlar hürküşüb qaçır
Atlar hürküşüb qaçır,
top səsi qulaq deşir.
qəlb yaxır tank atəşi...
Xırmanda dar ağacı...
Savaş illüstrasiyası.
Mən ölməm, əlbət, ölməm:
yaramı sarıyarsan,
sözlə tumarlayarsan.
Səhərətən bir aləm...
Xeyir illüstrasiyası.
Bu, qan-qada dünyası.
Çatmışıq son sahilə.
Öndədir hər şey hələ -
təki qırılmayasan...
Sevgi illüstrasiyası.
Nikolay Dobronravov (1928-2023)
Necə də gənc idik
(mahnı: bəstəsi A.Paxmutovanın)
Yolçu, ayaq saxla, bax bu mən yada,
Necə də tanışdır o saf baxışın…
Mənəm baxan bəlkə, gəncəm, çox adam
Tanımır özünü artdıqca yaşı.
Nəqərat:
Hər şey öz izində ölümsüz yaşar,
Gənclik də əbədi ömrə qovuşar.
Necə də gənc idik, necə gənc, aman,
Necə də sevirdik ürəkdən, candan,
Necə inanırdıq biz özümüzə…
Oynadıq, qurtardı birinci hissə,
Həyat özü verdi bizə dərsini:
Sən çalış özünü itirməyəsən,
Yoxsa itirərlər həyatda səni.
Nəqərat.
Kainat, kəhkəşan qorxulu deyil,
Bizimçün parlayır ulduzlar əlbət!
Bir dəfə yaşamaq - bu gözəlliyi
Yaşaya bilmək də alayı nemət.
Nəqərat.
Yağdırıb gül-çiçək yağışlarını
Bizi sevgilərsiz alqışlamazdı
Dostlar, bağışlardıq yanlışlarını,
Təkcə xəyanəti bağışlamazdıq.
Nəqərat.
Yox olur göylərdə fişəng izləri,
Səngiyir qəlblərdə qasırğa, tufan.
O doğma gözləri, məhrəm üzləri
Unuda bilmərik heç vaxt, heç zaman.
Robert Rojdetstvenskiy (1932-1994)
Əski sözlər
(mahnı: bəstəsi Oskar Feltsmanın)
Bu uç söz-üç alov gəlir üstünə
günün gündüz çağı yaxılır sənə.
Hərdənsə gecələr gəlir, hərəsi
Başını fırladan bir Yer kürəsi.
San qəlbdir açılır yelkən gəmiyə
Üç sözlə: "mən səni sevirəm" deyə.
Dillənir bu əski sözlər ney kimi.
Sərxoşam, başıma vurur mey kimi.
Bu üç söz əbədi bahar müjdəsi
Nəğməli yelindən könüllər əsir.
Üç söz bir taledir, bir yol, bir arzu
Səni çaşdırantək böylə bir yozum
Vəcdlə dualanıb qüdsal üçlüyə
Coşursan "mən səni sevirəm" deyə.
Dillənir o əski sözlər ney kimi.
Sərxoşam, başıma vurur mey kimi.
Üç söz dan yerini çatdırır kama,
Ucadan desənə nur saçsın səma.
İlk dəfə duymağın deyil boşuna
Nəymiş həmin sözlər, gəlmiş başına.
Yol gəlir uzaqdan, uçur min illər
Uzunu, qibləsi titrək könüllər.
Dillənir o əski sözlər ney kimi,
Sərxoşam, başıma vurur mey kimi.
Boris Rıjiy (1974-2001)
Məndən aralanma gecə yarıda
Məndən aralanma gecə yarıda
bir ulduz zülməti dəlib yaranda,
vaxta ki, könlümə tuş gələn hər şey
əladan əladır evdə, bayırda.
Nədənsiz, niyəsiz, səbəbsiz elə,
heç nə düşünmədən, lap elə-belə,
vaxta ki, ağrıdım, tək burax məni,
uzaqlaş biryolluq, çıx get, tərk elə.
Qoy göylər kimsəsiz qalsın o zaman,
qaralsın ağaclar qoy orman-orman,
qoy yumum gözümü dəhşət içində
dalarkən yuxuya burda nagahan.
San kino görürəm, ölüm mələyi
badəmə gah zəhər qatıb iç deyir,
gah da qarışdırıb kart tək ömrümü
atır qabağıma xaç səkkizliyi.
Sən də bir kənarda meşəgilası -
ağar pəncərəmdə, ağart bu yazı,
əlin çatmasa da uzat əlini
gülərək, ömrümün şirin bəlası.
Əlimlə güzgüyə çəkirəm sığal
Əlimlə güzgüyə çəkirəm sığal,
görürəm arxamdan boylanır payız.
Xoşbətlik xoşbəxtlik gətirmir, bihal
olmuşam, dincliyim indi rahatsız.
Yarpaqlar havalı, fırlanır dəm-dəm,
yıxır yaxasını torpaq üstünə.
Nə xeyri, boşuna sözlər gəzirəm
böylə bir qüssənin təntənəsinə.
Əyyaş zəvzək üçün bitmiş nəhayət
fleytadan yayılan bir yay havası.
İçkidən ayılan şairə nisbət
indi səssizlikdir çalınan yazı.
Güzgüyə bir az da yaxın gələrək
örtürəm qüssəmi cismimlə birdən.
Fəqət bu andaca qalxır bir külək
qaldırır arxamda aləmi yerdən.
Yox olur şairin sifəti bu dəm,
açır ağuşunu güzgü bir bağa.
Yarpaqlar millənib göyə yenidən,
fırlana-fırlana qonur torpağa.
Tərcümələr Nəriman Qasımoğlunundur.